Gürcü Arzusu: “Tezliklə Böyük Britaniyadan nə Böyük, nə də Britaniya qalacaq”

“Gürcü arzusu”. Foto: Reuters

Hakim Gürcü Arzusu Partiyasının üzvləri Böyük Britaniyanın hökumətyönlü iki media qurumuna sanksiya tətbiq etməsini tənqid ediblər. “Gürcü Arzusu”nun yüksəkvəzifəli üzvü İrakli Kirtsxalia bildirib ki, “tezliklə Böyük Britaniyadan nə Böyük, nə də Britaniya qalacaq”.

OC Media yazır ki, Böyük Britaniya çərşənbə axşamı İmedi və POSTV-yə qarşı sanksiyalar elan edib. Hər iki media qurumu “Rusiya dezinformasiyasında iştirak edən qurumlar” kimi siyahıya daxil edilib və onların auditoriyasına Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı ilə bağlı “qəsdən yanıldıcı məlumat” yaymaqda ittiham olunduqları bildirilib.

Sanksiyalar hər iki televiziya kanalı tərəfindən tənqid olunub. İmedi Britaniya sanksiyalarının heç bir dəyəri olmadığını deyərək, Britaniya hökumətini keçmiş hakim Vahid Milli Hərəkatı (VMH) dövründə ofislərinə basqın edilərkən belə dəstəkləməkdə ittiham edib.

Televiziya kanalı əlavə edib ki, İmedi TV üçün yeganə dəyərli qiymətləndirmə Gürcüstan xalqının etimadıdır”.

Qısa müddət sonra Gürcüstan hökumətinin nümayəndələri də sanksiyalarla bağlı Böyük Britaniyanı qınayıblar.

Gürcü Arzusu-nun parlament rəhbəri vəzifəsini icra edən Kirtsxalia Partiyasının ritorikasını təkrarlayaraq bildirib ki, Böyük Britaniya da daxil olmaqla bir sıra Avropa ölkələri “dərin dövlət” tərəfindən idarə olunur. O, bu kontekstdə Böyük Britaniyanın qısa müddət vəzifədə olmuş keçmiş Baş naziri Liz Trussun “dərin dövlət”lə bağlı iddialarına istinad edib.

Londonu “başqa ölkədə söz azadlığına müdaxilə etməkdə” ittiham edən Kirtsxalia bildirib ki, Böyük Britaniya son illərdəki “iqtisadi durğunluq və ən ciddi miqrasiya problemləri” də daxil olmaqla öz problemlərinə diqqət yetirsə, daha yaxşı olar.

“Hadisələr elə inkişaf edir ki, böyük ehtimalla tezliklə Böyük Britaniyadan nə Böyük, nə də Britaniya qalacaq. Məhz buna görə biz xüsusi narahatlıq və təəssüf ifadə edirik”, – deyə o əlavə edib.

Baş nazir İrakli Kobaxidze də sanksiyalara münasibət bildirərək onları “gülünc” və “biabırçı” adlandırıb. O, həmçinin iddia edib ki, indiki Böyük Britaniyada “nə media azadlığına, nə də digər fundamental insan hüquqlarına ümumiyyətlə dəyər verilmir”.

“Bu gün Avropa bürokratiyasında formalaşmış vəziyyət sadəcə faciəvidir”, – deyə o əlavə edib.

Sanksiyalardan sonra televiziya kanallarının gələcəyi ilə bağlı suala cavab verən Kobaxidze vurğulayıb ki, “bütün dövlətə məxsus şirkətlər, eləcə də özəl şirkətlər hər iki televiziya kanalı ilə əməkdaşlığı davam etdirməlidir”.

Böyük Britaniya hər iki quruma qarşı eyni üç növ sanksiya tətbiq edib – “aktivlərin dondurulması, etimad xidmətlərinə dair sanksiyalar və direktor vəzifəsindən məhrumetmə sanksiyası”. Bu o deməkdir ki, şirkətlərin Böyük Britaniyada saxlanılan bütün aktivləri və ya əmlakı dondurulacaq, Böyük Britaniya vətəndaşlarının həmin şirkətlər üçün trastların yaradılmasına və ya idarə olunmasına yardım etməsi qanunsuz olacaq və şirkətləri idarə edən şəxslərə Böyük Britaniyada fəaliyyət göstərən digər şirkətlərə rəhbərlik etmək qadağan ediləcək.

Sanksiyaların iki yayımçıya necə təsir göstərəcəyi hələ aydın deyil. Lakin ölkənin iki ən böyük bankı – TBC və Bank of Georgia – London Fond Birjasında qeydiyyatdan keçib.

Bundan əlavə, Gürcüstan Milli Bankı 2023-cü ilin sentyabrında bəyan edib ki, Gürcüstan ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara tam şəkildə əməl edir.

OC Media Milli Bankdan Böyük Britaniyanın televiziya kanallarına qarşı sanksiyaları ilə bağlı siyasətinin necə olacağını soruşub. Bank hələlik cavab verməyib və ya məsələ ilə bağlı ictimai açıqlama yaymayıb.

Son illərdə Gürcüstanda demokratik geriləmə, o cümlədən məhdudlaşdırıcı qanunların qəbul edilməsi və hökumət əleyhinə etirazçılara qarşı zorakılıq halları fonunda Tbilisi ilə London arasında münasibətlər kəskin şəkildə pisləşib.

London bundan əvvəl bir sıra yüksək rütbəli təhlükəsizlik rəsmilərinə, o cümlədən həmin vaxtkı daxili işlər naziri Vaxtanq Qomelauri və yüksək vəzifəli polis əməkdaşlarına, eləcə də tənqidçilərin Gürcüstan məhkəmələrində hökumətyönlü “klan”ın liderləri hesab etdiyi nüfuzlu hakimlərə qarşı sanksiyalar tətbiq etmişdi.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərGürcü Arzusu: “Tezliklə Böyük Britaniyadan nə Böyük, nə də Britaniya qalacaq”