Gürcüstanda Azərbaycan və ermənidilli müəllimlər ana dilində imtahan verə biləcəklər

Gürcüstan, Tbilisi. Foto: Efired/shutterstock

Ombudsmana şikayət edildi, problem həllini tapdı

2025-ci ildə qeyri-gürcü dilli məktəblərdə çalışan ibtidai sinif müəllimləri, eləcə də xüsusi müəllimlər ana dilində imtahan verə biləcəklər.

Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatına görə, hazırda nazirlik etnik azlıqların müəllimləri üçün ana dilində imtahanın təşkili üzərində işləyir.

Məlumatda qeyd edilib ki, bütün etnik azlıqların müəllimləri bu gün də öz ana dilində istənilən fənn üzrə öz səriştələrini təkmilləşdirmək imkanına malikdirlər. İstisnalar ibtidai sinif və həmçinin xüsusi müəllim imtahanları ilə bağlı idi. Artıq 2025-ci ildə etnik azlıqların müəllimləri erməni və Azərbaycan dillərindən kombinləşdirilmiş və xüsusi müəllim imtahanlarından keçə biləcəklər.

Bir müddət öncə ictimai fəal Aygül İsayeva tərəfindən Gürcüstanın Xalq Müdafiəçisinə (Ombudsman) azərbaycandilli məktəblərdə diskriminasiya faktının olması barədə müraciət ünvanlanıb. Gürcüstanın Xalq Müdafiəçisi həmin müraciəti araşdırdıqdan sonra məktəblərdə diskriminasiya hallarının aşkar edildiyini bildirib və bununla bağlı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə bildiriş göndərib.

Dövlət qurumlarına ünvanlanan müraciətlərdə ibtidai sinif müəllimlərinin, eləcə də inklüziv təhsil sistemində çalışan xüsusi müəllimlərin üzləşdiyi problemlər, həmçinin gürcü və qeyri-gürcüdilli məktəblər arasındakı kəskin fərq də əks etdirilib.

Təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari də məktubu cavablayaraq bildirib ki, 2025-ci ildə qeyri-gürcüdilli məktəblərdə (sektorlarda) ibtidai sinif müəllimləri (1-4-cü sinif) üçün kombinə edilmiş imtahanlar təşkil ediləcək.

Əslində nə baş verirdi?

Gürcüdilli məktəblərdə ibtidai sinif müəllimi kombinə edilmiş fənlərdən (təbiət, riyaziyyat və gürcü dili və ədəbiyyat) 1 dəfə imtahan verib “baş müəllim” statusunu alırdı. Azərbaycandilli məktəblərdə dərs deyən ibtidai sinif müəllimləri üçün belə imkanlar yaradılmamışdı.

Azərbaycandilli məktəblərdə dərs deyən ibtidai sinif müəllimləri hər fəndən ayrı-ayrılıqda imtahan verməli olurdular. Əksəriyyət asan olduğu üçün təbiət fənnindən imtahan verir, nəticədə isə dərsləri bölüşdürə bilmirdilər. Gürcüdilli məktəblərdə işləyənlər bir ilə “baş müəllim” statusunu alıb, bir neçə fənn üzrə yüksək maaş alırdı. Azərbaycandilli məktəblərdə dərs deyənlər isə hər fənn üzrə “baş müəllim” statusunu almaq üçün 3-4 dəfə imtahan verməli olur, uyğun olaraq da 3-4 il vaxt sərf edirdilər. Digər bir məsələ, gürcüdilli məktəblərdə ibtidai sinif müəllimləri 1-4-cü sinifləri əhatə edən materiallardan imtahan verirlər. Azərbaycandilli məktəblərdə işləyənlərin imtahan suallarına isə yuxarı siniflərə aid olan materiallar salınırdı. Məsələn, azərbaycandilli məktəbdə işləyən ibtidai sinif müəllimi “Azərbaycan dili və ədəbiyyat”dan imtahan verməli olsa, imtahan sualları 1-12-ci sinifləri əhatə edəcəkdi. Halbuki, bu müəllim 1-4-cü siniflərdə dərs deyir, ancaq imtahanda 9-cu, 10-cu, 11-ci siniflərə aid olan sualları da cavablandırmağa məcbur edilirdi.

Gürcüstan Respublikasının “Diskriminasiyanın bütün formalarının ləğvi haqqında” Qanununun 6-cı maddəsinə uyğun olaraq Gürcüstanın Xalq Müdafiəçisi diskiriminasiya hallarının aşkar edildiyi halda aidiyyatı qurum və şəxslərə ayrıseçkiliyin qarşısının alınması və ona qarşı mübarizə məsələləri ilə bağlı ümumi təkliflər hazırlayıb göndərir.

Ana səhifəSosialGürcüstanda Azərbaycan və ermənidilli müəllimlər ana dilində imtahan verə biləcəklər