Bəzi etirazçılar Kavelaşvilini futbol oynamağa çağırıblar
Gürcüstanda Prezident seçkiləri keçirilib.
Seçkilər ilk dəfə birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilib.
Seçkilərdə idarə heyətinin 170 üzvü iştirak edib.
Prezident seçkilərində yeganə namizəd hakim “Gürcü Arzusu” Partiyası tərəfindən irəli sürülən, ali təhsili olmayan keçmiş futbolçu Mixail Kavelaşvilidir.
Müxalifət parlamentin işində iştirak etmir və öz namizədlərini irəli sürməyib.
Etirazçılar Mixail Kavelaşvilinin Prezident seçilməsinə narazılıq əlaməti olaraq Parlament binası yaxınlığında etiraz aksiyası keçiriblər.
Onlar əraziyə diplomlarla gəliblər.
Bununla da prezidentliyə yeganə namizədin ali təhsili olmamasına belə narazılıq nümayiş etdiriblər.
Bəzi etirazçılar özləri ilə futbol topları gətiriblər və Kavelaşvilini çölə çıxaraq, onlarla futbol oynamağa çağırıblar.
Bildiriblər ki, onlar necə futbolçudursa, Kavelaşvili də elə prezidentdir.
Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, bugünkü seçkilər demokratiyaya təhqirdir.
Salome Zurabişvili 2018-ci ildə Gürcüstanda keçirilən sonuncu birbaşa seçkilərdə Prezident seçilib.
Onun səlahiyyət müddəti 2024-cü il dekabrın 16-da başa çatır.
Zurabişvilinin seçilməsindən sonra Konstitusiyaya dəyişikliklər edilib və indi seçkilər yeni sistemlə – əksəriyyəti (211 üzv) hakim “Gürcü Arzusu”nun nümayəndələri olan kollegiyanın iştirakı ilə keçirilir.
Kollegiyanın qalan üzvləri Gürcüstan Parlamentinin, həmçinin Acarıstan və Abxaziya muxtar respublikalarının Ali Şura və şəhər şuralarının nümayəndələridir.
2024-cü il noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkə 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edir.
Bundan sonra etirazçılar az qala hər axşam parlament binasına getməyə başlayıblar.
Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Gürcüstanda iki həftədir davam edən etiraz aksiyalarında 400-dən çox insan saxlanılıb.
Dekabrın 13-də Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üstünlük təşkil etdiyi parlament ölkənin etiraz qanunlarına dəyişiklikləri sürətlə təsdiqləyib.
Yeni qanuna görə, etiraz iştirakçılarının üzlərini örtməsi, pirotexnika daşınması və ya lazer göstəricilərindən istifadə qadağan edilir.
Bu qaydaları pozan şəxslərə 5,000 lari (1,800 dollar), təşkilatlara isə 15,000 lari (5,400 dollar) cərimə tətbiq ediləcək.
Prezident Salome Zurabişvili və müxalifət liderləri parlamenti qeyri-legitim hesab etdiklərini bildirərək dəyişikliklərə sərt qarşı çıxıblar.
Zurabişvilinin qanunu imzalamaqdan imtina edəcəyi gözlənilsə də, qanun parlament spikerinin imzası ilə qüvvəyə minə bilər.
Bununla yanaşı, parlament konstitusiya pozuntularında və ya cinayət əlamətlərində ittiham olunan keçmiş prezidentlər, baş nazirlər və parlament sədrlərinin dövlət mühafizə hüquqlarını ləğv edən qanun qəbul edib.
Bu addım əsasən hökumətlə razılaşdırılmamış xarici səfərləri ilə diqqət çəkən və vəzifəsi bitdikdən sonra siyasi proseslərdə fəal iştirak edəcəyini bəyan edən Zurabişviliyə qarşı yönəlmiş hesab edilir.