Milli Şura sədrinin qızı qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət edib
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına aid görüntülərin gizli çəkilməsi və yayılmasıyla əlaqədar bu ilin aprelində Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsilə cinayət işi başlanmışdı. Həmin cinayət işi üzrə icraat dayandırılıb. Bundan narazı qalan Günel Həsənli həmin qərarın ləğvi üçün Xətai Rayon Məhkəməsinə müraciət edib.
Bu iş üzrə araşdırmalar Bakı şəhər Baş Polis İdarəsində – İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində aparılırdı. İcraatın dayandırılması haqqında qərarda iddia olunur ki, istintaq dövründə şahidlər dindirilib, yayılan videogörüntülərin gizli çəkildiyi hadisə yerinə baxış, məhkəmə kompüter texniki ekspertizası keçirilib, alınmış ekspert rəyi iş materiallarına əlavə olunub:
“Cinayət Prosessual Məcəlləsinin 53.1.1 (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda) maddəsinə əsasən, cinayət işinin icraatının dayandırılması haqqında qərar qəbul edilib”.
Günel Həsənli məhkəməyə müraciətində bu qərarın əsassız olduğunu vurğulayıb və onun ləğvini istəyib. Günel Həsənli hesab edir ki, obyektiv istintaq aparılsaydı, cinayəti törədən şəxsləri qısa müddətdə müəyyənləşdirib, cinayət məsuliyyətinə cəlb etmək olardı.
O, hüquq-mühafizə orqanlarına müraciətində yayılan görüntülərdə onunla birlikdə olan Mahir Əliverdiyevdən şübhələndiyini göstərib: “Düşünürəm ki, Mahir bu işləri özbaşına etməyib. Mənimlə dost olması, özünü mənə yaxın etməsi, sonra isə intim görüntülərimin yayılması atamın siyasi fəaliyyətinə, ölkə prezidentini tənqid etməsinə görə idi. Hökumətin atamdan qisas almaq üçün məndən istifadə etdiyini düşünürəm”.
Günel Həsənli gizli çəkilişin aparıldığı mənzilin sahibi Sevda Məmmədovanın da istintaqa cəlb olunması, onunla Mahir Əliverdiyev arasındakı münasibətlərin aydınlaşdırılması, sözügedən mənzilin hansı şərtlərlə ona icarəyə verilməsi və s. məsələlərin araşdırılmasının vacib olduğunu düşünür. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinə vəsatətlər də vermişdi.
Mahir Əliverdiyev Bakı Şəhər Baş Polis İdarəsində dindirilərkən ünvanına səslənən ittihamları rədd edib, Günel Həsənlinin şəxsi həyatına aid görüntülərin yayılmasına aidiyyəti olmadığını deyib.
Bu qalmaqalda adı hallanan Mahir Tahir oğlu Əliverdiyevin adına prezidentin rəsmi səhifəsində də rast gəlmək olur. O, hələ bu olaydan 1 il öncə – 2020-ci ilin fevralında İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsilə bağlı keçirilən panel müzakirələrdəki çıxışına görə ona minnətdarlıq məktubu yazıb:
“Panel müzakirələrdəki çıxışınız dövlətimizin qüdrətli bir liderə sahib olduğunu bir daha sübut etdi. Kəsərli faktlarla düşmənimizi gülünc və rəzil vəziyyətə saldığınıza görə Sizə eşq olsun!
Bu möhtəşəm çıxışınızdan sonra Azərbaycan xalqı və bütün dünya Ermənistan Baş nazirinin düşdüyü vəziyyətə gülür. Sizin bu çıxışınız bizə Qarabağımızı işğaldan azad etmək kimi xoş bir hiss yaşatdı. Vətənimizə, Qarabağımıza görə canımızdan keçməyə hər zaman hazırıq.
Cənab Prezident, Sizinlə qürur duyur və fəxr edirik!
Allah Sizə uzun ömür, cansağlığı bəxş etsin!”