Müəllif: Diana Petriaşvili, Mediaset
Tələbələr aksiyaya qoşulur
Tbilisidə artıq ikinci sutkadır Çavçavadze prospektini kəsən etiraz aksiyasını dağıdıblar – ərazi seçkilərin nəticələri ilə razılaşmayan fəalların çadırları ilə tutulmuşdu. Tələbələr müxalif qüvvələrə qoşulandan sonra kortəbii etirazlar sutkaboyu davam etdi. Etiraz aksiyalarının fonunda Gürcüstan Prezidenti səsvermənin gizliliyi pozulduğu üçün Konstitusiya Məhkəməsinə müraciət edir və böhranın həlli üçün sistemli yanaşma təklif edir.
Xüsusi təyinat dəstələri Tbilisi küçələrində noyabrın 19-u peyda oldu. Onlar insanları yoldan sıxışdırıb çıxarsalar da, etirazçılar hələ də səkilərdə dayanmaqda davam edirlər. 16 nəfərin saxlanıldığı xəbər verilir, ən azı, iki nəfərinsə zərər çəkdiyi məlum olub, onlar xəstəxanaya yerləşdirilib. Müxalifət “səyyar etirazlar”a keçid olacağını deyir – bu, şəhərin müxtəlif rayonlarında kortəbii aksiya keçirməkdir ki, onu da hazırkı etirazların gedişatında uğurlu addım adlandırmaq olmaz.
Sosial şəbəkərlərdə yazılanlara görə, gecə ərzində seyrələn aksiyaya indi onun dağıdılması kadrlarından qeyzlənən yeni iştirakçılar qoşulur. Siyasi tələblərə tələbələrin və gənclərin qoşulması etirazların güclənməsi anlamına gələ bilər. Məsələn, 2023-cü ilin martında belə olmuşdu. O zaman gürcü ictimaiyyəti xarici agentlər barədə qanunun qüvvədən düşməsinə nail ola bilmişdi. Uzun müddət əhəmiyyətli nəticələrə nail ola bilməyən etiraz aksiyaları isə küçələrə tələbələr və məktəblilər çıxdıqdan sonra güclənmişdi.
Bazar günü axşam etirazçılar şəhərin mərkəzində yerləşən Tbilisi Dövlət Universitetinin inzibati binasının ərazisini bağlayıblar. Gürcüstan paytaxtı çoxdan cürbəcür çıxışlara alışsa da, hazırlıq miqyası hətta bəzi jurnalistləri də heyrətləndirib: fəallar universitetə təkcə çadırlar və yataq kisələri deyil, həmçinin portativ əl-üz yuyanları olan biotualetlər gətiriblər. Fəallar piketin, ən azı, bir sutka – bazar ertəsi axşamadək çəkəcəyini bəyan ediblər. Burda qeyd etmək lazımdır ki, Çavçavadze prospekti mühüm nəqliyyat kəsişməsidir, onun qısa müddət ərzində bloklanması belə, şəhər sakinlərinin nəzərindən yayına bilməz.
Bazar günü mitinqdə 13 ali təhsil müəssisəsinin tələbələri çıxış edib; onlar oktyabrın 26-sı keçirilmiş seçkilər nəticəsində formalaşmış parlamentin legitimliyini tanımadıqlarını və seçkilərin yenidən ədalətli şəkildə baş tutması uğrunda mübarizəyə davam edəcəklərini söyləyiblər. Müxalifət liderləri də çıxış ediblər – onlar bundan belə mitinqlərin fasiləsiz olacağını və onların “Gürcüstan əhalisinin layiq olduğu yeni və ədalətli seçkilər keçirilənə qədər” şəhər boyu keçiriləcəyini bəyan ediblər.
Gecə sakit keçib, növbəti gün sosial şəbəkələrdə etiraz aksiyalarına gah yerli sakinlərin (onlar isti yemək və su gətiriblər), gah da müxalif köklənmiş şirkətlərin, məsələn, yerli nəşriyyatlardan birinin – “Sulakauri”nin qoşulduğu barədə postlar dolaşıb. Nəşriyyat “çadır kitabxanası“nın yaradılması üçün aksiya iştirakçılarına kitablar verib. Kitab dükanları şəbəkəsi olan “Sulakauri” bu yaxınlarda öz vitrinlərini nümayişkaranə şəkildə Corc Oruellin kitabları ilə doldurub. Kitabların təhvil verilməsi nəşriyyatla əməkdaşlıq edən müəlliflərin iştirakı ilə möhtəşəm ab-hava yaradıb.
Noyabrın 18-i axşam Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanat verib. O, parlament seçkilərində yol verilmiş qanun pozuntuları, daha dəqiq desək, seçkilərin məxfiliyinin və şəffaflığının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiyini bildirib.
“Mən bunu Konstitusiya Məhkəməsinə inandığım üçün deyil, hansı ölkə olmaq istədiyimiz və bu ölkənin hansı istiqamətdə gedəcəyi seçimi qarşısında qalacaq hakimlərin vicdanını yoxlamaq üçün edirəm. Həm onlara, həm də özümə bu Konstitusiya Məhkəməsində heç olmasa bir neçə hakimin bu ölkədə layiqli hakimlərin olduğunu göstərməyini arzulayıram”, – Zurabişvili deyib.
O, Gürcüstanın düşdüyü böhranı təhlükəli hesab edir və çıxış yolunu seçki məcəlləsinin dəyişdirilməsindən və yeni seçki komissiyasının, eləcə də seçki mübahisələrinə baxacaq xüsusi məhkəmənin formalaşdırılmasından sonra keçirilməli olan təkrar parlament seçkilərində görür. Zurabişvilinin fikrincə, bütün bunlar beynəlxalq partnyorların dəstəyi və iştirakı ilə edilməlidir. Bu planı həyata keçirmək üçün Prezident parlamentin (köhnə çağırışın), hökumətin və “hətta Prezident”in işinin bərpa olunmasını təklif edir – Zurabişvlinin səlahiyyət müddəti tezliklə sona çatacaq və hakim partiya həmin vəzifəyə daha loyal namizədin irəli sürülməsi üçün əlindən gələni edəcək.
Aksiyada baş verənlər sülh xarakteri daşısa da, hakimiyyət onu “radikal” adlandırıb. Hakim partiyanın lideri Kaxa Kaladze bu sözü bir cümlədə üç dəfə işlədib: “Çavçavadze prospektində baş verənlər radikalizmdir”, “radikalizm dövrü keçib”, “radikalizm və şər məğub olacaq”.
Onu da demək lazımdır ki, aksiyanın ümumilikdə sülhpərvər ab-havada keçməsi heç də hər kəsin ürəyincə olmayıb – seçki nəticələri ilə razılaşmayanların bir qismi aksiyaların daha qətiyyətli keçməsini arzulayıb. Belə ki, etiraz koordinasiyası müzakirə edilən “Facebook”qruplarında müntəzəm olaraq bu məzmunda şərhlərə rast gəlinir. Narazıların çoxu müxalifətin əməllərini tənqid atəşinə tutur. Onlar hesab edir ki, müxalif qüvvələr hər hansı bir uzunmüddətli planla bölüşmək əvəzinə situativ hərəkət edir və hər dəfə növbəti addımları barədə mərhələlərlə xəbər verəcəklərini bəyan edirlər. Hələ ki, bunun narazıların gələcək əhval-ruhiyyəsinə necə təsir edəcəyini söyləmək çətindir – etiraz dalğası zəifləyə də bilər, yeni güclə şiddətlənə də. Xüsusilə aksiyalara daha çox tələbə qoşularsa.