Zurabişvili də tətilə qoşulub və xalqa çağırış edib
Yanvarın 15-də “Gürcüstan tətil edir” aksiyası keçirilib.
Ölkə boyu 3 saatlıq “xəbərdarlıq” tətili keçirilib.
Bir çox şirkət və təşkilatlar, işəgötürənlər və işçilər saat 15:00-dan 18:00-a kimi fəaliyyətlərini dayandırıblar.
Onlar bu aksiya ilə “Gürcü Arzusu”nun yürütdüyü siyasət nəticəsində ölkəni təcrid olunmuş vəziyyətini, həmçinin dövləti nələrin gözlədiyini göstərmək niyyətində olduqlarını bildiriblər.
Etirazçıların tələbi yeni seçkilər və saxlanılanların azad edilməsi olub.
Təşkilatçılar “Protest 24” platformasının sosial media səhifəsində bəyanat yayıblar:
“Harada işlədiyinizin fərqi yoxdur: biznes sahibi, menecer və ya işçi olmağınızdan asılı olmayaraq, bizə qoşulun”.
Tbilisidəki Metexi körpüsündə üzərində “Gürcüstan tətildədir” yazısı olan pankart açılıb.
Oxşar plakatlar və bannerlər ölkənin hər yerində peyda olub.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili bugünkü tətilə qoşularaq, onun əhməiyyətindən danışıb:
“Bu tətil cəmiyyətin qorxmadığının, qərarlı olduğunun, nə istədiyini, nəyi istəmədiyini bildiyinin göstəricisi olmalıdır. Gürcüstan tamamilə Rusiya rejiminə çevrilməyə razı olmayacaq. Gürcüstan buna qarşı sülh yolu ilə mübarizə aparır”, – Zurabişvili bildirib.
“Mən bu gün tətildə iştirak edən bu insanları dəstəkləyirəm. Bu, Gürcüstan siyasətində yenilik olsa da, dünya siyasətində yenilik deyil. Bu, etirazın dinc formasıdır”, – Salome Zurabişvili deyib.
Tətil saatlarında Tbilisidə naməlum şəxslər tətil edən vətəndaşlara hücum ediblər.
Bir qrup naməlum şəxs Tbilisinin Dolidze küçəsində tətil edən vətəndaşlara hücum çəkib.
Hücumla bağlı videolar sosial şəbəkələrdə yayılıb.
Bundan əlavə, şahidlərin sözlərinə görə, aqressiv fikirli vətəndaşlar məhz Dolidze küçəsində etirazçılara yaşayış binasından yumurta atıblar.
Tətil Gürcüstan Konstitusiyası ilə qorunan hüquqdur.
Strateji obyektlər etiraz aksiyası keçirə və işi dayandıra bilməz, baxmayaraq ki, həmin şirkətlərin bəzi əməkdaşları bu hüquqdan istifadə ediblər.
Məsələn, tətil edənlər arasında ölkənin iki ən böyük bankı var: “TBC” və “Bank of Georgia”nın əməkdaşları da tətilə qoşulublar.
2024-cü il oktyabrın 28-dən sonra Gürcüstanda təkrar seçki tələbi ilə etirazlar davam edir.
Noyabrın 28-də “Gürcü arzusu”nun növbəti 4 ildə Avropa Birliyinə daxil olmaq üçün danışıqların başlanması məsələsini daha gündəmə gətirməyəcəklərini deməsindən sonra etirazlar daha da güclənib.