Siyasi təhlilçilər yeni düzənin mümkün fəsadları barədə…
Hazırda beynəlxalq siyasətin ən aktual mövzusu Rusiya və ABŞ arasında danışıqlardır. Moskva ABŞ-ın simasında kollevtiv Qərbə ultimativ xarakterli təkliflər verib. Rusiya NATO-nun 1997-ci ilə qədər olan sərhədlərə qayıtmasını tələb edib. Tələblər arasında keçmiş SSRİ-yə daxil olan respublikaların Rusiyanın nüfuz dairəsi olaraq tanınması, Ukrayna və Gürcüstanın Şimali Atlantik Alyansa üzvlük məsələsinin birdəfəlik olaraq arxivə göndərilməsi, NATO qoşunlarının Bolqarıstan və Rumıniya ərazilərindən çıxarılması da var. Bu təkliflər əsasında başlanan danışıqları bir çox ekspert yeni dünya düzəninin formalaşması, dünyanın yenidən bölünməsi kimi qiymətləndirdi. Təbii ki, bu fonda ilk olaraq nisbətən kiçik ölkələrin super dövlətlərin hər hansı bir razılaşmasının qurbanı olması təhlükəsi müzakirə mövzusuna çevrilir.
“Danışıqlar dalana dirənib”
Mövzunu Meydan TV üçün şərh edən siyasi təhlilçi Azər Qasımlı qeyd edib ki, Rusiyanın Ukraynanı, Gürcüstanı, Azərbaycanı kənara qoyub onlarla danışmadan birbaşa ABŞ-a təkliflər verməsi və Vaşinqtondan yazılı təminat istəməsi üçüncü ölkələrin maraqlarını heçə endirərək dünyanın iki güc arasında bölüşdürülməsindən xəbər verir.
“Ancaq Vaşinqtonun da bunun müqabilində digər ölkələrin, xüsusən Ukraynanın müstəqil ölkə kimi öz maraqlarının olmasını və hər hansı birliyə üzvlüklə bağlı özünün qərar verə bilməsini deməsi ABŞ-ın dünyanı Rusiya ilə bölmək istəməməsinin göstəricisidir”, – təhlilçi deyib.
Onun fikrincə, ABŞ digər ölkələrin də maraqlarına önəm verir, bu məsələdə diqqətlidir.
“Amma bağlı qapılar arasında nələrin danışıldığını təəssüflər olsun ki, bilmirik. Hətta Rusiya mediasının 21 yanvar Lavrov-Blinken görüşündən sonra müəyyən manipulyasiyaları var. Görünən odur ki, Vaşinqton Moskvaya qapalı görüşdə müəyyən təminatlar verib, sadəcə, bunun ictimailəşməməsini xahiş edib”, – Azər Qasımlı bildirib.
Təhlilçi hesab edir ki, Ukrayna prosesi bitəndən sonra iki dövlət arasında hansı anlaşmaların olduğunu bilmək olar.
Digər ölkələrin bu danışıqların nəticəsində hər hansı fəsadla qarşılaşmasının mümkünlüyü barədə danışan Azər Qasımlı Qərbin Ukrayna məsələsində geri çəkilməsini gözləmədiyini deyib.
“Bu, ABŞ üçün fiasko anlamına gələrdi. Digər tərəfdən də Rusiya bu prosesi uduzur və Moskvanın qalib gəlmə ehtimalı olduqca aşağıdır. Mənə elə gəlir ki, danışıqlar artıq dalana dirənib”, – deyib.
Azərbaycanın belə bir mürəkkəb beynəlxalq münasibətlər fonunda, fəsad görməmək üçün hansı xarici siyasət kursuna üstünlük verməsinə gəlincə, təhlilçi ölkənin çətin coğrafiyada yerləşdiyini, qonşuluqda İran və Rusiya kimi böyük, bölgədə maraqları olan dövlətlərin olduğunu xatırladıb.
“Bu dövlətlərin tarixən mövcud olmuş davranışları da müəyyən mənada nəzərə alınmalıdır. Azərbaycan Türkiyə, ABŞ və Avropa Birliyindən müstəqilliyinə təminatlar ala bilməsə, İran və Rusiyanın təsiri altına düşəcək. Təbii ki, Rusiya bölgədə hazırda İrandan qat-qat güclü olduğuna görə Moskva söz sahibi olacaq. Beləliklə, biz artıq Rusiyanın tam nəzarəti altına keçəcəyik, müstəqilliyimiz də nominal xarakter daşıyacaq”.
Onun fikrincə, bu situasiyada xarici siyasət baxımından iki məqamı nəzərə almaq lazımdır: birincisi, Rusiya ilə heç bir halda aqressiv danışmamaq, yaxın qonşuluq siyasəti aparmaq və Finlandiya modeli və Qars müqaviləsini həyata keçirməlidir.
