“Biz uzun tarixə malik olan qürurlu və özümüzə hörmət edən xalqıq”
Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edir.
Bu bəyanatla ölkənin Baş naziri İrakli Kobaxidze çıxış edib.
Onun sözlərini “Rustavi 2” telekanalı sitat gətirib.
“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik”, – Baş nazir bildirib.
Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqının hər hansı büdcə qrantlarından da imtina edir.
O qeyd edib ki, 2028-ci ilin sonu Gürcüstanı Aİ üzvlüyünə hazırlamaq üçün ən uyğun vaxtdır.
Nazirin sözlərinə görə, iqtisadi baxımdan əlverişli olan bu vaxt ərzində görülən işlər nəticəsində Gürcüstan 2030-cu ildə təşkilata üzv ola bilər.
Kobaxidze həmçinin bildirib ki, Gürcüstanla Aİ arasında münasibətlər ikitərəfli xarakter daşıyır və yalnız ikitərəfli ola bilər.
“Biz uzun tarixə malik olan qürurlu və özümüzə hörmət edən xalqıq, ona görə də Aİ-yə inteqrasiyanı Aİ-nin bizə göstərməli olduğu lütf kimi qəbul etməyimiz qətiyyən qəbuledilməzdir”, – Baş nazir bildirib.
2024-cü ilin iyulunda Avropa İttifaqının Gürcüstanın birliyə qoşulması prosesini dayandırdığı xəbəri yayılıb.
Qərar Gürcüstanda “Xarici agentlər haqqında” Qanunun qəbulundan qısa müddət sonra elan edilib və tənqidçilər Rusiyanın oxşar qanunu ilə müqayisə edirlər.
Qanun hakim “Gürcü Arzusu” Partiyasının təşəbbüsü ilə qəbul edilib.
Gürcüstanda Parlament seçkiləri oktyabrın 26-da keçirilib.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası nəticələri təsdiqləyib, hakim “Gürcü Arzusu” 89 deputat mandatı, dörd müxalifət partiyası ümumilikdə 61 mandat əldə edib.
Müxalifət seçkilərin nəticələrini saxta adlandırıb və deputat mandatlarından imtina etmək qərarına gəlib.
Avropa Parlamenti Gürcüstanda oktyabrın 26-da keçirilmiş seçkilərin azad və ədalətli olmadığını bildirən qətnaməni təsdiqləyib.
Millət vəkilləri bir il ərzində müstəqil seçki administrasiyası və yaxın beynəlxalq nəzarət altında yeni seçkilərin keçirilməsini istəyiblər.