D
övlət Gömrük Komitəsi:
“Bel
ə
bir hadis
ə
olub, lakin bu haqda m
ə
tbuata a
çı
qlama ver
ə
bilm
ə
rik”
Gürcüstan mətbuatındakı həmkarlarımızın Meydan TV-yə verdiyi məlumata görə, bu həftə Azərbaycan-Gürcüstan sərhədində gürcü deputatları saxlanılıb. Xəbərdə bildirilir ki, millət vəkilləri Zurab Djafaridze və İrma Nadiraşvilinin üzərilərində olan 1 milyon dollar pul vəsaiti Azərbaycan sərhədində müsadirə olunub. Həmkarlarımız pulun deklorasiyada göstərilmədiyini deyiblər.
Xəbərdə o da qeyd olunur ki, pulları müsadirə olunan millət vəkilləri hazırda Gürcüstan ərazisindədirlər. Gürcü jurnalistləri deputatlara bu barədə suallar ünvanlasalar da, onlar olayı təkzib ediblər.
Amma qonşu ölkənin mətbuatı deputatlarının qarşılaşdıqlarının gerçək olduğunu israr edirlər.
Deputatların yaşadığı hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin mətbuat şöbəsindən Meydan TV-yə bildirdilər ki, maddi vəsaiti Dövlət Gömrük Komitəsi müsadirə edib.
Dövlət Gömrük Komitəsi isə öz növbəsində çoxsaylı telefon zənglərimizi cavabsız qoyduğu üçün birbaşa komitənin yerləşdiyi ünvana yollanmalı olduq. Komitədə əməkdaşlarımızı qarşılayan və özünü Məhəmməd Məhəmmədov kimi təqdim edən şəxs əvvəlcə mətbuat xidmətinin nahar fasiləsinə çıxdığını, sonra mətbuat işçilərinin tədbirdə olduğunu bildirdi. Daha sonra isə öyrənmək istədiyimiz informasiya haqqında məlumat verilməyəcəyini söylədi. O, nahardan sonra qəbul otağına yaxınlaşmağı məsləhət bilib ardınca təhqiramiz ifadələr işlədib pəncərəni əməkdaşlarımızın üzünə çırpdı.
Ancaq fasilədən sonra “Qəbul Otağı”ndan aşağıdakı cavabı aldıq:
“Bir dəqiqə gözləyin. Mən mətbuat şöbəsinin qəbul günlərinə baxım. (Önündəki siyahıya baxır-red.) Mən baxdım, burada mətbuat şöbəsinin qəbul günləri yoxdur (?). Ona görə də siz yenidən birinci yaxınlaşdığınız qapıya yaxınlaşın. Xahiş edin ki, sizi Natiq bəylə (Natiq Axundov Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi-red) əlaqələndirsinlər”.
Yenidən əməkdaşlarımız qovulduqları ünvana üz tutdu. Və “Qəbul otağı”nın dediklərini yuxarıda adıçəkilən şəxsə – M.Məhəmmədova çatdırdı. Amma o Natiq Axundovun komitə sədri ilə birgə rayonda olduğunu, mətbuat işçilərindən heç kəsin bu haqda danışa bilməyəcəyini bildirdi. Sonra isə yenidən üslubuna sadiq qalaraq, təhqiramiz ifadələr işlədib hədə-qorxu gəldi.
Qeyd edək ki, həm Dövlət Sərhəd Xidməti, həm də Dövlət Gömrük Komitəsi ilə əməkdaşlarımızın danışıqları informasiyanın doğruluğunu təsdqiləyir. Dövlət Gömrük Xidmətində isə faktın detallarının mətbuat üçün qapalı olduğunu bildirdilər. Əməkdaşlarımızın israrlı suallarına Məhəmməd Məhəmmədov sonda belə şərh verib: “Belə bir hadisə olub. Lakin bu haqda mətbuata açıqlama verə bilmərik”.