Gürcüstanda: Aksiyada 20-dək jurnalistə hücum olub, həbs olunanlar var

Gürcüstan, aksiya. Foto: Reuters

Polis aksiyaçılara bibər qazı sıxıb

Tbilisidə və Gürcüstanın digər şəhərlərində minlərlə insan etiraz aksiyası keçirib. Etirazlara səbəb hakimiyyətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmdən çıxarmaq qərarı olub.

Belə ki, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edir.

Bu bəyanatla ölkənin Baş naziri İrakli Kobaxidze çıxış edib.

“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqının hər hansı büdcə qrantlarından da imtina edir.

Baş nazirin bu çıxışından sonra hakim “Gürcü Arzusu” Partiyasının mərkəzi ofisi və Gürcüstan parlamentinin binası qarşısında mitinqlər keçirilib.

Ən böyük aksiya Tbilisinin mərkəzində, Rustaveli prospektində parlament binası yaxınlığında keçirilib, yollar bağlanıb.

Etirazçılar bu qərarı ölkə maraqlarına xəyanət və Gürcüstan Konstitusiyasının Avropaya inteqrasiya arzusunun təsbit olunduğu 78-ci maddəsinin pozulması hesab edib.

Noyabrın 28-də keçirilən mitinqə Prezident Salome Zurabişvili də qoşulub.

Prezident bildirib ki, müqavimət başlayıb və yeni seçkilər keçirilməyənədək başa çatmayacaq.
Zurabişvili hakimiyyətin qərarını bir neçə il əvvəl başlayan Konstitusiya çevrilişinin başa çatması adlandırıb. O, müxalifəti birləşməyə, xalqı isə etiraza çağırıb.

Müxalifətdə olan “Birlik – Milli Hərəkat” və “Güclü Gürcüstan” partiyalarının liderləri də hüquq-mühafizə orqanlarının müdaxiləsinə baxmayaraq, etiraz aksiyalarının davam etdiyini bəyan ediblər. Onlar birgə koordinasiya qərargahı yaradacaqlarını və noyabrın 29-dan etibarən vətəndaşları strategiya və aksiyanın necə davam edəcəyi barədə məlumatlandıracaqlarını vəd ediblər.

Polis etirazçıları bibər qazı və su şırnaqları ilə müdaxilə edib, onlarla şəxsin saxlanıldığı bildirilir.

Etirazlar zamanı bir neçə jurnalist polis tərəfindən döyülüb. İlkin məlumata görə, 20-ə yaxın jurnalist hücuma məruz qalıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlar zamanı 43 nəfər saxlanılıb, həmçinin 32 asayiş keşikçisinin yaralandığını bildirib.

Ana səhifəDünyaGürcüstanda: Aksiyada 20-dək jurnalistə hücum olub, həbs olunanlar var