Müəlliflər: Kelly Bloss (OCCRP), Marika Dudunia (Studio Monitori), Aidan Yusubova (iFact), Nana Bregadze (iFact), Fatimə Kərimova (Mikroskop Media) və Robert Denis (OCCRP)
2020-ci ilin aprelində Prezident İlham Əliyev çıxışında dedi ki, Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Uzun müddət daha çox neft və qaz mənbəyi kimi tanınan Azərbaycan son illər həm də qonşu ölkələrə yüz milyonlarla dollar dəyərində elektrik enerjisi ixrac edib. Bu ixrac qonşu Gürcüstana və bu ölkə vasitəsilə Türkiyəyə edilib.
İndi isə elektrik enerjisi ticarəti daha da böyüməkdədir. Qara Dənizin altından çəkilən xətlə Gürcüstan vasitəsilə Azərbaycan elektrik enerjisinin Avropa İttifaqına satılması planlaşdırılır.
Region dövlətləri arasında ənənəvi idxal-ixrac sövdələşməsi, iqtisadi münasibətlərin bir parçası kimi görünən bu ticarətin həm də başqa detalları var. OCCRP və onun Gürcüstan (iFact və Studio Monitori) və Azərbaycandan olan tərəfdaş medialarının birgə araşdırması göstərir ki, inkişafda olan bu ticarət qeyri-şəffaflıq və maraqların toqquşması ilə müşayiət olunur.
Qeyri-şəffaf olan nədir?
Azərbaycanın Gürcüstana ixrac etdiyi elektrik enerjisinin miqyası 2016-cı ildən sürətlə artmağa başlayıb.
BMT ticarət statistikasına görə, 2016-2023-cü illər arasında Gürcüstan Azərbaycandan 247 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib. Gürcüstan tərəfinin açıqladığı rəsmi məlumatlar əsasında jurnalistlərin apardığı təxmini hesablamaya görə, eyni illər ərzində 400 milyon dollar dəyərində elektrik enerjisi bu ölkə vasitəsilə Türkiyəyə satılıb.
2016-cı ildən etibarən “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Gürcüstana elektrik enerjisi ixracı üçün 3 ofşor şirkətlə işləyib:
- Belizedə qeydiyyatdan keçmiş “Elgreen Holdings İnc”
- Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən “Elgreen Holdings İncorporated”
- Birləşmiş Ərəb Əmirliklərində yaradılan “Sheldon Corporation”
Şirkətlərin bu ofşor zonalarda yaradılması o deməkdir ki, onların təsisçiləri, payçıları, idarə edənlər, şirkətin fəaliyyəti və maliyyə hesabatları barədə məlumat almaq mümkün deyil.
Uzun illər ərzində Azərbaycandan Gürcüstana elektrik enerjisi tranzitinin inhisarının arxasında kimin dayandığı isə həmişə naməlum olub. Bu araşdırmadan sonra isə bu fakt artıq məlumdur. İxrac və tranziti həyata keçirən şirkətlərin arxasında duran şəxs Sulxan Papaşvilidir.
Papaşvilinin şirkətə rəhbərlik etməsinin nə əhəmiyyəti var?
Sulxan Papaşvili Gürcüstanın ən varlı biznesmenlərindən biri, həm də keçmiş dövlət məmurudur. O, bir vaxtlar Gürcüstan Prezidentinin təhlükəsizliyinə məsul olan şəxs olub, amma 2003-cü ildə Papaşvili bu vəzifəni tərk edib biznes fəaliyyətinə başlayıb.
Onun hüquqlarını müdafiə edən Gürcüstan hüquq şirkəti jurnalistlərə açıqlamasında Papaşvilinin bu şirkətə aidiyyatı olduğunu təsdiqləyib və iş adamının yeganə səhmdar olduğunu deyib.
