Gözdən əlil: “Cəmiyyətdə əngəllilərə qarşı lüzumsuz bir şəfqət var”

Özal Muradov Nərimanov rayonunda  yerləşən gözdən əlillər üçün tikilmiş binada yaşayır. O, elə binanın yaxınlığındakı 45 saylı məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərir.

Özal Muradov əlilliyi olan şəxslər üçün yaradılmış kursları və iş yerlərini yetərsiz hesab edir: 

“Bu il deyəsən kompüter kursu açılıb və buraya kursa gələn şəxslər həm kompüteri öyrənirlər, həm də minimum əməkhaqqı qədər, yəni 345 manat məvacib alırlar. Əlbəttə, bunlar müsbət hallardır, amma yetərlidirmi? Əlbəttə, yetərli deyil”. 

“Düşünürəm ki, iş yerlərinin yaradılması və əngəlli insanların işlərə, təhsilə cəlb olunması mütləqdir. Əngəlli insanlarla bağlı maarifləndirmə tədbirləri aparılmalıdır ölkədə, televiziyalarda, sosial mediada. Ümumiyyətlə, düşünürəm ki, hökumət bütün resurslarından istifadə edərək bu barədə əlindən gələni etməlidir”, – Özal Muradov deyir.

Müsahibimiz elektron kitabların azlığında şikayətlənir:

“İstədiyim qədər kitaba əlim çatmır. Doğrudur, elektron kitablar oxuyuram, amma istənilən qədər kitablara əlim çatmır və biz dəfələrlə Nəqliyyat və Rabitə Nazirliyinə, həm də, deməli, Azərbaycan Mərkəzi Kitabxanasına, Təhsil Nazirliyinə sorğular göndərmişik ki, Axundov adına Mərkəzi Kitabxanadakı minlərlə pdf elektron versiyada olan kitabları əldə etmək istəyirik, lakin onları bizə vermirlər”. 

Özal Muradov deyir ki, cəmiyyətin davranışı onları çox incidir: 

“Biz, hər zaman cəmiyyətin bizə olan o diskriminasiyasını qırmağa çalışırıq. Əlimizdən gələn də elə bir şey yoxdur, amma bacardığımız qədər buna qarşı çıxırıq. Düşünürəm ki, cəmiyyətdə əngəllilərə qarşı lüzumsuz bir şəfqət var. Bu da bizi belə deyək, incidir, sanki biz başqa bir sosial təbəqəyik, sanki başqa bir planetdən gəlmişik”. 

Özal Muradov qarşılaşdığı çətinliklərə rəğmən güclü olmağı bacardığını deyir. O, universiteti və magistraturanı yüksək nəticələrlə bitirib. İndi isə uşaqların təhsil alması üçün çalışır. 

Elm və Təhsil Nazirliyindən Meydan TV-yə onun qaldırdığı problemi araşdıracaqlarını bildiriblər.

Ana səhifəVideoGözdən əlil: “Cəmiyyətdə əngəllilərə qarşı lüzumsuz bir şəfqət var”