Zaur Qurbanlı

Mənbə: meydan tv

Başlıq: Zaur Qurbanlı

Gilasdan da yeyin, qocalar

Selcan bu ölkədə elə dəyərlərə, elə tabulara balta çaldı ki, mən şəxsən dərhal qocaldığımı hiss elədim

İllər keçir və gənclik geridə qalsa da, gəncliyin əminliyi beyinlərdə qalır. Elə bilirik ki, biz düz edirik hər şeyi. Bir gün isə ortaya yeni gənclər çıxırlar və hər şeyi darmadağın edirlər. Belə gənclər həmişə, hər dövrdə olmur. Amma olması çox sevindiricidir.

Selcan Yağmurun cəsarətli hərəkətindən sonra mən hələ də düşünürdüm ki, bu qız, görəsən, fikirləri təşkilatlanmış şəkildəmi hərəkət edir, yoxsa əsəbləşib sadəcə. Sonra onun müsahibəsinə baxdım və əlim üzümdə qaldı. Selcan yetkin fikirlərini elə səlis, konkret çatdırdı ki, 15 yaş ondan böyük olmağıma baxmayaraq, xeyli şey öyrəndim.

Selcan bu ölkədə elə dəyərlərə, elə tabulara balta çaldı ki, mən şəxsən dərhal qocaldığımı hiss elədim. Bizim nəslin cəsarəti çatmayan baltalar idi bunlar. Vaxtilə “Alma” qəzetində, “Alatoran” jurnalında o vaxtın gənc yazarları tərəfindən milli mentalitetin, cəmiyyətin daşlaşmış tabularının baltalanmasını görmüşdük. Əvvəl əsəbləşirdik, sonra islah olunub, özümüz özümüzə gülə bilirdik. Etiraf etmək lazımdır ki, uzun müddət o cəsarətli tabuqırmalardan daha cəsarətlilərini görmədik.

Hərdən olurdu. Məsələn, 2010-2011-ə qədər qadınların pub-lara, barlara getməsinə pis baxırdılar – istisnasız. Amma o dövrdə ortaya çıxan gənclər bu tabuları qırmağa başladılar. Dost-tanışlarının açdıqları pub-lara getməkdən tutmuş, qadının qapısından girməsi ilə fahişə sayılması bir olan məkanlara qədər getdilər. Gənclər bacıları, sevgililəri ilə getdilər ora və göstərdilər ki, beyinlərdəki o tabular sadəcə mundar fikirlərdir. İndi baxırsan ki, yalnız bir neçə bardan başqa heç biri priton xidməti göstərmir, artıq ictimai fəaliyyəti olmayan insanlar da cəsarət-filan nümayiş etdirmədən gedib pub-larda, barlarda yeyib-içib, əylənirlər. Adamlar pivə barlarına körpə uşaqları ilə, ailələri ilə gedirlər. Bu qədər açılım olub yəni.

Amma siyasi rejim qapana-qapana gedən ölkədə iqtidarın siyasi opponentləri də özlərinə oxşayaraq, get-gedə qapanırlar. Əks fikrə qarşı dözümsüzlük, trol ordusu saxlama kimi funksiyalar bizim müxalifətə yad deyil. Get-gedə qapanan ölkədə bir işıq olmalı idi axı?! Oldu da. Selcan bir gün çıxıb yazdı və sonra telefonunu söndürdü. Selcan dedi ki, siz “azadlıq aşiqləri” evinizdə doğmalarınızın azadlığını boğaraq, arvadının barmaqlarını, qızının dizini sındıran adama haqq qazandırmaq üçün min bir rəzillik edərək, azadlıq uğrunda mübarizə apara bilməzsiniz.

Bilirsiniz, Selcanın səsi yetişmiş qışqırıq idi. 20-lər ərtafında olan gənclərin neçəsi İsa Qəmbər, Əli Kərimli, onların müavinlərini tanıyır. Bilmirəm, təəssüfləndirici məqamdır, ya yox, amma o gənclərin artıq vecinə deyil ki, 1992-93-də hansı mübarizələr gedib, müxalifətçilər öz dəyanətləri ilə 3-cü onillikdir, hansı dözümü göstərir və s. Maraqlı deyil ee. Onlara bu söhbətləri edib, ani yazığı gəlmə hissini yaşada bilərsiniz. Lap gözlərini yaşardarsınız, amma elə bu qədər. Vəssalam.