Azərbaycandan Gürcüstana elektrik enerjisi idxalını inhisarda saxlayan Papaşvilinin fəaliyyəti bununla yekunlaşmayıb və o, “Azərenerji”nin hər iki rəhbəri – Etibar Pirverdiyev və Balababa Rzayevin ailə üzvləri ilə Gürcüstanda biznes qurub. Bunun üçün çoxlu etibarnamələr verilib, bu sənədlər əsasında şirkətlər qurulub və mülklər alınıb. Təkcə Papaşvili yox, onun şirkəti “Elgreen Holdings”in rəhbərliyindəki digər şəxslər, yaxın ətrafı da azərbaycanlı rəsmilərlə olan biznes sövdələşmələrinə daxil olublar.
Papaşvili təkcə “Azərenerji” rəhbərlərinin ailə üzvləri ilə biznes qurmayıb. O həm də Azərbaycan Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun həyat yoldaşı və qızları ilə də biznesə başlayıb.
Eyyubov və Papaşvili ailələrinin münasibətləri və birgə işləri Gürcüstanla sərhədlənmir, bu, Londona qədər gedib çıxır. Jurnalistlərin Eyyubovlar ailəsinin milyonlarla dollar dəyərində mülk və bizneslərini ilk dəfə aşkara çıxardığı digər araşdırmada bu barədə ətraflı oxuya bilərsiniz.
“Elgreen” ilə paralel yüksələn elektrik enerjisi ixracı
Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracının qəfil artışı 2015-ci il noyabrın əvvəlində İlham Əliyevin Gürcüstana səfər etdiyi dövrə təsadüf edir. Bu səfər zamanı təktəbtək keçirilən bir neçə görüşdən sonra İlham Əliyev gürcü həmkarı Qiorqi Marqvelaşvili ilə birgə bəyannamə imzalayıb.
Bu bəyannamənin 30-a yaxın bəndi arasında biri diqqəti cəlb edir: İki prezident söz verib ki, Gürcüstandan keçməklə Azərbaycandan Türkiyəyə gedən Cənubi Qafqaz elektrik enerjisi dəhlizini dəstəkləyəcəklər.
Elə bu da iki ölkənin elektrik enerjisi ticarətində dönüş nöqtəsi oldu.
Bu tarixə qədər Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracının həcmi cəmi bir neçə milyon dollar idi. Eyni zamanda ticarət birbaşa iki ölkənin dövlət enerji şirkəti arasında baş tuturdu.
2015-ci ilin noyabrındakı səfərdən və bəyannamənin imzalanmasından iki həftə sonra Gürcüstanda “Eltransit” MMC, Belizedə isə “Elgreen Holdings İnc” adlı iki şirkət yaradılıb.
Gürcüstan statistikası göstərir ki, Papaşvilinin biznes partnyoruna məxsus olan “Eltransit” MMC “Azərenerji”dən elektrik enerjisi alıb və onu bir neçə ay ərzində Türkiyəyə satıb. Sonradan bu biznes ofşor zonaya köçüb və Belizedə yaranmış “Elgreen Holdings İnc” elektrik enerjisinin Türkiyəyə tranzitini və Gürcüstana idxalını öz üzərinə götürüb.
Belize qanunvericiliyi şirkətlərin sahibləri barədə məlumatları ictimaiyyətə açıqlamır və onların benefisiarlarınının kimliyini qoruyur.
2017-ci ildə elektrik enerjisi ticarəti digər şirkətə, bu dəfə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatda olan “Elgreen Holdings İncorporated”ə keçdi. Ötən ilin oktyabrından etibarən isə Birləşmiş Ərəb Əmirliklərinin digər iqtisadi zonasında qeydiyyatdan keçmiş “Sheldon Corporation” bu ticarəti öz üzərinə götürüb.
“Elgreen”in maliyyə hesabatları, menecerləri, idarə heyəti və s. kimi məlumatları açıqlayan işlək veb səhifəsi yoxdur və şirkət illərlə öz monopoliyasını gözdən uzaqda saxlayıb. Biznesmenin vəkilləri isə deyir ki, “Elgreen”in veb səhifə yaratmaq öhdəliyi yoxdur:
“”Elgreen” özəl şirkətdir və onun veb-sayt yaratmaq və saxlamaq öhdəliyi yoxdur. Həm Elgreen, həm də Sheldon öz maliyyə hesabatlarını lazımi formada və qaydada öz yurisdiksiyalarında təqdim edirlər“, – cavabda bildirilib.
