ATƏT: "Seçkilər cəmiyyətdəki siyasi böhran və qütbləşmə fonunda sakit keçib"
Son açıqlanan nəticələrə görə, Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin qalibi hakim “Gürcü Arzusu” Partiyası olub.
Oktyabrın 3-də Gürcüstanda bələdiyyə seçkiləri keçirilib.
Seçkiyə 48 partiya qatılıb.
Müxalifət seçkilərin saxtalaşdırıldığını iddia edir.
Müstəqil müşahidəçilər isə bildirir ki, seçki yaxşı təşkil olunub, ancaq pozuntular da olub.
“Seçicilərə təzyiq olub”
“Gürcüstanda yerli seçkilər cəmiyyətdəki siyasi böhran və qütbləşmə fonunda sakit keçib”, – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Albert Conson belə deyib.
"Namizədlər ittihamlar və təhdidlər fonunda rəqabət mühitində iştirak edə bilib", – Conson qeyd edib.
O, seçki məntəqələrində bəzi xoşagəlməz halların olduğunu da söyləyib.
ATƏT namizədlərin “rəqabətli mühitdə azad kampaniya apara bildiyini”, proseslə bağlı “genişmiqyaslı və davamlı qorxutma, seçicilərin satın alınması, namizədlərə və seçicilərə təzyiq iddiaları” olduğunu da bildirib.
ABŞ-ın Tbilisidəki səfirliyi Gürcüstan xalqını seçici fəallığının yüksək olması münasibətilə təbrik edib, yerli məsələlərə diqqət ayrılmamasını “itirilmiş fürsət” adlandırıb.
Gürcüstan Daxili İşlər Nazirliyi də seçki günü açılmış 16 cinayət işinin araşdırıldığı barədə məlumat yayıb.
Ən çox səs topayan partiyalar
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq 3 min 700-dən çox seçki məntəqəsi üzrə nəticələr hesablanıb. Həmin nəticələrə görə, “Gürcü Arzusu” Partiyası 46.7 faiz səs toplayıb.
Əsas müxalifət partiyası olan “Birləşmiş Milli Hərəkat” (BMH) isə 30.7 faiz səs yığıb.
“Gürcüstan Üçün” Partiyası isə 7.8 faiz səslə üçüncü yerdə qərarlaşıb.
Qalibsiz şəhərlər də olub
Bəzi şəhərlərdə hər hansı namizəd qəti qələbə qazana bilməyib.
Onlardan üçü Gürcüstanın böyük şəhərləri olan – Tbilisi, Batumi, Kutaisidir. Eyni zamanda, Poti və Rustavidə də heç bir namizəd qəti qələbə çalmayıb. Odur ki, seçkinin ikinci turunun keçiriləcəyi bildirilir.
Saakaşvilinin seçki çağırışı
Gürcüstanın keçmiş, sayca 3-cü prezidenti Mixeil Saakaşvili dəfələrlə özünün sosial şəbəkə hesablarından xalqı seçkilərdə fəal iştiraka səsləyib. Hətta o, buna görə seçki günü Gürcüstana gələcəyini də seçkiyə qatılacağını da vəd etmişdi. Seçkilərdən bir gün öncə Gürcüstana döndü.
“Facebook” hesabında canlı yayım açan Saakaşvili Batumidə olduğunu və seçkidə gürcü xalqının yanında olmaq üçün gəldiyini bildirirdi.
Gürcüstan hökuməti əvvəlcə onun ölkəyə giriş etmədiyini bildirsə də, bir müddət sonra Tbilisidə saxlanıldığını açıqladı.
Mixeil Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın Prezidenti olub.
O, uzun illər idi ki, Ukraynada yaşayırdı.
İndiki hakimiyyət onu prezident vəzifəsindəykən hakimiyyətdən sui-istifadədə və parlamentin müxalif üzvünün döyülməsilə bağlı dəlili ört-basdır etmək cəhdində təqsirləndirir.
Saakaşvili ittihamları siyasi motivli sayır və rədd edir.
Keçmiş prezident ölkəyə gəlişini elan edəndə hazırki Baş nazir İrakli Qaribaşvili ölkəyə gələcəksə, həbs ediləcəyini bildirmişdi.
Elə də oldu, Tbilisidə saxlanan Mixeil Saakaşvili həbs edildi.
İrakli Qaribaşvili onun altı illik həbs cəzasını çəkəndən sonra Ukraynaya qayıda biləcəyini bildirir.
Saakaşvili Ukraynada Odessa regionunun qubernatoru, daha sonra hökumətdə bir neçə aparıcı postda olub.
Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilinin qaytarılması üçün şəxsən çalışdığını açıqlayıb.