Qərb hökuməti saxtakarlıqları araşdırmağa çağırır, Rusiya və Azərbaycan dəstəkləyir
Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri Prezident Salome Zurabişvili ilə Baş nazir İrakli Kobaxidze arasında qarşıdurma yaradıb.
Prezident dünən mətbuat konfransında oktyabrın 28-də günün ikinci yarısında vətəndaşları seçki saxtakarlığına etiraza çağırıb.
Salome Zurabişvili hesab edir ki, bu seçkilərin tanınması “Rusiyanın gəlişi və Gürcüstanın tabe olması” deməkdir:
“Mən ölkəyə bunun üçün gəlməmişəm. Atalarımız bunun üçün yaşamayıb və biz də bunu qəbul etməyəcəyik. Heç kim Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməz”.
Qeyd olunur ki, Prezident bu bəyanatı əsas müxalifət partiyaları ilə məsləhətləşmələrdən sonra səsləndirib.
Həmçinin Gürcüstanın dördüncü Prezidenti Giorgi Marqvelaşvili də seçkilərin saxtalaşdırıldığını, amma onun üçün bunun gözlənilməz olmadığını deyib.
Bundan əlavə 4 siyasi partiya parlamentdə iştirakdan imtina bəyanatı yayıblar.
“Mövcud situasiya, rusiyameyillilərin seçkidə qalib gəlməsi və müxalifətin seçkini tanımaması region üçün nə vəd edir?” sualını aktuallaşdırır. Çünki Kremldən və Avropa paytaxtlarından səslənən bəyanatlar region uğrunda “soyuq savaş”ın başlanması barədə fikirləri gündəmə gətirir.
Rusiya XİN-dən Gürcüstan Prezidentinə suallar…
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova Prezident Salome Zurabişviliyə sual ünvanlayıb.
Bu barədə Mariya Zaxarova “Telegram” kanalında yazıb:
“Zurabişviliyə bir sualım var: Gürcüstanın gələcəyi həqiqətənmi Avropadan asılıdır?”Fransa vətəndaşına xatırladım ki, Gürcüstan Fransadan daha qədimdir”, – Zaxarova “Telegram” kanalında yazıb.
“Vaşinqton “Avropanın gələcəyini” Avropa İttifaqından yenicə alıb, onu sabit resurs təchizatından məhrum edib, iqtisadiyyatı çökdürüb və biznes liderlərini öz tərəfinə çəkib, ondan əvvəl isə onu Amerikanın oyunlarına görə Yaxın Şərq və Şimali Afrikadan Avropaya axışıb gələn milyonlarla qeyri-leqal miqrantlarla doldurub. Ona görə də Avropa İttifaqının başqasına “Avropa gələcəyini” bəxş edə biləcəyinə inanmaq sadəcə axmaqlıqdır”, – deyə Zaxarova vurğulayıb.
Rusiyanın ifrat sağçıları da “Gürcü Arzusu”nu dəstəkləyir
“OC Media” yazır ki, Rusiyanın ifrat sağçı təşkilatı da “Gürcü Arzusu”nu dəstəklədiyini bildirir.
İfrat sağçı qrupu olan “Russkaya Obshchina” rusiyalı liberalları və keçmiş Prezident Mixail Saakaşvilinin tərəfdarlarını rusların və gürcülərin ölümünü istəyən “qeyri-insan” olmaqda ittiham edib.
Azərbaycan hökuməti də “Gürcü Arzusu”na dəstək verib…
Oxşar açıqlama Azərbaycandan da səslənib.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli “report”a deyib ki, yerli azərbaycanlılar Gürcüstanda keçirilmiş parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyasının qələbəsində böyük pay sahibi olub:
“Bu da Gürcüstan hökumətinin gələcəkdə onların sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələlərdə daha diqqətli olmasını tələb edir. Gürcüstan xalqı sabitliyə, əmin-amanlığa, milli-mənəvi dəyərlərin qorunmasının davam etdirilməsinə səs verdi, dəyərlərə zidd təbliğatı qəbul etməməklə öz səslərini suveren, müstəqil, Gürcüstan siyasətinin davamına verdilər”.
Həmçinin son vaxtlar SOCAR-ın Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində bir sıra sosial layihələr həyata keçirməsi “Gürcü Arzusu”na səs qazandırmaq məqsədi daşıyırdı.
