Gürcüstandan deportasiya edilən jurnalist Əfqan Sadıqov artıq Bakıdadır.
Vəkil Nemət Kərimlinin “Qəzetçi”yə verdiyi məlumata görə, Əfqan Sadıqov Miqrasiya Xidmətində danışdırıldıqdan sonra sərbəst buraxılıb.
Əfqan Sadıqovun özü “Qəzetçi”yə açıqlamasında bildirib ki, onu “Qırmızı Körpü” keçid məntəqəsində Azərbaycana təhvil veriblər:
“Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil verdilər. Qazaxdan Bakıya Miqrasiya Baş İdarəsinə gətirdilər. İdarədə mənə bildirdilər ki, barəmdə qaldırılan cinayət işinə xitam verilib. O üzdən məni saxlamağa heç bir qanuni əsas yoxdur. Sərbəst buraxılmışam, Bakıdayam”.
Jurnalist Tbilisi Şəhər Məhkəməsinin qərarını qanunsuz hesab etdiyini bildirib. Həmçinin Azərbaycana deportasiyasını qadağan edən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının kobud şəkildə pozulduğunu və bu qanunsuz qərara görə Gürcüstan hökumətinin cəzalanacağını vurğulayıb.
Əfqan Sadıqov təhlükənin sovuşmadığını düşünür:
“Xaricdən deportasiya edilənlər dərhal yox, bir müddət sonra həbs edilir. Gürcüstandan qayıdan Rəşad Ramazanov, Almaniyadan deportasiya edilənlər də Bakıya döndükdən bir müddət sonra həbs edilib”.
***
Aprelin 5-nə keçən gecə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist Əfqan Sadıqovun 2000 lari məbləğində cərimə olunduğunu, ölkədən deportasiya edildiyini və üç il müddətinə Gürcüstana girişinin qadağan edildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, Sadıqov inzibati qanunvericilik çərçivəsində saxlanılıb və müvafiq iş üzrə məhkəməyə təqdim edilib. Tbilisi Şəhər Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə – sosial mediada polis əməkdaşını təhqir etməkdə – təqsirli bilib. Qərara əsasən, o, cərimə olunub, deportasiya edilib və ölkəyə girişinə qadağa qoyulub.
Məlumata görə, məhkəmə qərar verərkən Sadıqovun əvvəllər 62 dəfə müxtəlif inzibati xətalara görə məsuliyyətə cəlb edildiyini, o cümlədən toplantı və nümayiş qaydalarını pozduğunu, həmçinin iki dəfə inzibati həbs cəzası aldığını nəzərə alıb. Bundan əlavə, Azərbaycan hüquq-mühafizə orqanlarının onunla bağlı təqdim etdiyi təhlükəsizlik xarakterli məlumatların da qiymətləndirildiyi bildirilib.
Gürcüstan DİN qeyd edib ki, Azərbaycan tərəfi Sadıqovun ekstradisiyasını tələb etsə də, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) tətbiq etdiyi müvəqqəti tədbirə görə bu tələb yerinə yetirilməyib. Nazirlik əlavə edib ki, son günlər Azərbaycan Prokurorluğunun cinayət təqibini dayandırdığı barədə məlumat verilib.
Jurnalist 4 aprel gecə saatlarında Tbilisidə yaşadığı evdə polis tərəfindən saxlanılıb. Binanın dəhlizindəki müşahidə kamerası görüntülərində əvvəlcə qaz sızması bəhanəsi ilə qapının açılmasının tələb edildiyi, daha sonra isə qapının sındırılacağı bildirildiyi görünür.
Sadıqov daha əvvəl də Tbilisidə keçirilən etiraz aksiyaları zamanı yolu bağlamağa görə saxlanılmışdı.
Sadıqovun hüquqi təqibi və həbslərinin xronologiyası
Azel.TV media orqanının baş redaktoru Əfqan Sadıqov 24 dekabr 2023-cü ildən Gürcüstanda yaşayırdı.O, Azərbaycanda daha əvvəl bir neçə dəfə həbs olunub. 2016-cı ildə vəzifəli şəxsdən pul tələb etmə ittihamı ilə saxlanılıb və məhkəmə tərəfindən azadlıqdan məhrum edilib. Sadıqov ittihamları rədd edib, müdafiəçiləri isə işi onun jurnalist fəaliyyəti ilə əlaqələndirib. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Sonrakı dövrdə də onun müxtəlif inzibati işlər üzrə məsuliyyətə cəlb olunduğu bildirilib.
Gürcüstanda yaşadığı müddətdə Sadıqov bir neçə dəfə inzibati qaydada saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, o, ümumilikdə 62 dəfə müxtəlif inzibati xətalara görə məsuliyyətə cəlb edilib, o cümlədən toplantı və nümayiş qaydalarını pozmaqda və iki dəfə inzibati həbs cəzası alıb.
2024-cü ilin avqustunda Sadıqov Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında saxlanılıb və Tbilisi Şəhər Məhkəməsi onun barəsində ekstradisiya məqsədilə həbs qətimkan tədbiri seçib. O, Azərbaycana ekstradisiyaya etiraz olaraq 2025-ci ilin fevralında quru aclıq aksiyası elan edib.
2025-ci ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyasını qadağan edən müvəqqəti tədbir tətbiq edib. 2025-ci ilin aprelində isə o, doqquz aylıq həbsdən sonra girov müqabilində azadlığa buraxılıb.
Hüquq müdafiəçilərinin mövqeyi
Əfqan Sadıqovun hüquqlarını müdafiə edən Sosial Ədalət Mərkəzinin rəhbəri Tamta Mikeladze Gürcüstan DİN-in açıqlamasını tənqid edərək onun həqiqətə uyğun olmadığını bildirib.
Onun sözlərinə görə, AİHM-in müvəqqəti tədbiri məhkəmə tərəfindən ləğv olunmayana qədər qüvvədə qalır və bu iş Gürcüstanın beynəlxalq hüquq öhdəliklərini pozduğu ilk hallardan biridir. Mikeladze bildirib ki, məsələ ilə bağlı AİHM-ə müraciət edilib və yeni müvəqqəti tədbir tələb olunub.
O qeyd edib ki, Sadıqov həbsdən azad edildikdən sonra Gürcüstanı tərk etmək istəyib, lakin məhkəmə məhdudiyyətlər tətbiq edib. Ailəsinin Avropada siyasi sığınacaq aldığı, jurnalistin onlarla birləşmək istədiyi vurğulanıb. Humanitar viza prosesi başladığı halda, ölkəni tərk etmə qadağası səbəbindən bu proses dayandırılıb.
Mikeladzenin sözlərinə görə, Azərbaycan tərəfindən cinayət təqibi dayandırılsa da, Sadıqovun pasportu ləğv edilib və bu qərar əsaslandırılmayıb. Nəticədə, ona ölkəni könüllü tərk etmək imkanı verilmədən birbaşa Azərbaycana deportasiya edildiyi bildirilir.
Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, hazırda jurnalistin harada olduğu və Azərbaycanda hansı vəziyyətlə üzləşdiyi barədə məlumat yoxdur. O, AİHM və Avropa Şurası Nazirlər Komitəsinin bu məsələyə reaksiya verəcəyini gözlədiyini bildirib.