“Bu, o deməkdir ki, Bakı Moskva ilə imzalayacağı anlaşmada hərbi blokun üzvü olmayacağı və başqa ölkənin hərbi bazalarını ölkə ərazisində yerləşdirməyəcəyini deməlidir. Bunun müqabilində də Rusiya Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, sülhməramlı kontingentini də bölgədən çıxaracaq”.
Onun fikrincə, Qars müqaviləsinə istinad isə bu məsələdə Türkiyə və Qərbin qarant kimi olması deməkdir. Təhlilçi qeyd edib ki, Rusiya da həmin dövlətlərin qarantiya durmasını qəbul etməlidir.
“Əgər ABŞ-dan yazılı qarantiya istəyən Rusiya Azərbaycana bunu vermirsə, Bakı Ankarayla tam hərbi müttəfiqliyə getməlidir. Konkret olaraq, məhz Şuşada Türkiyənin hərbi bazalarının yerləşməsi, hətta NATO-ya üzvlüyü də hədəf seçməlidir və xarici siyasəti tam Qərbə yönləndirməlidir. Əgər buna getməsək, Rusiya bu gün Ukrayna və Qazaxıstanla davrandığı kimi sabah da bizimlə davranacaq”, – Azər Qasımlı deyib.
“Moskvanın tələbləri qəbul olunmur”
1992-ci ildə milli təhlükəsizlik nazirinin müavini olmuş Azərbaycan Demokrat Partiyasının həmsədri Sülhəddin Əkbər də Rusiyanın dünyanın yenidən bölünməsi kimi niyyətinin olması fikri ilə razıdır.
“Bu niyyət açıqdır və dəfələrlə də dilə gətirib. Amma bu niyyət ABŞ başda olmaqla Qərb tərəfindən qəbul edilmir. Ona görə də Rusiya açıq yox, qapalı danışıqlarda dilə gətirir. Hazırda Rusiyanın ultimativ şəkildə iki sənəd halına salınan tələbləri bu dövlətin istəkləri sayıla bilər”, – Sülhəddin Əkbər deyib.
Onun fikrincə, həmin sənədlərdən dünyanın, xüsusən də Avrasiyanın təsir zonalarına bölünməsi açıq şəkildə görünür.
“Rusiya deyir ki, biz artıq güclənmişik, SSRİ-nin varisi olaraq öz təsir zonamıza yenidən dominantlıq etmək gücünə sahibik. Prinsipial məsələlərdə, xüsusən də NATO-nun genişlənməsi, yenidən Avrasiyanın təsir sferalarına bölünməsi, beynəlxalq hüquq, Avropa təhlükəsizliyi ilə bağlı yanaşmalarda Moskvanın qeyri-qanuni tələbləri qəbul olunmayacaq. Necə ki, olunmur da”.
Sülhəddin Əkbər hesab edir ki, yalnız bir sıra məsələlərdə danışıqlar davam etdirilə bilər.
“Birinci, strateji sabitliklə bağlı məsələlər, kiçik və orta mənzilli raketlərin Avropada yerləşdirilməməsi. İkinci, şəffaflıq və açıqlıq. Üçüncü, zərbə silahlarının qarşılıqlı olaraq uzaqlaşdırılması haqqında. Bu üç məsələ kollektiv Qərb və Rusiya üçün qarşılıqlı faydalı və məqbul hesab oluna bilər”, – Sülhəddin Əkbər deyib.
O xatırladıb ki, Moskva irəli sürülən təkliflərə menyu kimi baxılmamasını, yəni seçimin mümkün olmadığını bəyan edib.
“Rusiyanın dili ilə desək, ya qəbul edirsiniz, ya da etmirsiniz. Ona görə qarşıdakı həftə aydınlaşdırıcı olacaq. Yəni ABŞ yazılı cavab verdikdən sonra Rusiya öz mövqeyini bildirəcək. Düzdür, gərginliyin artma ehtimalı da var, amma mütləq əksəriyyət ekspertlərdən fərqli olaraq, düşünürəm ki, Rusiya gərginlyin artmasında maraqlı deyil. ABŞ və Böyük Britaniyanın gərginliyin artmasında daha maraqlı olduğunu görürəm”, – o qeyd edib.
Azərbaycana bu hadisələrin hər hansı bir formada təsir göstərməsi məsələsinə gəldikdə isə, partiya sədri hesab edir ki, Ukrayna böhranı iri planda hərbi münaqişəyə keçsə, bu avtomatik regional münaqişə olacaq və Avropa, Qara dəniz, Qafqaza, o cümlədən, Azərbaycana da təsirsiz ötüşməyəcək.
“Ümumiyyətlə, hər hansı bir münaqişənin başlayacağı halda geopolitik qarşıdurma xətləri üzərindəki ölkələrə diqqət yetirmək lazımdır. Yəni konkret olaraq, ilk növbədə Baltik-Qara dəniz xətti və Qara dəniz-Xəzər dənizi, GUAM xəttini nəzərdə tuturam. Ermənistanla sülh müqaviləsi olmadığından, münaqişənin tam bitməməsini nəzərə alaraq, qeyd etmək olar ki, belə halda müharibə yenidən alovlana bilər”.