Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin İstanbulda G-82 məhdudiyyət kodu ilə saxlanılması Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılıb.
DEM Partiyasının ( Xalqların Bərabərlik və Demokratiya Partiyası) Kocaeli millət vəkili Ömər Faruk Gergerlioğlu daxili işlər naziri Əli Yerlikayaya ünvanladığı 14 bənddən ibarət sorğuda Gültəkin Hacıbəylinin G-82 kodu ilə saxlanılması və ölkədən çıxarılması ilə bağlı hüquqi əsaslar, Azərbaycan tərəfdən rəsmi müraciətlərin olub-olmaması, fərdi risk qiymətləndirməsi, inzibati nəzarət qərarı və onun prosedurları, eləcə də Hacıbəylinin və digər əcnəbilərin hüquqlarına nəzarət mexanizmləri barədə soruşub.
Gergerlioğlu həmçinin G-82 kodunun hansı tarixdə və hansı qurumun qiymətləndirməsi əsasında tətbiq edildiyini, bu kodun rəsmiləşdirilməsi zamanı Nazirliyə təqdim olunan məlumatın mənbəyini sual edib.
O, Gültəkin Hacıbəylinin Türkiyədə olduğu müddətdə hər hansı cinayət işi, axtarış qərarı və ya ictimai asayişə dair konkret hadisə ilə bağlı prosedurun olub-olmamasını, onun etibarlı yaşayış icazəsi və qanuni qalma müddətini, həmçinin “Türkiyəni tərk etməyə dəvət” prosedurunun işə salınıb-salınmadığını bilmək istəyib.
Gergerlioğlu inzibati nəzarət qərarını hansı orqanın və hansı əsaslarla verdiyini, qərarın özünə və ya vəkilinə nə vaxt təqdim olunduğunu, vəkilə çıxış, ailə ilə əlaqə, tərcüməçi və tibbi xidmət hüquqlarının təmin olunub-olunmadığına dair suala da cavab verilməsini istəyib.
O, həmçinin Azərbaycana göndəriləcəyi halda siyasi motivli həbs və pis rəftar riski iddiaları fonunda “geri göndərməmə” prinsipi və “Xaricilər və Beynəlxalq Müdafiə Qanunu”nun 55-ci maddəsi üzrə fərdi risk qiymətləndirilməsinin aparılmasını tələb edib.
Nəhayət, 2023–2025-ci illərdə Azərbaycan vətəndaşları barəsində G-82 kodu ilə verilən deportasiya və inzibati nəzarət qərarlarının sayı ilə bağlı rəsmi izahat istəyib.
Gültəkin Hacıbəyli noyabrın 30-da polis tərəfindən Türkiyədə yaşadığı evindən aparılaraq “milli təhlükəsizlik üçün təhlükə yaradan xaricilər” kateqoriyası ilə G-82 kodu altında idarə nəzarətinə götürülüb.
O, bu qərarı siyasi xarakterli sayır və geri göndərilməsi halında həbs olunacağını bildirib.
Gültəkin Hacıbəylinin noyabrın 29-da Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqədar saxlanıldığı ehtimal edilir.
Noyabrın 30-da Milli Şuranın sədri Cəmil Həsənli də Dövlət Təhlükəsizlik Xidmətinə çağırılaraq, şahid qismində ifadəsi alınıb.
Hökumət mediasında müxalif siyasətçilərə qarşı baş verən həbs və dindirilmələrin Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı bildirilib.
Dekabrın 1-də Əli Kərimli və Məmməd İbrahim barəsində hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Gültəkin Hacıbəyli Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə işbirliyində olması ittihamını absurd adlandırıb.