“Mənə ölkəni tərk etmək üçün bir ay vaxt qoyulub”
Gürcüstan hökumətinin Almaniyadan deportasiya olunandan sonra Azərbaycanda həbs olunmuş fəal Samir Aşurovun ailəsinə siyasi sığınacaq verməkdən imtina etdiyi bildirilir.
Bu barədə fəalın həyat yoldaşı Nuranə Aşurova məlumat verib.
“Gürcüstan heç bir azərbaycanlıya oturum vermir. Mən də siyasi oturum ücün müraciət etmişdim, rədd cavabı aldım. Müsahibəmdə məni dindirən müstəntiqin suallarının hamısına sənədlə, faktlarla cavab verirdim. Gördü ki, danışdıqlarımın hec biri yalan deyil. 3-4 saat dindirildikdən sonra müstəntiq hirslə verdiyim sənədləri stolun üstünə qoyaraq dedi ki, bunların hamısının orijinalını gətirin və otaqdan çıxdı. Ölkəni tərk etməyim üçün mənə bir ay vaxt qoyulub. Əks halda deportasiya olunacağam. Üç ildir ki, küçələrdə qalmışıq. İki uşaqla hara gedəcəyimi də bilmirəm”, – Nuranə Aşurova bildirib.
Siyasi mühacir Samir Aşurov 2023-cü il martın 29-da Almaniyadan deportasiya edilib, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb.
O, Elşən Nəbiyev adlı şəxsi bıçaqlamaqda ittiham olunub və həbs edilib.
2024-cü il iyulun 21-də Samir Aşurova qarşı silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülüb.
2023-cü ilin dekabrında məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri Samir Aşurovu “siyasi məhbus” kimi tanıyıblar və hesab edirlər ki, təqibin əsl səbəbi Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz edən azərbaycanlı siyasi mühacirlərin aksiyalarında iştirak etməkdir.