Böyrək çatışmazlığından əziyyət çəkən vətəndaş reaktivlərin köhnə olmasından şikayətçidir
“Göyçay Rayon Mərkəzi Xəstəxanasında imtiyazlı xəstələrə vermək üçün dərman yoxdur. Reaktivlər köhnə olduğundan analizlərin nəticəsi yanlış olur”.
Bunu Göyçay rayon sakini Qabil Qabilov Meydan TV-yə ünvanladığı müraciətində deyib.
“Analizin nəticələri yanlış çıxdı”
Qabil Qabilov xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Hər ay analiz verməlidir.
“Bir il ərzində yalnız bir dəfə analiz vermişəm, onda da nəticələr yanlış çıxdı. Xəstəxananın həkimləri də etiraf edirlər ki, onlara reaktivlər, dərmanlar verilmir. Məktubla müraciət etdim ki, rəsmi cavab versinlər, ancaq sözlə dediklərini təsdiqləmək üçün cavab vermədilər”, – şikayətçi deyib.
“Xəstəxanalara gizli kamera ilə girək?”
Göyçay sakini deyir ki, məcbur olub Bakıya, Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya gedir ki, analizləri orada versin:
“Orada da pul istəyirlər. Bununla bağlı İcbari Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmişəm, məktubuma cavab veriblər ki, dedikləriniz təsdiqini tapmadı, əsassızdır. Əsas tapmaq üçün xəstəxanalara gizli kamera ilə girək? Necə sübut edim ki, xəstəxanalarda vəziyyət bərbad haldadır?”
“Günüm şikayət yazmaqla keçir. Əslində, Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim heyətindən narazılığım yoxdur, bilirəm ki, dərman olsa verərlər. Rayonda təcili tibbi yardıma müraciət edirsən, bir “Dibazol” tapmırlar ki, vursunlar”.
Onun sözlərinə görə, şəkər xəstələri də dərman ala bilmirlər. Xəstəxanaya gələn xəstələrin bir qismi də bundan şikayətlənir.
TƏBİB: “Analizlər reaktivlər olmadan həyata keçirilə bilməz”
Göyçay Rayon Mərkəzi Xəstəxanasına məxsus telefonlara cavab verən xanım əməkdaş TƏBİB-ə müraciət etməyi məsləhət bilib.
TƏBİB-dən Meydan TV-yə bildiriblər ki, laborator analizlər reaktivlər olmadan həyata keçirilə bilməz. Qurum Göyçay Rayon Mərkəzi Xəstəxanasına istinadən deyir ki, ambulator qeydiyyatda olan böyrək xəstəliyindən əziyyət çəkən imtiyazlı vətəndaşlara verilən dərman təminatı vaxtında həyata keçirilir.
Şəkər xəstələrinin dərmanla təchizatına gəlincə, bildirilir ki, bu problem də həllini tapıb:
“Nəzərinizə çatdıraq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin qeydiyyatında olan şəkərli diabet xəstələrinin dərman vasitələri ilə təmin olunmasını 2022-ci ilin mart ayından etibarən icra edir. Belə ki, agentlik tərəfindən mart ayının sonu xəstəxana 5290 sayda şəkər dərman vasitələri təmin olunub. Aprel ayı üzrə dərman vasitələrinin növbəti həftə xəstəxanaya çatdırılması həyata keçiriləcək”.
Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasından isə Meydan TV-yə deyiblər ki, xəstələrdən pul tələb olunması iddiası yalandır.