Gözlərini itirən MAXE-nin hekayəti…

“Mən istəyirəm İlham Əliyev də, Mehriban xanım da bilsin hər şeyi…”

Source:
İlkin Talıbov
İlkin Talıbov


“Mən istəyirəm İlham Əliyev də, Mehriban xanım da bilsin hər şeyi…”

– İlkin, çəliyini götür də… Hanı çəliyin?..

– Yoxumdu, əl havasına gəzirəm, ya da yun çubuğuna oxşayan bir çubuğum var, – gülür… Qonşu otaqdakı bacısına səslənir: “Bacı, ordan çubuğumu tap, gətir”…

İki gözünü döyüşdə həmişəlik itirən gənc İlkin bacısının gətirdiyi çubuğa söykənib ehtiyatlı addımlarla otağın o başındakı şkafa yaxınlaşır. Siyirtmələrdən birindən əl havasına içində medalları olan iki qutu tapır, üzünün mimikası dəyişir, uşaq kimi sevinir:

“Bax, bunları mənə İlham Əliyev verib. Snayper gözlərimi aparan gün bu medalların fərmanını imzalayıb… Biri “Vətən Naminə” medalıdır. Bu da “Hərbi xidmətdə fərqlənməyə görə” medaldır”…

Çubuğuna söykənib əl havasına otağın bu başına gəlir, bizə bələdçilik edib onunla görüşə gətirən hərbçi yoldaşına səslənir: “Tax bunları yaxama”…

İlkin Talıbovun 27 yaşı var. 2014-cü ilin yayında maxe (müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi Füzulidəki cəbhə xəttinə yollanıb. Snayperçi kimi 6 ay xidmət edib. Elə həmin il dekabrın 7-də erməni hərbçiləri ilə başlanan döyüşdə qarşı tərəfin snayperi tərəfindən başından vurulub. Baş sümüyü və gözləri dağılıb. 1 gün Füzulidəki hospitalda qalandan sonra Bakıya – Papanindəki Mərkəzi Hospitala gətirilib. Burada üz nahiyəsində dağılmış damarların bərpasına görə 5 dəfə əməliyyat aparılıb. 5 ay sonra dövlət hesabına Türkiyədəki Gülhanə hospitalına götürülüb. Orada başında sümük köçürülməsi əməliyyatı olub.

İlkin birini qoyub, birini danışır. Gah iki il əvvəl Gülhanədəki ağır günlərini yada salır, gah bu gün çəkdiyi əzablardan danışır. Deyir, sözümü kəsmə, dediklərimin də hamısını qeyd elə, qoy hamı bilsin ki, cəbhə xəttində özünü güllə qabağına atan gənclərin sonrakı aqibəti heç kəsi düşündürmür:

“Türkiyədə təyyarədən düşüb, əmimlə ortalıqda qalmışdıq. Bizi qarşılayıb yerləşdirməli olan səfirlik işçiləri aldadıb gəlməmişdilər. Hökumət heç, ancaq sağ olsun mənim hərbçi yoldaşlarım… Əmimin xərclərini hərbçi yoldaşlarımın maddi köməkliyi ilə ödəyirdim. Özümüz yerləşdik, özümüz gedib Gülhanə hospitalını, həkimləri tapdıq… Həkimlər çox təsirlənmişdi. Eləcə deyirdilər ki, “kafasının yarısını, gözlərini döyüşdə itirən gəncə bu nə münasibətdir”… Özüm də çox pərt olmuşdum. Sümük köçürülməsindən sonra növbədə gözlərimə protez qoyulması əməliyyatı vardı. Hökumət bunun xərcini qarşılamadığı üçün həkim mənim yalnız bir gözümə pulsuz protez qoydu. Protez göz 1600 dollara başa gələcəkdi, sağ olsun həkim. Əmim ona halallıq üçün 200 dollar uzatdı, həkim götürmədi. Dedi, bu gənc Türkiyədə torpaq, Vətən uğrunda bu vəziyyətə düşsəydi, dövlət onu əllərinin üstündə gəzdirərdi”.