Gürcü iş adamı və azərbaycanlı rəsmilər ortaq biznes barədə nə deyir?
Bu bizneslərin qurulmasındakı maraq toqquşması ilə bağlı jurnalistlər həm Papaşvili, həm də digər aidiyyatı şəxslərə sorğu göndərib. Papaşvilinin hüquqlarını müdafiə edən hüquq şirkəti cavabında deyib ki, maraq toqquşması iddiası “tamamilə əssasız və səhvdir”.
“Azərbaycanlı məmur ailələri ilə bağlılığı olan iş adamlarının Gürcüstanda biznes qurması və ya mülk alması onların bunu cənab Papaşvili sayəsində icra etdiyini sübut etmir”, – hüquq şirkəti deyib.
Şəffaflığın olmaması ilə bağlı olan suala isə hüquq şirkəti “heç bir əsası yoxdur” deyə cavab verib. Biznesmenin niyə qeyri-şəffaf ofşor şirkətlər vasitəsilə fəaliyyət göstərməsi sualı isə cavabsız qalıb.
Biznesmenin hüquqlarını qoruyan vəkillər hesab edir ki, onun Azərbaycandan elektrik enerjisi almağı “Gürcüstanın Rusiyadan enerji asılılığını azaldır”. Hüquq şirkəti deyir ki, Gürcüstana enerji idxalında inhisar yoxdur, çünki “Azərbaycandan Türkiyəyə elektrik tranziti biznesində maraqlı olan, rəqabət aparan başqa şirkət yoxdur”
Balababa Rzayev isə jurnalistlərə açıqlamasında deyib ki, oğlunun biznes fəaliyyətindən xəbərsiz olub və onun biznesi iki ölkə arasındakı elektrik enerjisi ticarəti ilə maraq toqquşması təşkil etmir. Oğlu Fuad Rzayev də hesab edir ki, onun biznes fəaliyyətində maraqların toqquşması halı yoxdur və bu fəaliyyəti atasının tutduğu vəzifə ilə əlaqəli deyil.
Etibar Pirverdiyev, onun həyat yoldaşı Pərvanə Pirverdiyeva, Bəylər Eyyubov və onun ailə üzvləri sualları cavablandırmayıb.
Şirkətin rəhbəri necə məlum oldu?
Bu şirkətin varlığı və Papaşvilinin onunla əlaqəsinin olması ilk dəfə OCCRP-nin Gürcüstandakı tərəfdaş mediası “Studio Monitori”nin 2020-ci ildəki araşdırması zamanı üzə çıxıb.
Həmin araşdırma onu da müəyyənləşdirib ki, 2005 və 2007-ci illərdə Gürcüstanın Baş naziri kimi çalışmış Zurab Noğaydeli də “Elgreen”in arxasında duran şəxslərdən biridir. Bu araşdırma nəticəsində Noğaydeli 10 ildən sonra ilk dəfə jurnalistlərə açıqlama verməyə başladı, amma bu açıqlamalar mütəmadi olaraq bir-birini təkzib etdi.
2020-ci il – “Forbes Georgia”ya müsahibə
Araşdırmanın yayımlanmasından sonra o, “Forbes Georgia” nəşrinə müsahibə verib və deyib ki, Papaşvili “Elgreen”in sahiblərindən biridir. Noğaydeli şirkətinin həm də başqa sahiblərinin olduğuna işarə edib.
2022-ci il – məhkəmə ifadəsi
İki il sonra məhkəmədəki şahid ifadəsində Noğaydeli “Forbes Georgia” nəşrinə müsahibəsini təkzib etdi və dedi ki, “Elgreen”in yeganə sahibi Avropa vətəndaşı olub, amma onun adını çəkməyib.
“Papaşvili şirkət siyasətini müəyyənləşdirən qərarverici şəxs olub”, – Noğaydeli deyib.