Avropa İttifaqı seçki pozuntularını araşdırmağa çağırıb
Avropa İttifaqının xarici əlaqələr üzrə ali komissarı Cozep Borrel (Josep Borrell) Gürcüstan səlahiyyətlilərini “seçki pozuntularını” araşdırmağa çağırır.
Avropa Komissiyası və onun vitse-prezidenti Cosep Borrel birgə bəyanat yayaraq, Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və “digər aidiyyəti orqanları” “seçki pozuntularını və bununla bağlı iddiaları tez, şəffaf və müstəqil şəkildə araşdırmaq və mühakimə etmək öhdəliyini yerinə yetirməyə” dəvət edib.
ABŞ senatoru seçkiləri “məyusedici” adlandırıb
ABŞ senatoru Ben Cardin Avropalı müşahidəçilərin hesabatlarını “narahatedici” və “məyusedici” adlandırıb.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Ben Cardin rəsmi Tbilisini beynəlxalq və yerli müşahidəçilərin hesabatlarını dinləməyə çağırıb:
“Bu hesabatlarda Gürcüstanda seçki günü zorakılıq, hədə-qorxu, akkreditə olunmuş müşahidəçilərin seçki məntəqələrindən kənarlaşdırılması və prosedurların qeyri-ardıcıl tətbiqi ilə yadda qalıb”.
O əlavə edib ki, seçkidən sonrakı mühiti “yaxından izləməyə” davam edəcək və ABŞ-Gürcüstan münasibətlərində müvafiq cavabı müəyyən etmək üçün Bayden-Harris administrasiyası ilə işləyəcək.
ABŞ dövlət katibi Entoni Blinken Gürcüstanın siyasi liderlərini “qanunun aliliyinə hörmət etməyə” və Gürcüstanı “Avroatlantik gələcəyinə” doğru irəliləməyə çağırıb.
E.Blinken bildirib ki, şənbə günü seçici fəallığı “Gürcüstan xalqının demokratiyanı qucaqladığını” nümayiş etdirir.
O, beynəlxalq və yerli müşahidəçilərin seçki gününün “ümumiyyətlə yaxşı idarə olunduğu” ilə razılaşdıqlarını, lakin “seçkilərlə bağlı pozuntularla bağlı bütün məlumatların tam araşdırılmasını” tələb etdiyini vurğulayıb.
Şərqi Avropa ölkələri Prezident Zurabişvili ilə tam həmrəydirlər
Şərqi Avropa ölkələrinin liderlərinin son bəyanatı seçkilərdən narazılığı göstərir. Latviya Prezidenti Edqars Rinkeviçs Gürcüstan xalqı və Prezident Zurabişvili ilə tam həmrəy olduğunu bildirib:
Litvanın Xarici İşlər Nazirliyi isə: “Bu seçkiləri azad və ədalətli kimi tanımaq çətindir”, – deyə bəyanat verib:
“Görünməmiş sayda insidentlər və sistematik pozuntular kontekstində Litvanın bu seçkiləri “azad və ədalətli” kimi tanımaqda çətinlik çəkdiyini bəyan edib”.
Çexiya Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətini demokratik dəyərlərə hörmət etməyə və Gürcüstanın Avropa istiqamətini təhdid edən hərəkətlərdən dönməyə çağırıb.
Polşanın xarici işlər naziri Radek Sikorski Gürcüstan Prezidenti Salome Zurabişvilinin seçkilərin “tamamilə saxtalaşdırıldığını” elan etməsindən sonra Avropanı “gürcü xalqının yanında olmağa” çağırıb.
Polşalı deputatlar Bolnisidə çoxsaylı seçki pozuntularını qeyd ediblər.
Polşa parlamentinin Gürcüstandakı müşahidə missiyasının üzvləri Tbilisi və Bolnisidəki seçki məntəqələrində apardıqları müşahidələr əsasında seçkilərin gedişini qiymətləndirdikləri barədə “OC Media”ya açıqlama veriblər:
“Bolnisi bölgəsindəki seçki məntəqələrinin hər birində – həm daxildə, həm də xaricdə – hakim partiyanın koordinatoru var idi ki, o, onların rolunun seçkilərin koordinasiyasını həyata keçirmək olduğunu qətiyyən gizlətmirdi. Bizdə foto sənədlərimiz var ki, bu koordinatorlar konkret adamlar tərəfindən müəyyən vaxtda seçki məntəqəsinə gətiriləcək şəxslərin siyahılarını tərtib ediblər”.
