Gürcüstanda kadr dəyişiklikləri; Sanksiya tətbiq edilən məmurlar yeni vəzifələrə keçirilib

İvanişvili seçki günü. Foto: Reuters

Bununla “Gürcü arzusu” müəyyən qədər öz fasadını dəyişir

İyunun 10-da Gürcüstanın yüksək rütbəli məmurları arasında kadr dəyişiklikləri olub. Ən diqqət çəkən məqam isə Xüsusi tapşırıqlar departamentinin rəisi Zviad Xarazişvilinin vəzifəsindən azad edilməsi olub.

“Xareba” ləqəbi ilə tanınan Xarazişvili Gürcüstanın Avropa sanksiyalarına məruz qalan məmurlarından biridir. O, ölkədə 2024-cü il noyabrın 28-də başlayan avropayönlü mitinqlərin dağıdılmasına şəxsən rəhbərlik edib. Bu aksiyalar zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları, o cümlədən Xüsusi Təyinatlı Departamentin əməkdaşları mitinq iştirakçılarına və jurnalistlərə qarşı xüsusi zorakılıqları ilə fərqləniblər. Buna baxmayaraq, heç biri cəzalandırılmayıb.

Bundan başqa fevralın 2-də paytaxt Tbilisinin girişində keçirilən etiraz aksiyasında Xarazişvilinin etirazçılardan birinin üzünə təpiklə vurması kadrları yayılmışdı. Bir çox QHT və vətəndaşlar bunu vəzifə səlahiyyətlərindən sui-istifadənin bariz nümunəsi hesab edirdilər. Onların fikrincə, bu cür hərəkətlər vətəndaşların hüquq-mühafizə orqanlarına inamını sarsıdır və ölkədə hüquqi standartlara əməl olunmasını şübhə altına alır. Elə həmin gün sosial şəbəkələrdə daha bir video yayılıb, xüsusi təyinatlılar idarəsinin rəisi avtomobilindən çıxmadan və maskalı təhlükəsizlik qüvvələrinin əhatəsində səsucaldan vasitəsilə ədəbsiz, homofob ifadələr işlətməklə dinc nümayiş iştirakçılarını təhqir edir.

Xareba ABŞ və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. Səbəb kimi insan haqlarının ciddi şəkildə pozulması göstərilib.

Hər iki ölkə eyni zamanda keçmiş daxili işlər naziri Vaxtanq Qomelauriyə də sanksiya tətbiq edib. Qomelairu mayın 28-də öz istəyi ilə istefa verdiyini açıqlayıb.

Aprelin 2-də Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili də vəzifəsindən istefa verib. İki gün sonra da hökumətin onu yeni yaradılmış Regional İnkişaf Nazirliyi başçısı vəzifəsinə təyin etmək qərarından vaz keçdiyi məlum olub. Bu haqda məlumat verən Baş nazir İrakli Kobaxidze Liluaşvilinin nazirliyin fəaliyyətinə “fərqli baxışları” ilə izah edib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə təyin edilən Anro Oxanaşvili isə buna qədər ədliyyə naziri vəzifəsində çalışıb.

İyunun 4-də isə Böyük Britaniyanın sanksiya tətbiq etdiyi Baş prokuror Giorgi Qabitaşvili istefa verərək, baş auditor vəzifəsinə təyin edilib.

Bundan əlavə, iyunun 10-da Patrul Polisi Departamentinə rəhbərlik edən, Çexiya və Baltikyanı ölkələr tərəfindən sanksiyaya məruz qalan Vaja Siradze Tbilisi Polis Departamentinin direktoru təyin edilib.

Sanksiyaya məruz qalan (Baltikyanı ölkələr və Çexiya tərəfindən) Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadze Təhlükəsizlik Polisi Departamentinin sədri vəzifəsini tutacaq, onun müavini David Kiknadze isə Mərkəzi Polis Departamentinin direktoru təyin edilib.

Həmçinin Tbilisi, Kaxeti, Mtsxeta-Mtianeti, Kvemo-Kartli, Samtsxe-Cavaxeti, İmereti, Şida Kartli polis departamentlərinin direktor vəzifələrinə yeni təyinatlar olub. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunub ki, aparılan kadr dəyişiklikləri sistemin daha da gücləndirilməsi və inkişafına yönəlib.

Politoloq Vaxtanq Dzabiradze “Palitra News”un efirində Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri Zviad Xarazişvili və sanksiyaya məruz qalan hüquq-mühafizə orqanlarının digər əməkdaşları barədə danışıb. Onun sözlərinə görə, Kobaxidze Baş nazir olduqdan və daxili işlər naziri Vaxtanq Qomelaurinin istefasından sonra yanvar ayından bu günə qədər yaşanan ən çətin dövrlə əlaqəli olan fiqurlar arxa plana keçməyə başladı.

“Mən minlərlə etirazları, basqınları və bu insanların öz iştirakçılarına qarşı törətdikləri vəhşilikləri nəzərdə tuturam. Bu istefalarla “Gürcü arzusu” müəyyən qədər öz fasadını dəyişir. Amma reallıqda onlar sanki yeni mərhələyə keçirlər. Düşünmürəm ki, “Gürcü arzusu”nun Baş naziri və daxili işlər naziri Bidzina İvanişvilisiz  bu qərarı veriblər”, – deyə, politoloq bildirib.

Ana səhifəXəbərlərGürcüstanda kadr dəyişiklikləri; Sanksiya tətbiq edilən məmurlar yeni vəzifələrə keçirilib