2024-cü il – OCCRP-yə müsahibə
Bu araşdırma üçün jurnalistlərlə müsahibəsində isə keçmiş Baş nazir anlaşılmazlıqla bağlı olduğunu bildirib. O deyib ki, “Elgreen”in sahibi həmişə Papaşvili olub, amma onu da əlavə edib ki, şirkətin ideyası Noğaydelinin olub.
“Bu, mənim ideyam idi. Mən biznesin strukturunu qurdum və bunu Azərbaycan tərəfi, “Azərenerji” ilə razılaşdırdım. Mənim özümün maliyyə resursum yox idi. Ona görə investor kimi Sulxan Papaşvilini dəvət etdim”, – o deyib.
Noğaydeli deyir ki, “Elgreen”in ofşora köçürülməsi onun ideyası olub və məqsəd vergiyə qənaət etmək idi.
“Mən partnyorlara məsləhət gördüm ki, bu daha yaxşı olar. Vergi baxımından bu daha səmərəli olar”, – o bildirib.
Bəs “Azərenerji” yeni yaranmış Gürcüstan şirkəti ilə necə iş görməyə başladı? Keçmiş Baş nazir jurnalistlərə müsahibəsində deyib ki, o özü Azərbaycan tərəfinə bu ideyanı təklif edib. 2020-ci ildə “Azərenerji” Studio Monitori-yə deyib ki, “rəqabətlilik əsasında Gürcüstana elektrik enerjisi ixracı və elektrik enerjisinin Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya potensial ixracı” ilə bağlı olaraq “Elgreen” onların diqqətini cəlb edib.
Qarışıq maraqlar
Jurnalistlərin əldə etdiyi sənədlər göstərir ki, bu ticarətdə daha fərqli, şəxsi maraqlar da olub. Çünki “Azərenerji” ilə “Elgreen”in elektrik enerjisi ticarətinə başlaması və hətta Prezidentin də bu ticarəti dəstəkləməsi ilə eyni vaxtda başqa, şəxsi bizneslər də qurulub. “Azərenerji”nin hər iki rəhbərinin ailə üzvləri həm Papaşvili, həm də “Elgreen” rəhbərliyindəki digər şəxslərlə Gürcüstanda bizneslərinə start verib.
“Elgreen” rəhbərliyindəki həmin “digər şəxslər”dən biri Paata Jgentidir. O, əvvəllər Tbilisi Polis İdarəsinin rəis müavini kimi çalışıb. Jurnalistlərin sorğusuna email vasitəsilə cavabında Jgenti deyib ki, o, şirkət rəhbərlərinin qərarlarının icrasına cavabdeh olan şəxsdir.
“Şirkət rəhbərləri çox məşğul olduğundan onların qərarlarını icra etmək üçün mənə etibarnamə verilib ki, müxtəlif instansiyalarda həmin şəxsləri təmsil edə bilim. Mən heç bir qərar qəbul etmirəm, sadəcə tapşırıqları yerinə yetirirəm”, – o yazıb.
Jgenti əlavə edib ki, ona bu səlahiyyətin etibar edilməsi “peşəkarlığı və işə həssas münasibəti” ilə bağlı olub.
Jurnalistlərin əldə etdiyi sənədlər göstərir ki, Jgentiyə Papaşvili, onun həyat yoldaşı və qızı adından etibarnamələr verilib. Bu da ailə işlərinin idarə edilməsi üçün ona böyük səlahiyyətlər verildiyini göstərir.
Jgentiyə verilən etibarnamələr “Elgreen” və Gürcüstanla məhdudlaşmayıb. Bu sənədlərindən ikisi isə xüsusilə seçilir. Bunlardan biri Pərvanə Pirverdiyevanın adından verilib. Pərvanə Pirverdiyeva “Elgreen”in biznes təklifini qəbul etmiş “Azərenerji”nin o vaxtkı rəhbəri Etibar Pirverdiyevin həyat yoldaşıdır.
Digər etibarnaməni isə Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun həyat yoldaşı Zöhrə Sultanova verib. Eyyubovun “Azərenerji” ilə birbaşa əlaqəsi olmasa da, avtoritar liderlə olan yaxınlığına görə onun ölkədə böyük güc və nüfuz sahibi olması ilə bağlı şayiələr həmişə dolaşıb.
