Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən və əsas hədəfləri azərbaycanlılar yaşayan regionların əhalisini Gürcüstanda baş verən hadisələrlə məlumatlandırmaq olan
renessans.ge
saytının əməkdaşları Marneulidə yerləşən “İmam Əli” Xeyriyyə Cəmiyyətinin sədri Cavid Qurbanov tərəfindən öz ünvanlarına ölüm hədələri alıblar.
Belə ki, bu il fəaliyyətə başlayan və məqsədləri arasında yerli azərbaycanlı icmasının maarifləndirilməsini, erkən nikahlar, savadsızlıq, dini radikalizm kimi neqativ hallarla mübarizəni də nəzərdə tutan sayt məşhur karikaturaçı rəssam Gündüz Ağayevin karikaturasını dərc edib.
Bu da Cavid Qurbanovun xoşuna gəlməyib. O sistematik olaraq, renessans.ge saytının əməkdaşları olan Eynar Mahmudov, Coşqun Cəfərov, Aydan Yusifi hədələyib, o karikaturanı saytdan götürmədikləri təqdirdə qan töküləcəyini deyib.
Sonuncu belə təhdidlə isə renessasns.ge-nin köşə yazarı Aida Tağıyeva rastlaşıb. Bu barədə Meydan TV-yə Aida Tağıyevanın özü məlumat verib. Köşə yazarının sözlərinə görə, Qurbanov şəxsi yazışmalarında onu iyrənc sözlərlə təhqir edib və karikaturanı yığışdırmasa, onun başını kəsəcəyi ilə hədələyib.
Bu hədələrə artıq dözmək istəməyən jurnalistlər Gürcüstan hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Qurbanov polis bölməsinə çağırılıb, orada söhbətdən sonra günahını boynuna alıb və bir daha belə bir iş tutmayacağını deyib.
Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsinə əsasən fiziki məhvlə və ya əmlaka ziyan vurmaqla hədələmə, şəxs bu hədəni ciddi hesab edərsə, 120 saatdan 180 saatadək ictimai faydalı işlər və ya 1 ilədək islah işləri və ya 1 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırıla bilər.