Sosial şəbəkələr, informasiyanın sürətinin təkcə 10 il əvvəlkinə nisbətən fantastik həddə çatması vəziyyəti dəyişib. Adamlar bircə saniyənin içində sevinc və kədər yaşaya, əhvalları 180 dərəcə dəyişə bilir. Çünki sən “Facebook” lentini bir barmaq çevirəndə onlarla fərqli informasiya görürsən. Bu qədər informasiyanı qəbul edən adamda maraq oyatmaq asan deyil. Onların öz qayğıları, problemlərə öz yanaşma tərzləri var. Kiminsə xətrinə kiminsə azadlığından vaz keçmək niyyətləri yoxdur.

Zümrüd Yağmur müsahibəsində deyir ki, “Selcan mənə deyirdi ki, ‘Sən ziyalı deyilsən. Evdə özün zorakılığa məruz qalırsan, amma bu barədə danışmırsan’”. Ziyalı, ağsaqqal, müdrik, yoqa, Oşo – bütün bunların dəyərləndirməsini gənclər aparır. İsa Qəmbərin çətin vəziyyətdə söhbətdən çıxmaq üçün məşhur bir metodu var: “Siz gəncsiz, o dövrü görməmisiz, çox şey olub, hamısını danışmaq olmur”. Biz onda susurduq, nə danşırsan, İsa bəy, oooo, Əli bəy, əjdahaaaa, adamlar dövlət idarə ediblər, hökumət qurublar, xalqdan milyonlarla səs alıblar, biz nəkarəyik ki, kişilər gör, nə boyda işlər görüblər...

... Danan yoxdur bunları. Elədir. Amma bununla siyasi həyatda qalmaq 5 il, 10 il, lap 20 il sürər. 2003-də, 2005-də müxalifət şansları qaçıranda hələ doğum evlərində yeni doğulan körpələr olan gənclər indi onların bəhanələrini, köhnə tryuklarını dinləmək istəmirlər, dinləmirlər də. Nəsil dəyişir.

Ən pisi bilirsiniz, nədir? Həmişəki kimi nəsillər arasındakı rabitəmiz itdi. Gənc nəslin artıq vecinə deyil köhnə mübarizələr. Nəticə isə budur ki, onların hakimiyyətlə öz ictimai müqavilələri olacaq. Onlar nəyi güzəştə gedəcəklər, nəyi tələb edəcəklər, biz bilmirik, çünki onlarla rabitəmiz itib. Səbəb isə yazmamağımızdır. Bizim nəsil də xalqın hekayəsini, mübarizənin kitablarını yazmır, ağızdan-ağıza keçən xalq dastanları kimi təhrif olunan, hərənin bir quyruq qoşduğu multfilmlər yaranır. “Gilasdan yeyin, Marqaret xanım” – belə məzhəkələrdən nə qədər desən, tutacaq. Çünki Elçibəy heç nə yazmadan o qədər sirri özü ilə qəbrə apardı.

Selcanın timsalında gənc nəsil atasını sildi. Böyük uğurdur. Amma o, təkcə atasını öldürmədi, yazmayan, nəsillərarası rabitəni təmin etməyən, bitmiş, gənc nəslin görüş məsafəsindən itmiş qocaların hamısına ölümcül zərbə vurdu. Selcan deyir ki, dəyərlər qabağımızda olan, göydən düşmüş kürə deyil. Bizə dəyər adı ilə məhdudiyyət qoyan adamın özüdür. O adamı öldür və o dəyəri aş, məhdudiyyətdən canını qurtar.

Ümid edək, bu gənclik bütün uğurları, uğursuzluqları ilə birlikdə daha gözəl ictimai müqavilə bağlaya biləcək. Bizim nəsil kimi müti köləlik müqaviləsi bağlamayacaqlar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kxoqqs

Ən çox baxılan