“Biz seçki prosesinin demokratik xarakterindən və seçkilərin nəticələrinin Gürcüstan cəmiyyətinin iradəsini tam əks etdirmədiyinə dair geniş narahatlığımızı bildiririk”, – deyə polşalı deputat Marek Rzasa bildirib.
Norveç: “Seçki prosesinin bütövlüyü ilə bağlı qeyri-müəyyənliklər etimadı sarsıdır”
Norveçin Xarici İşlər Naziri Espen Barth Eide ATƏT/DTİHB-nin “çoxsaylı qanun pozuntuları, seçicilərə təzyiq, hədə-qorxu və qeyri-bərabər oyun şəraitini” sənədləşdirən seçki hesabatından “narahat olduğunu” bildirib:
“Seçki prosesinin bütövlüyü ilə bağlı qeyri-müəyyənliklər etimadı sarsıdır və aradan qaldırılmalıdır”.
İsveçin Xarici İşlər Naziri Maria Stenergard də ATƏT/DTİHB və digər müşahidəçilərin Gürcüstandakı seçkilərdə bildirdiyi pozuntulardan “ciddi narahat olduğunu” yazıb və Gürcüstan hakimiyyətini “bu narahatlıqları etibarlı şəkildə həll etməyə” çağırıb.
Toğrul İsmayıl: “Siyasi qarışıqlıq olacaq”
Sadalanan bəyanatları Meydan TV-yə şərh edən professor, beynəlxalq şərhçi Toğrul İsmayıl hesab edir ki, son çıxışlar Gürcüstana qarışıqlıq vəd edir:
“Çünki hazırda müxalifət deyil, Prezident də etiraz edirsə, deməli, siyasi qarışıqlıq olacağını göstərir“.
Amma Toğrul İsmayıl hakimiyyətdə olanları tam şəkildə rusiyameylli hesab etmir:
“Belə desək, daha doğru olar: hakimiyyətin arxasında Rusiya daha fəaldır, müxalifət güclərinin arxasında isə Qərb. Çünki Gürcüstanın ərazilərinin bir hissəsi Rusiyanın işğalındadırsa, hakimiyyətin rusiyameylli olduğunu söyləmək çətindir və gürcülərin özləri də bunu qəbul etmir“.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə seçkilərin hələ araşdırmaya ehtiyacı olduğunu hesab edir:
“Avropa Şurası və ABŞ tərəfindən səsləndirilən bəyanatlar çox yumşaqdır. Adlarını çəkdiyim tərəflər araşdırma aparılmasını xahiş ediblər. Məncə, müvafiq araşdırmaların nəticəsində Gürcüstanda sabitlik bərpa olunar. Azərbaycanın da istəyi qonşu ölkədə sabitlik və bunun nəticəsində Tbilisinin bir sıra böyük layihələrdə iştirakıdır”.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı bildirib ki, Ukraynadakı müharibə, Moldovada rusiyameylli 5 namizədin toplam 40 faiz səs alması, ikinci turun olacağı, Cənubi Qafqazda isə Azərbaycanın bütövlükdə Moskvanın təsir dairəsinə keçməsi çox çətin durum yaradıb:
“Gürcüstanda isə mürəkkəb situasiya Cənubi Qafqaz üçün heç də yaxşı nəsə vəd etmir. Birincisi, Nikol Paşinyanın hakimiyyətinin vəziyyəti çox pis olacaq. Çünki Gürcüstan Cənubi Qafqazın müasir dünyaya çıxışıdır, əgər bu nəfəslik də bağlanacaqsa, qonşu ölkə avtoritarlaşacaqsa, Rusiyanın müttəfiqinə çevriləcəksə, yaxın perspektivdə Ermənistanda hakimiyyətin dəyişəcəyi təhlükəsi artır. Azərbaycan isə diktaturaya sürətli addımlarla gedir və Ermənistanın yerinə Rusiya üçün forpostuq. Bu baxımdan Azərbaycan üçün demokratiya yaxın perspektivdə sual altındadır. Bütövlükdə Cənubi Qafqaz Avropa dəyərlərinə qapalı olacaq və Moskvanın nəzarətinə keçəcək“.
