Gürcüstanda müxalifətin sayca üçüncü lideri Nika Qvaramiya həbs olunub

Foto: Mariam Nikuradze/OC Media

Həbs Qvaramiyanın könüllü şəkildə öz şəxsi avtomobili ilə gəldiyi 12 saylı Rustavi cəzaçəkmə müəssisəsi qarşısında gerçəkləşdirilib

Bu gün, iyunun 13-də Gürcüstanda aparıcı müxalifət liderlərindən biri olan Nika Qvaramiya Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə həbs edilib. Həbsə səbəb – parlamentin istintaq komissiyasının çağırışına tabe olmaması, yəni dindirilməyə gəlməkdən imtina etməsi olub.

Məhkəmə 30 min lari girov müəyyən etsə də, Qvaramiya onu ödəməkdən imtina edib və könüllü şəkildə Rustavi şəhərində yerləşən 12 saylı Penitensiar müəssisəyə gedib. Burada onun barəsində həbs qərarı çıxarılıb.

Nika Qvaramiya hüquqşünas, siyasətçi və tanınmış media meneceridir. 2004-cü ildən siyasətə qoşularaq parlament deputatı, Baş prokurorun birinci müavini, sonra isə Ədliyyə və Təhsil naziri olub. 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra siyasətdən uzaqlaşıb və mediaya keçib. Əvvəlcə “Rustavi 2” telekanalının baş direktoru olub, 2019-cu ildə isə ən tanınmış müstəqil televiziya kanallarından biri olan “Mtavari Arxi”ni  qurub.

2024-cü ilin martında Qvaramiya siyasətə qayıdaraq “Axali” partiyasını qurub, Nika Melia və Zurab Caparidze və digər aparıcı müxalif liderlərlə birlikdə “Dəyişikliklər naminə Koalisiya” adlı müxalif birlik yaradıb.

Bu, Qvaramiyanın ilk həbsi deyil. O, son illər bir neçə dəfə hüquq-mühafizə orqanlarının hədəfinə çevrilib. 2022-ci ildə siyasətçi “Rustavi 2” kanalına rəhbərlik etdiyi dövrdə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 3,5 il həbs cəzası alıb. Beynəlxalq təşkilatlar, o cümlədən Freedom House, Amnesty International, Avropa Parlamenti bu qərarı siyasi motivli adlandırıb. 2023-cü ilin iyun ayında Gürcüstan Prezidenti Salome Zurabişvilinin əfvi ilə azadlığa çıxıb. 2024-cü ilin dekabr ayında isə Qvaramiya anti-hökumət etirazlarında iştirak etdiyi üçün saxlanılıb. Onun polis tərəfindən döyülərək huşsuz vəziyyətdə maşına mindirilib aparılması bir neçə müstəqil medianın kameraları altında baş verib. Sonradan siyasətçiyə “xırda xuliqanlıq” və “polisə itaətsizlik” maddələri ilə 12 günlük inzibati həbs verilib.

Qvaramiyanın bu dəfəki həbsi Gürcüstan parlamentində yaradılmış istintaq komissiyasının çağırışından imtina etməsi ilə bağlıdır. Komissiya Mixeil Saakaşvilinin hakimiyyəti dövründəki fəaliyyətləri araşdırır və müxalif siyasətçiləri də dindirməyə cəlb edir.

Qvaramiya isə bu çağırışı siyasi təqib adlandıraraq rədd edib. Məhkəmə bunu cinayət məsuliyyəti daşıyan hərəkət kimi qiymətləndirərək, əvvəlcə ona 30 min lari (təxminən 10 800 ABŞ dolları) girov təyin edib. Qvaramiya girovu ödəmədiyi üçün məhkəmə onun haqda həbs qərarı verib.

Həbs Qvaramiyanın könüllü şəkildə öz şəxsi avtomobili ilə gəldiyi 12 saylı Rustavi cəzaçəkmə müəssisəsi qarşısında gerçəkləşdirilib.

Siyasətçinin özü 112 xidmətinə zəng vuraraq Patrul Polisini çağırıb. Patrul əməkdaşlarının verdiyi məlumata görə, onlar hadisə yerinə çatdıqdan sonra Nika Qvaramiyanın harada olduğu barədə müvafiq qurumlara məlumat veriblər.

“Oliqarxiya devrilməlidir! Yaşasın Gürcüstan!”, – polis əməkdaşlarının müşayiəti ilə həbsxana binasına daxil olmazdan əvvəl Nika Qvaramiya bu sözləri deyib.

Nika Qvaramiya eyni ittihamla həbs edilən üçüncü müxalifət lideridir.

Daha əvvəl “Milli Hərəkat”ın keçmiş lideri Nika Melia və “Girchi” partiyasının rəhbəri Zurab Caparidze də həbs olunublar.

Müxalifət hesab edir ki, bu istintaq komissiyası siyasi təzyiq alətidir və qarşıdan gələn seçkilər öncəsi hökumətin opponentlərini neytrallaşdırmaq məqsədi daşıyır.

Ana səhifəSiyasətGürcüstanda müxalifətin sayca üçüncü lideri Nika Qvaramiya həbs olunub