İlkin Talıbovun sənədləri
İlkin Talıbovun sənədləri

İlkin danışır, danışdıqca səsi boğulur, aradabir fasilə edir, sonra yenə cümləsini tamamlayır. Adama elə gəlir ki, o, gözsüz ağlayır… O, hökumət nümayəndələrinin əsgərə, yaralıya olan münasibətindən üzülür…

“Mən istəyirəm İlham Əliyev də, Mehriban xanım da bilsin hər şeyi… Bilsinlər ki, məni Gülhanəyə göndərmək üçün əmimi 5 ay sənəd dalınca süründürüblər, hər sənədi ayyarıma əldə etmişik. Bilsinlər ki, mən birinci qrup əlillik dərəcəsini əziyyətlə almışam. Bilsinlər ki, bu gün bibimin evinə müvəqqəti sığınmışam və sabah bibim məni evdən çıxarsa, küçədə qalacam. İlham Əliyev bilsin ki, onun “Vətən Naminə” medalı ilə təltif etdiyi iki gözü ömürlük görməyən çarəsiz hərbçi 1 ildən çoxdur ki, ev növbəsinə dayanmaq üçün Xaçmazın Əlillər Cəmiyyəti ilə icra hakimiyyəti arasında qalıb. İcra hakimiyyətinin birinci mərtəbəsində məni ələ salırlar, “başçının səni qəbul etməyə vaxtı yoxdur”, “daha vacib işləri var”, “bu gün başçının başı ağrıyır, get başqa vaxt gəl” kimi bəhanələr uydurub yola salırlar”.

İlkin Talıbovun anası Füzulidən, atası Xaçmazdandır. Evlənəndən sonra Füzulidə yaşayıblar. İlkin də orada doğulub. 1993-cü ildə köçkünlük düşəndə Xaçmazın İdrisoba kəndinə gəliblər. İlkinin 12 yaşı olanda atası dünyasını dəyişib. Əmisi isə dədə-baba evini özüldən sökərək, yerində özünə ev tikib. Əminin ailəsi böyük olub deyə İlkinə, anasına və bacısına həmin evdə yaşamaq imkanı olmayıb. Bakıya köçüb kirayələrdə qalıblar. Sonra İlkin maxe kimi hərbi xidmətə yollanıb. Ondan sonra başı çəkdikləri ilə artıq tanışsız. Hazırda İlkin Füzulidəki qeydiyyatdan çıxaraq əmisinin Xaçmazdakı evinə müvəqqəti qeydiyyata düşüb. Onun hələ də yerinə yetirilməyən tələbi Xaçmazın İcra Hakimiyyətində müharibə əlili kimi ev növbəsinə dayanmaqdır:

“Bu kor gözümlə küçədə qalacam. Hər gün bunu düşünəndə ruhdan düşürəm. Həyatını mənə həsr edən iki qadın – anamla bacım da çarəsiz durumdadır. Axı biz qohum evinə müvəqqəti sığınmışıq. İcra hakimiyyəti ilə Xaçmazın Əlillər Cəmiyyəti məni top kimi ora ötürürlər, bura ötürürlər. 2-3 ay əvvəl yenə getmişdim, əl havasına yeriyirdim, icra hakimiyyətinin qabağında kanalizasiya “lyuku” açıq imiş, düşdüm “lyuka”… Qabırğalarım hələ də sızıldayır”.

İlkin Talıbov
İlkin Talıbov

Xaçmaz rayon İcra Hakimiyyətindən isə bildirilir ki, İlkin Talıbovu müharibə əlili kimi mənzil növbəsinə götürmək üçün gərək yerli əlillər cəmiyyəti, ya da özü lazım olan sənədləri təqdim etsin:

“Əlillik haqqında sənəd, müharibədə iştirak haqqında sənəd, şəxsiyyət vəsiqəsi, yaşayış qeydiyyatı haqqında arayış – bunları poçt vasitəsilə bizim quruma göndərsin, baxılsın, qərar qəbul edilsin”.

Hüquqşünas Namizəd Səfərov deyir, İlkin Talıbov Əlillər Cəmiyyətinin iştirakı olmadan da bunu edə bilər:

“Doğurdan da, ən rahat yolu sənədləri tələbnamə şəklində poçt vasitəsilə göndərməkdir. Bu zaman məktubu alan qurum vətəndaşa cavab verir ki, “məktubu aldım”. Əgər əlilin sənədləri qaydasındadırsa, bundan sonra da, o, mənzil növbəsinə götürülmürsə, məhkəməyə müraciət etməlidir”.

Ana səhifəXəbərlərGözlərini itirən MAXE-nin hekayəti…