Pirverdiyeva, Sultanova və Papaşvili üçün şirkət
Hər iki etibarnamə sənədi 2017-ci ilin mayında verilib. Bu etibarnamələr Jgentiyə qeyri-adi geniş səlahiyyətlər verib:
- Onların maraqlarını təmsil etmək
- Bank hesabı açmaq və bağlamaq
- Pul nəğdləşdirmək
- Şirkət vasitəsilə daşınmaz əmlak almaq, satmaq, hədiyyə etmək
- Onların adından yazışmalar aparmaq
“Transparency İnternational” təşkilatının Gürcüstan bölməsinin analitiki, etibarnamə sənədlərini nəzərdən keçirən Sandro Kevxişvilinin sözlərinə görə, bu etibarnamələr “qeyri-adi”dir və “açıq-aşkar çox yüksək etimad səviyyəsinin” göstəricisidir. Papaşvilinin hüquq firması isə etibarnamələrin belə təqdimatı ilə razılaşmayıb və bildirib ki, bu, Gürcüstanda standart biznes təcrübəsidir.
Hər halda Jgenti öz öhdəsinə düşəni icra edib. Etibarnamələri alandan iki həftə sonra o, Gürcüstanda Pirverdiyeva, Sultanova və Papaşvili üçün “Esko LLC” adlı şirkət yaradıb ki, özü də həmin şirkətin direktoru olub.
Dərhal sonra “Esko LLC” Tbilisinin şimal-şərqindəki kənddə yerləşən torpaq sahəsini 852 min dollara satın alıb. Torpağın niyə satın alınması ilə bağlı isə Jgenti ancaq onu deyib ki, “hələ lazımi icazələrini ala bilmədiyimiz biznes ideyası üçün” idi.
“Layihə hələ ki, icra olunmayıb”, – o əlavə edib.
Pirverdiyeva və Sultanova pulun mənbəyi ilə bağlı suallara cavab verməyib. Papaşvilinin hüquqlarını müdafiə edən hüquq firması isə bildirib ki, Pirverdiyevanın qızının “Esko-dakı kapitala töhfə verə biləcək rəsmi və leqal biznesi var”.
Sonradan “Esko” elektrik ötürücü qüllələrin tikintisi üçün Gürcüstan hökumətinin elan etdiyi tenderlərdən təxminən 22-də iştirak edib və uğursuz olub. Şirkətin fəaliyyəti ilə bağlı ictimaiyyətə açıq olan başqa məlumat yoxdur.
Papaşvilinin vəkilləri jurnalistlərə deyib ki, “bu şirkətin tək aktivi var və hər hansı biznes fəaliyyəti yoxdur”. Onlar “Esko”nun enerji sektorundakı tenderlərdə iştirakından xəbərsiz olduqlarını bildiriblər.
Papaşvili Azərbaycanda da şirkət payçısı olur
2017-ci ilin dekabrında Papaşvili Sumqayıtda yerləşən STDC – kriptovalyuta mədən mərkəzinin açılışında iştirak etmək üçün Azərbaycana səfər edib. O, Saint Luciada qeydiyyatda olan ofşor şirkət vasitəsilə STDC-nin kiçik payının sahibi olub. İqtidaryönlü mətbuat dövlət enerji şirkəti olan “Azərenerji”ni müəssisəyə dəstək verdiyini və onun rəhbəri Pirverdiyevin açılış mərasimində iştirak etdiyini yazıb. Açılışda iştirak edən Prezident İlham Əliyev mərkəzi təqdirəlayiq hesab edib və bunu Azərbaycanın texnoloji inkişafının təzahürü kimi qiymətləndirib. Papaşvili təsdiqləyib ki, o hələ də Saint Lucia qeydiyyatlı ofşor şirkətin sahibidir. STDC-dəki payının hazırda qalıb-qalmadığı ilə bağlı sual isə cavabsız qalıb. Bu barədə açıq mənbələrdə də məlumat yoxdur.
