“Xəbərim olmadan mənə vəkil də tutublar ki, işi icraata götürüb axtarışa versinlər”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli noyabrın 30-da Brüsseldən qayıdarkən gecə 03.30-da Bakı hava limanında saxlanılıb.
Bu barədə Gültəkin Hacıbəyli özü Meydan TV-yə danışıb.
Nəsimi Rayon Polis İdarəsinə aparılan Hacıbəyli daha sonra sərbəst buraxılıb.
“Məni hava limanında iki saatdan çox saxlayıblar. Dedilər ki, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə ittiham olunuram. Ardınca məni Nəsimi Rayon Polis İdarəsinə apardılar”, – deyə o bildirib.
Keçmiş deputatın sözlərinə görə, ölkədə olmadığı, xəbərdar edilmədiyi, SMS xəbərdarlığı almadığı halda ona xüsusi ittiham qaydasında cinayət işi açıblar.
O, Meydan TV-yə deyib ki, şikayət edən şəxs isə Leyla Arif adlı bir vətəndaşdır:
“Təsəvvür edin ki, “Facebook”da Leyla Arif adlı bir nəfərin statusunun altında yazdığım şərhə görə mənə cinayət işi açıblar. Həmin status da bir neçə gündən sonra silinib, yəni olmayan şərhə görə iş açılır. İkincisi, xəbərim olmadan mənə vəkil də tutublar ki, işi icraata götürüb axtarışa versinlər”.
“Məni özlərinin ən zəif, mənim ən güclü yerimdən vurmaq qərarına gəliblər. Çox sağ olsunlar, gerçəkdən də buna görə onlara minnətdaram”, – deyə Hacıbəyli əlavə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Gültəkin Hacıbəyli araşdırma aparılması üçün aidiyyəti üzrə polis idarəsinə dəvət olunub.
Leyla Arif də öz “Facebook” səhifəsində məsələyə aydınlıq gətirib.
“Bu ölkədə Gültəkin Hacıbəylini məhkəməyə verirəm, deyirlər “dövlətin agentisən”, müxalifətin fəalların dəstəkləyirəm, deyirlər “5-ci kolonsan”, talış kimliyimi müdafiə edirəm, deyirlər “separatçı, İRAN agentisən”.
Dövlətimizdə, günü gündən, özünə demokrat, deyən axmaqların, cahillərin, savadsızların, despotların debillərin, sayı artmaqdadır. Mən üzülürəm ki, özünü demokrat müxalifət adlandıran bir kəsim, söz azadlığı, azad fikir ifadəsindən uzaqdırlar. Müxalifət, demokratiya, Azərbaycanda, ancaq İlham Əliyevi təhqir, tənqid etməkdən ibarət deyil. Müxalifətə də müxalifət ola bilər”.
Leyla Arif yazıb ki, Əlikram Hümbətovdan müsahibə aldığı üçün Gültəkin Hacıbəyli onu separatçı adlandırıb. Buna görə də məhkəməyə müraciət edib:
“Əlbəttə, mənə separatist deyən hər kəsi məhkəməyə verəcəm, bundan sonra ancaq belə olacaq. Siz talış sözü üçün, separatist sözünü sinonim olaraq istifadə edə bilməzsiz.
Əlikrəm Hümbətovdan intervyu götürmüşəm deyə mənə separatist deyən adamı bir daha məhkəməyə verəcəm. Niyə tələsirsiz ki, sizləri demokrat olmağı mən öyrədəcəm!”
Gültəkin Hacıbəyli 2000 və 2005-ci illərdə Goranboy rayonundan millət vəkili seçilmişdi.
O, bundan öncə də keçmiş həyat yoldaşının qohumları tərəfindən məhkəməyə verilmiş, böyük məbləğdə təzminat ödəməyə məcbur edilmişdi. Sözügedən işlərlə bağlı şikayətləri hazırda Avropa Məhkəməsinin icraatındadır.
Leyla Arifin adını çəkdiyi Əlikram Hümbətov 1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. 1993-cü ildə özünü Talış-Muğan Muxtar Respublikasının prezidenti elan etdiyi üçün həbs edilib. Sonradan Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə fəaliyyət göstərməkdə ittiham edilərək vətəndaşlıqdan çıxarılıb. 2004-cü ildən Niderlandda yaşayır.