Gültəkin Hacıbəyli: “Deportasiya olunsam, bu, Türkiyənin Azərbaycandakı repressiyalara dəstəyi deməkdir”

Gültəkin Hacıbəyli – Foto: Şəxsi “Facebook” səhifəsindən

Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli hazırda Türkiyədəki Arnavutköy deportasiya mərkəzində saxlanıldığını təsdiqləyib.

Bu barədə Gültəkin Hacıbəyli özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, noyabrın 29-da gecə saatlarında oğlu ilə birgə kirayə yaşadığı evə gəlmiş 4 polis əməkdaşı onu məcburi qaydada həmin mərkəzə aparıblar.

“Xatırladım ki, mən sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və Türkiyədə qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum iznim var. Və burada olduğum müddətdə heç bir qayda pozuntusuna yol verməmişəm”, – Gültəkin Hacıbəyli belə yazıb.

Siyasətçi qeyd edib ki, onu Türkiyədən Azərbaycana deportasiya etmək üçün hazırlıq işləri görülür.

“Hazırda məni Türkiyədən qanunsuz və əsassız şəkildə deportasiya edib Azərbaycana göndərməkdən ötrü barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan (“kamu güvenliğine tehlike yaratan”) xarici terrorçulara verilən G-82 maddəsi tətbiq edilərək burada saxlayırlar və Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir”.

Gültəkin Hacıbəyli bildirib ki, məsələ ilə bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkili vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək.

“Mən buradan Türkiyə hakimiyyətinə müraciət edirəm ki, Azərbaycan hakimiyyətinin təzyiqləri ilə hüquqa zidd belə bir qanunsuz qərar qəbul etməkdən çəkinin. Mən 10 il Azərbaycanı Avropa Şurasında təmsil edən millət vəkili olmuşam, Azərbaycan müxalifətinin liderlərindən biri kimi hər zaman demokratik, dinc və sivil mübarizə tərəfdarı olmuşam. Bir daha bildirirəm ki, bu günə qədər siyasi fəaliyyətimdə hər hansı qanun pozuntusuna yol verməmişəm və bu gün Azərbaycan hakimiyyətinin təzyiqlərinə görə məni heç bir əsas olmadan G-82 maddəsi ilə “xarici terrorçu” kimi Türkiyədən deportasiya etmək yolverilməzdir”.

Siyasətçi qeyd edib ki, əgər onun deportasiyası həyata keçirilərsə, bu, Azərbaycan müxalifətinə qarşı bu gün həyata keçirilən repressiyalara Türkiyə hakimiyyəti tərəfindən dəstək anlamına gələcək. O vurğulayıb ki, Azərbaycana deportasiya ediləcəyi halda həbs olunacaq. Bu səbəbdən o, Türkiyə hakimiyyətini belə bir addım atmazdan öncə bir daha düşünməyə çağırıb.

Gültəkin Hacıbəyli, noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb. Onun noyabrın 29-da Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqədar saxlanıldığı ehtimal edilir.

Noyabrın 30-da Milli Şuranın sədri Cəmil Həsənli də Dövlət Təhlükəsizlik Xidmətinə çağırılaraq, şahid qismində ifadəsi alınıb.

Hökumət mediasında müxalif siyasətçilərə qarşı baş verən həbs və dindirilmələrin Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı bildirilib.

Dekabrın 1-də Əli Kərimli və Məmməd İbrahim barəsində hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Gültəkin Hacıbəyli Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə işbirliyində olması ittihamını absurd adlandırıb. Siyasətçi iki illik rəsmi oturum izni olmasına baxmayaraq Türkiyədən Azərbaycana deportasiya olunacağını istisna etməyib:

“Görünür, Azərbaycan hakimiyyətinə Ramiz Mehdiyev olayı müxalifəti sıradan çıxarmaq üçün bir vasitə kimi lazımdır. Buna görə mən də təəssüf edirəm”.

Ana səhifəSiyasətGültəkin Hacıbəyli: “Deportasiya olunsam, bu, Türkiyənin Azərbaycandakı repressiyalara dəstəyi deməkdir”