Pirverdiyevi Rzayev əvəz edir
2018-ci ilin iyulunda Azərbaycanın ən böyük elektrik stansiyası – Mingəçevirdə baş verən qəzaya görə bütün ölkə əziyyət çəkdi. Yayın istisində kondisioner və soyuducuların dayanması, sərnişinlərin Bakı metrosunda qalması ilə nəticələnən qəzaya görə İlham Əliyev Pirverdiyevi ictimaiyyət qarşısında danladı. “Siz sadəcə olaraq özünüzdən utanmalısınız. Bu istidə xalqa nə qədər əziyyət verdiniz!”, – Əliyev deyib.
Onun işdən çıxarılması ailə üzvlərinin gürcü biznesmenlərlə fəaliyyətinə mane olmayıb. 2019-cu ildə keçmiş rəis müavini Jgenti, Pirverdiyevin o vaxt 19 yaşında olan tələbə oğlu Elvin Pirverdi üçün Gürcüstanda şirkət qeydiyyatdan keçirərək tez bir zamanda mülk alışı həyata keçirib. Növbəti il Elvin və Papaşvili Gürcüstanın paytaxtı Tbilisidə mülkü olan və tikinti icazəsini artıq əldə etmiş şirkəti satın alıb. Şirkət satın alındıqdan sonra həmin icazə əsasında orada 9 mərtəbəli yaşayış binasının tikintisi başlayıb. Hazırda da tikinti davam edir.
2018-ci ildə Pirverdiyevin işdən azad olunmasından dərhal sonra, Balababa Rzayev “Azərenerji”nin prezidenti vəzifəsinə təyin olundu.
Onun oğlu Fuad Rzayevin də Papaşvili və Jgenti ilə biznesi var.
2022-ci ilin yanvarında, o vaxt 33 yaşı olan Fuad Rzayev də Jgentiyə oxşar səlahiyyətləri ehtiva edən etibarnamə verib. Növbəti ay Jgenti “Cabliance LLC” adlı şirkət yaradıb və hər ikisinin adından şirkətlə bağlı sənədləri imzalayıb. (Papaşvilinin hüquq firması bu etibarnamə barədə də deyib ki, “qeyri-adi bir şey deyil”.)
Bu dəfə Jgenti özü üçün də pay alıb və bunu “Çoxsaylı danışıqlarda uğurlu nəticənin əldə olunmasına görə Fuadın jesti” kimi əsaslandırıb.
Fuad və Jgentinin hər biri “Cabliance LLC”nin 25% payının sahibi olub, yerdə qalan 50% paya isə Gürcüstanın ən böyük yüksək gərginlikli elektrik kabelləri istehsalçısı “Sakcable” şirkəti yiyələnib.
Ata ilə oğulun Gürcüstan vasitəsilə ticarəti
Əsasının qoyulmasından cəmi 1 həftə sonra “Cabliance LLC” Azərbaycanın “Göknur Baku Ltd” adlı kabel şirkətinin istehsalı olan məhsulların Gürcüstana idxalı və satışı üçün müstəsna hüquqlar əldə edib.
“Göknur Bakı LTD” 2003-cü ildə Fuadın atası, Balababa Rzayev tərəfindən yaradılıb. Jurnalistlərin suallarına cavabında Balababa Rzayev deyib ki, “Göknur Bakı LTD” şirkətinin “onun özü ilə heç bir əlaqəsi yoxdur” və şirkət hazırda onun ailə üzvlərinə məxsusdur. Rzayev şirlətin hansı ailə üzvünə məxsus olduğunu deməyib.
Dövlət məmuru olaraq Rzayev özəl şirkətdəki fəaliyyətini dayandırmalı idi. Azərbaycanda korporativ sənədlər açıq olmasa da jurnalistlər “Göknur Bakı LTD”nin 2020 və 2021-ci il üçün olan maliyyə hesabatlarını əldə edib. Bu sənədlərdə görünür ki, həmin illərdə Rzayev şirkətin 70% payının sahibi olub.
Fuad Rzayev biznesini genişləndirir
Paralel olaraq Fuad Rzayev Gürcüstanda daşınmaz əmlak sektoruna da investisiya yatırmağa davam edib.
