Yusif Namazoğlu: “Rövşən Əkbərov məni bölməyə gətirəndən sonra şillə vurdu, ardınca köynəyinin qabağını açıb…”.
Röv Şən Əkbərov: “Onu bölməyə dəvət etdik, kabinetimdə masanın üstündəki kitabları götürüb başıma çırpdı”.
İyulun 11-də səhər saatlarında Müsavat Partiyasının Goranboy Rayon Təşkilatının sədri Yusif Namazoğlu Ağcakənd qəsəbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Rövşən Əkbərov tərəfindən döyülüb.
Meydan TV-yə hadisə barədə məlumat verən təşkilatın sədr müavini Məhərrəm Yusifli bildirib ki, Rövşən Əkbərov təşkilat sədrinin sürücülük sənədlərinin düz olmadığını iddia edərək onu döyüb: “Təsəvvür edin ki, Rövşən Əkbərov tabeliyində olanlarla birgə Yusif Namazoğlunu sürüyə-sürüyə aparıb bölməyə, orda da döyərək dişlərini sındırıb. Qanunda sürücünün sənədi düz olmadıqda döyürlərmü? Əgər sənədi düz deyilsə, qanunun tələbi əsasında davranmalıdırlar. Yəni maşını cərimə meydançasına aparmalıdır, amma yerli polis qanunun tələblərini heç yaxına belə buraxmırlar”.
Bölmə rəisi Rövşən Əkbərov Meydan TV-yə deyilənləri yalan və böhtan hesab etdi: “Biz adam döymürük, əksinə, döyənləri cəzalandırırıq”.
R.Əkbərov bildirib ki, Yusif Namazoğlu maşından düşərək Dövlət Yol Polisinin əməkdaşlarını təhqir edib: “O, bizi qəzetlə qorxudaraq dedi ki, qanunları pozursunuz və buna görə cavab verəcəksiniz. Onu bölməyə dəvət etdik, kabinetimdə masanın üstündəki kitabları götürüb başıma çırpdı. Yusif Namazoğlunun dişləri protezdir, götürüb qoyub cibinə və indi də deyir ki, dişlərini sındırmışıq, ayıb deyil?!”.
R.Əkbərovun işi artıq rayon prokurorluğunun araşdırdığını dedi.
Təzyiqə məruz qaldığı iddia olunan Yusif Namazoğlu Meydan TV-yə polis rəisinin dediklərinin həqiqətdən uzaq olduğunu bildirdi: “Mən hazırda bölmədə izahat yazıram. Əslində, Rövşən Əkbərov məni bölməyə gətirəndən sonra şillə vurdu, ardınca köynəyinin qabağını açıb stolunun üstündəki kitabları yerə tökdü ki, guya, bunları mən etmişəm”.
O, ətrafında polislərin olduğunu deyib əhatəli danışa bilmədiyini söylədi.