Göyçayda uşaq bağçasına sığınan 10 nəfərlik ailə 7 aydır işıqsız qalıb

Fotolar: Meydan TV

Nazirlik ailəni otaqlardan çıxarmaq üçün məhkəməyə müraciət edəcəyini deyir

Ötən ilin dekabrından işığımızı da kəsdilər. 7 aydır ki, şam işığında yaşayırıq. Bağçanın müdiri hər gün bizə təzyiq göstərir. Gah icra hakimiyyətindən, gah rayonun təhsil sektorundan adamlar çağırır. Bizi buradan çıxartmaq üçün hər yola əl atırlar. Ancaq düşünən yoxdur ki, on nəfərlik ailə küçədə necə yaşasın?”.

Göyçayda Mirzəyevlər ailəsi 21 ildir ki, Rəsulzadə küçəsində yerləşən 7 saylı Uşaq Bağçasının yardımçı otaqlarına sığınıb. Ailə üzvü Fərid Mirzəyev Meydan TV-yə əvvəlcə 10 üzvü olan ailənin buraya sığınma səbəbindən danışır.

Uşaq bağçasının yardımçı otaqlarından çıxan savaşçılar

Fərid Mirzəyev deyir, 24 il əvvələdək rayonun Yekəxana kəndində yaşayırlarmış. O, kəskin anemiyadan əziyyət çəkirmiş. Valideynləri Fərid Mirzəyevin həyatda qalması üçün kənddəki ev-eşiyi də satıb, müalicəyə xərcləyib. Nəticədə böyük bir ailə yaşayış yerini itirib. 2003-cü ildə 7 saylı uşaq bağçasının otaqlarına sığınmaq məcburiyyətində qalıblar.

Deyir ki, Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş ailə başçısı Ariz Mirzəyev övladlarını bağça otaqlarında çətin şəraitdə, üstəlik də rayon rəsmi qurumlarının və bağça rəhbərliyinin danlaqları altında boya-başa çatdırıb. Böyütdüyü oğlanlar elə bu sığınacağın şəraitsiz, qaranlıq otaqlarından İkinci Qarabağ Müharibəsinə, Qarabağdakı anti-terror əməliyyatına yollanıb, iştirak edib, medallarla təltif olunublar.

“Mehriban Əliyeva göstəriş verdi ki, bizə toxunmasınlar”

Fərid Mirzəyevin sözlərinə görə, 2011-ci ildə uşaq bağçasının əvvəlki müdiri onları buradan çıxarmaq istəyəndə atası Ariz Mirzəyev həmin vaxt Heydər Əliyev Fondunun rəhbəri olan Mehriban Əliyevanın qəbuluna düşüb. Mehriban Əliyeva ailənin durumunu öyrənəndən sonra yaşayış şəraitlərini quranadək uşaq bağçasında yaşamağa davam etmələrinə imkan yaradılması üçün göstəriş verib. Ancaq bağçanın rəhbərliyi dəyişəndən sonra ailə yenə küçəyə atılmaq təhlükəsiylə üzləşib:

Bağçanın arxa tərəfindəki yardımçı otaqlarda qalırıq. 4 otaqdan ikisində mən ailəmlə qalıram, ikisində valideynlərimlə qardaşlarım qalır. Buranın keçmiş müdiri bizi çox incitdi. Atam Mehriban xanımla görüşəndən sonra bizə dəyib dolaşmadılar. Müdir dəyişəndən sonra yenə düşüblər ailəmizin üstünə. Getməyə yeri olmayan on nəfərin taleyi heç kimə maraqlı deyil. Ötən ilin dekabrından elektriki kəsiblər. 7 aydır ki, şam işığında yaşayırıq. Qışı bir zülm, yayı başqa zülmdür”.

Dövlət bizə sahib çıxsın”

Fərid Mirzəyevin sözlərinə görə, bu böyük ailəni çörəklə təmin etmək üçün atası və bir qardaşı Rusiyada, iki qardaşı isə Bakıda günəmuzd fəhləliklə məşğul olur. Ailənin mənzilə sahiblənməsi üçün necə deyərlər, hələ ki üfüqdə işartı görünmür:

Vaxtilə valideynlərim evimizi satıb müalicəmə xərcləsələr də, xəstəliyim davam edir. Şəraitsiz, qaranlıq yerdə qanazlığı xəstəliyi ilə çarpışıram. Xəstəliyim əmək fəaliyyətilə məşğul olmağa imkan vermir. Valideynlərim də yaşlı və xəstədilər. Ailədə azyaşlı uşaqlar var. İstədiyimiz odur ki, dövlət bizə sahib çıxsın, ya evlə, ya da torpaqla təmin etsin, başımızın çarəsinə baxaq. Bir uşaq bağçasının yardımçı otağında ömür sürmək bizə də xoş deyil, buna məcburuq”.

Təhsil İdarəsi otaqların boşaldılmasını tələb edir

Mirzəyevlər ailəsi mənzil probleminin həlli üçün Göyçay Rayon İcra Hakimiyyətinə, Prezident Administrasiyasına müraciət edib.

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda rayonun dövlət mənzil fondunda boş yaşayış sahəsi və mənzil olmadığı üçün Mirzəyevlər ailəsinin mənzillə təmin olunması məsələsinə baxılması mümkün deyil. İdarə və müəssisələrə məxsus binaların yaşayış sahəsi qismində vətəndaşlara verilməsi də qanunda nəzərdə tutulmayıb.

Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Göyçay şəhəri, Rəsulzadə küçəsi 72 ünvanda yerləşən 7 saylı Körpələr Evinin bir hissəsi Mirzəyevlər ailəsi tərəfindən zəbt edilib. Ailə zəbt etdiyi otaqları boşaltmasa, qurum bu məsələni məhkəmə yoluyla həll etmək məcburiyyətində qalacaq.

Ana səhifəBölgəGöyçayda uşaq bağçasına sığınan 10 nəfərlik ailə 7 aydır işıqsız qalıb