2022-ci ilin martında Jgenti Fuad üçün daha bir yeni şirkət yaradıb. O, “Rustaveli 1” MMC adlanan şirkətin təsis sənədini Fuadın adından imzalayıb. Cəmi iki gün sonra, yeni yaradılmış Rzayev “Rustaveli 1” MMC vasitəsilə Tbilisidəki başqa bir şirkəti almaq üçün 3 milyon dollar nəğd pul ödəyib. Satın alınan şirkət Gürcüstanın paytaxtında ticarət obyektlərinin sahibidir.
Həmin ticarət obyektləri hazırda aylıq icarə haqqı 21 min dollar olmaqla iki rus iş adamına kirayə verilir. Pərakəndə satış sektorunda aktiv olan iş adamları orada mağaza açmağa hazırlaşır. Papaşviliyə məxsus olan qonşu obyekt də rus iş adamlarında kirayədədir.
Başqa gürcü biznesmenlə birlikdə Rzayev 5 milyon dollara Papaşvili, onun qardaşı və daha bir iş adamının şərikli sahibi olduğu biznes mərkəzini və başqa bir biznes mərkəzinin tərkibindəki kommersiya mülklərini satın alıb.
Böyük qardaşlar
Fuad Rzayevin Gürcüstandakı biznes əlaqələri Papaşvili ilə məhdudlaşmır. Onun həm də üzüm yetişdirən kənd təsərrüfatı şirkəti “Mtsvane Bolnisi”də də payı var. Şirkətin daha iki ortaq sahibi var:
- Rafiq Həsənov, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun qardaşı
- Qivi Qiqineyişvili, Gürcüstan Dövlət Enerji şirkəti GSE-nin direktoru Qiorqi Qiqineyişvilinin qardaşı
Həyata keçirilməmiş planlar
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri Bəylər Eyyubovun oğlu Eldar Eyyubov da hələ 23 yaşı olanda Gürcüstanda enerji biznesinə başlayıb.
Onun “Kalevolt LLC” adlı şirkəti 2018-ci ilin dekabrında “Kamara Energy” adlı başqa şirkəti almaq üçün yarım milyon dollar ödəyib. Yeni alınan bu şirkət o zaman artıq Gürcüstan hökuməti ilə iki su elektrik stansiyasının tikintisi üçün memorandum imzalamışdı.
Növbəti il Eldar Eyyubov Papaşvilinin uzunmüddətli biznes partnyoru Qeorqe Kuxaleyişviliyə “Kalevolt LLC” şirkətindəki maraqlarını təmsil etmək üçün etibarnamə verib.
Qeorqe Kuxaleyişvili kimdir?
Jurnalistlər onun “Elgreen”dəki vəzifəsi ilə bağlı dəqiq məlumat tapa bilməsə də, onun da bu şirkətə daxil olduğu məlumdur. Noğaydeli OCCRP-yə müsahibəsində deyib ki, Kuxaleyişvili “Elgreen”in maliyyə məsləhətçisi olub. Kuxaleyişvilinin vəkilləri isə bildirib ki, onun şirkətdəki vəzifəsi “administrativ xidmətlərin verilməsi” olub. Papaşvilinin vəkilləri Kuxaleyişvilinin bu şirkətin əməkdaşı olduğunu təkzib edib: “Cənab Kuxaleyişvili şirkətin əməkdaşı deyil və “Elgreen”in hər hansı idarə etməsində iştirak etməyib və etmir”.
Kuxaleyişviliyə verilən etibarnamə ona;
- Eldar Eyyubovun adından idarə heyəti iclasında iştirak etmək
- Nizamnaməyə dəyişikliklər etmək
- Onun səhmlərinə dəyişiklik etmək
- Daşınmaz əmlakın alış və ya satışını təsdiqləmək
- Və digər səlahiyyətlər verib.
İki il sonra, 2020-ci ilin iyununda SES-lərin tikintisi başlamadan Eldar Eyyubov “Kamara Energy”ni 1 milyon dollara satıb.
Əməkdaşlıq: Həbib Abdullayev (Meydan TV), Xatia Nikolaişvili (GMC) və OCCRP təhlil və data komandası