Qərbin təsir imkanlarına gəlincə, Toğrul İsmayıl düşünür ki, Qərb yalnız Gürcüstanda deyil, Cənubi Qafqazda gücünü artırmağa çalışır, istər ABŞ, istərsə də Avropa Birliyi olsun:
“Məsələ ondadır ki, Gürcüstan uzun illər Qərbin apardığı siyasətin mahiyyətini tədricən anlamağa başlayır. Azərbaycan isə tamamilə Qərbyönümlü siyasətdən uzaqdır. Ermənistan isə hər iki tərəflə, Qərb və Rusiya ilə də oynayır. Qərbin isə regionda marağı var və bunları isə demokratiya, insan hüquqları adı altında edəcək“.
Toğrul İsmayıl deyir ki, hazırda Gürcüstanda Qərblə Rusiya arasında regionla bağlı “soyuq savaş“ yox, rəqabət gedir:
“Çünki hazırda “soyuq savaş“ın göstəriciləri yoxdur. Səbəb də odur ki, Rusiya da, Qərb də bölgədə zəifdir, tam gücləri yoxdur, bir növ balanslaşdırılmış vəziyyətdir. Ona görə indiki mənzərəni rəqabət adlandırsaq, daha doğru olar. Bu rəqabət hansı tərəf gücünü bərqərar edərsə, o zaman bitəcək. Hazırkı vəziyyətdə boşluq olduğundan bölgə ölkələri gedişata diktə edirlər. Biz Türkiyənin də mövqeyini unutmamalıyıq. Çünki Şuşa Bəyannaməsindən sonra Ankara bölgədə gücə çevrildi“.
Asim Mollazadə: “Kolonializm, imperiyalar dövrü artıq bitmək üzrədir”
Asim Mollazadə hesab edir ki, hər bir ölkə öz müstəqilliyinə layiqdir, ya Qərb, ya Rusiya, yaxud hansısa başqa güc heç bir ölkənin müstəqil siyasət aparmasına maneə yaratmamalıdır:
“Kolonializm, imperiyalar dövrü artıq bitmək üzrədir“.
Deputat Rusiya ilə Qərb arasında “soyuq savaş“ görmür:
“Əksinə, hansısa oyunlar daha çox sezilir. Məsələn, Rusiyaya qarşı sanksiyalardan danışılır, amma bir sıra sahələrdə Avropa ölkələrinin, hətta ABŞ-nin ticarəti heç də azalmır. Yəni sözlərlə əməl arasında ciddi fərqlər var“.
Azər Qasımlı: “Qərbin resursu Rusiyanın resursundan qat-qat çoxdur, amma davranış ona uyğun deyil”
Azər Qasımlının dediyinə görə, Qərb əlindəki resurslarla adekvat hərəkət etmir:
“Mən Qərb nə edəcək sualına cavab verə bilmərəm. Amma nə etməlidir sualına gəlincə, birincisi, əlindəki resurslarla adekvat hərəkət etməlidir, mövqeyində dəyərlərinə uyğun davranmalıdır. Əgər seçkilər saxtalaşdırılıbsa, ABŞ Dövlət Departamenti, Avropa Birliyi, Avropa Şurası buna uyğun açıq mövqe ifadə etməlidir. Daha deməməlidir ki, saxtakarlıq elementləri olub, seçki saxtakarlaşdırılıb, bu, birmənalıdır və münasibət də buna uyğun olmalıdır. Hazırda Qərb bütün resursları ilə Gürcüstan demokratiyasının, müxalifətinin yanında olmalıdır. Əgər bunu etməsələr, postsovet məkanı bitdi, yəni Rusiyanın təsir dairəsinə keçmək riski ilə üz-üzə qalacaq“.
“Həm Gürcüstanda, həm də Moldovada insanlar Rusiyanın Ukraynada törətdiklərinə baxıb səs verirdilər. Əlbəttə, hər iki ölkədə Kremlin təsiri şübhəsizdir, hətta Moldovada Rusiyanın müdaxiləsi açıq şəkildə sübut olundu. Bütün bunlara baxmayaraq insanlar Qərbin resursları hesabına adekvat hərəkət etdiyini görmürlər. Halbuki Qərbin resursu Rusiyanın resursundan qat-qat çoxdur, amma davranış ona uyğun deyil“, – deyə Qasımlı əlavə edib.