Müxalifət, Birləşmiş Ştatlar və Avropa Birliyi seçkidə pozuntuların olduğunu deyir
Gürcüstanın 290-dan artıq seçki məntəqəsində bələdiyyə seçkilərinin ikinci turunun nəticələri verilən səslərə görə yenidən hesablanacaq.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən, həmin seçki məntəqələri püşkatma yolu ilə seçiləcək.
Oktyabrın 30-da Gürcüstanın 64 bələdiyyəsindən 20-də mer seçkilərinin ikinci turu keçirilib.
MSK-nın açıqladığı ilkin nəticələrə görə, bu bələdiyyələrin 19-da “Gürcü arzusu”nun namizədləri, bir yerdə isə “Milli Hərəkat”ın namizədi Tsalenjixada qalib gəlib. Hakim partiyanın qalib gəldiyi 19 bələdiyyəyə beş böyük şəhər də daxildir.
292 məntəqədə videoçəkiliş aparılmayıb
MSK bildirir ki, ikinci turda yalnız 292 seçki məntəqəsində videoçəkiliş aparılmayıb.
MSK üzvü İvane Norakidzenin sözlərinə görə, bəzi seçki məntəqələrində səslərin yenidən hesablanması proseduru və video-çəkilişlər prosesin daha şəffaf olmasına töhfə verir. Odur ki, MSK noyabrın 2-də səslərin sayılması və hesablanması prosedurunun başlanması üçün dairə seçki komissiyalarına müraciət edib.
Qanunla Gürcüstan seçki qanunvericiliyinə əsasən, seçicilərin sayı 300-dən çox olan bütün seçki məntəqələrində ikinci turda səslərin hesablanması prosesi video-lentə alınıb.
MSK bildirib ki, Gürcüstanda belə 1457 seçki məntəqəsi var. Həmin məntəqələrin video-görüntüləri MSK-nın rəsmi saytında dərc olunub.
“Gürcü Arzusu”na qarşı koalisiya hökuməti üçün birləşmiş müxalifət seçkinin nəticələrini tanımır və etiraz aksiyaları keçirir.
Müxalifət etiraza səsləyir
Vahid Milli Hərəkat Partiyasının lideri Nika Melia Rustavi həbsxanası qarşısında partiya yoldaşı, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinqlər elan edib.
O, bu barədə “Facebook” səhifəsində yazıb.
“Gürcüstan etiraz aksiyasına başlayacaq! Sabah saat 17:00-da Batumidə (Acariyanın Hökumət Evinin yaxınlığında) etiraz aksiyası başlayacaq. Saat 18:00-da isə Rustavi qalasında toplanacağıq. Görüş daimi olacaq və məqsədə çatanadək bitməyəcək”, – Melia yazır.
Nə baş vermişdi?
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili oktyabrın 1-də Gürcüstanda həbs edilib.
O, həmin gündən həbsxanada aclıq aksiyasına başlayıb. Noyabrın 1-də Saakaşvilinin aclıq aksiyasının 32-cu günü tamam olub. O, “Facebook“da 20 kiloya yaxın çəki itirdiyini yazıb. Həkimlər və vəkillər vəziyyətinin pisləşdiyini bildirir.
Gürcüstan Ədliyyə Nazirliyindən verilən məlumata görə, onun səhhəti çox pisləşərsə, xəstəxanaya yerləşdiriləcək.
Onun Penitensiar Xidmətin nəzdində fəaliyyət göstərən 18-ci tibb müəssisəsinə köçürüləcəyi güman edilir. Çünki Gürcüstanın baş naziri Qaribaşvili deyib ki, Saakaşvili özəl klinikaya köçürülməyəcək.
18-ci tibb müəssisəsi isə hazırda Penitensiar Xidmətin tabeliyində olan müttəhimlər və məhkumlar üçün yeganə tibb məntəqədir.
Mixail Saakaşvilinin vəkilləri və həkimləri deyirlər ki, bu müəssisə Mixail Saakaşvilinin sağlamlıq vəziyyətinin monitorinqi və müalicəsi üçün lazım olan avadanlıqla təchiz olunmayıb. Eyni zamanda, orada Saakaşvilinin təhlükəsizliyinin qorunmayacağını düşünürlər. Onlar Gürcüstanın üçüncü prezidentinin çoxprofilli “Vivamedi” klinikasına köçürülməsini tələb edirlər.
Avropa Birliyi və Birləşmiş Ştatlar narahatdır
Noyabrın 1-də Birləşmiş Ştatlar da Avropa Birliyinə qoşularaq Gürcüstanda seçkilərin keçirilməsindən narahatlıq ifadə edib. Tbilisidəki ABŞ səfirliyinin bəyanatında deyilir ki, səsvermənin yaxşı təşkil olunması barədə beynəlxalq müşahidəçilərin fikrilə razılaşır. Amma səfirlik seçicilərin qorxudulması, onlara təzyiq, səsverməyə təsir göstərmiş neqativ ritorikanın güclənməsini pozuntular kimi sadalayıb.
Avropa Birliyi səsvermədə çoxsaylı pozuntuların olduğunu, “administrativ resurslardan sui-istifadə və siyasi liderlərin zorakı ritorikasının” yalnız siyasi qütbləşməni gücləndirdiyini qeyd edib.