Şirvan Meyvəçilik Mərkəzinin işdən çıxarılan əməkdaşları ölkə rəhbərliyinə şikayət edib
Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinin keçmiş əməkdaşlarının şikayəti var. Onlar rəhbərliyin əmək hüquqlarını pozduğunu deyirlər.
Şikayətçilərdən Duman Əzizov Meydan TV-yə bildirib ki, o, 2007-ci il sentyabrın 15-də Göyçay-Şirvan Meyvəçilik Mərkəzinə ekskavator sürücüsü kimi işə düzəlib. 2018-ci il dekarın 29-dək həmin vəzifədə işləyib. Bu vəzifəni tək icra etməyib. Onunla birgə 21 nəfər də bu vəzifədə çalışıb. Duman Əzizov deyir ki, onlara 2018-ci ilin sonunda bir ərizəyə qol çəkdiriblər. Deyiblər ki, bu ərizə əsasında onları başqa təşkilata köçürəcəklər. Ancaq belə olmayıb:
“İnandıq, imzaladıq. Bundan sonra bizi heç yerə köçürmədilər, eləcə işdən çıxardılar. Mən və məndən sonra gələn bütün əməkdaşlar işlədiyimiz müddət ərzində məzuniyyət görməmişik. İstirahət nədir, bilməmişik. Ancaq təsadüfi halda çoxlu qar yağarsa, bir neçə gün evdə qalmışıq. Buna baxmayaraq, məzuniyyət haqlarımızı almamışıq”.
Şikayətçi deyir ki, onları işdən çıxaranda qanunla 3 aylıq əmək haqlarını ödəməli idilər. Ancaq bunu da etməyiblər:
“Nə kompensasiya, nə də məzuniyyət haqlarımız ödəndi. Mən işdən çıxdığıma görə narazı deyiləm, lazım deyil iş. Heç olmasa, 10 illik məzuniyyət kompensasiyamı və 3 aylıq ödəməmi versinlər”.
Şikayətçilərdən biri də Bəhruz İsmayılovdur. Hazırda işsizdir və ailəsini dolandırmaqda çətinlik çəkdiyini söyləyir. Deyir, Şirvan Meyvəçilik Mərkəzi 2011-ci ildə “Şirvan Holdinq”in tərkibində yaranıb. 2012-ci ilin yanvarında MMK MMC-yə çevrilib. 2017-ci ildə isə əhalinin rifahını yüksəltmək üçün meyvə bağları yaradılıb. Bəhruz İsmayılov da həmin meyvə bağlarında çalışıb. Özü də cəmi 188 manat əmək haqqına. Deyir, onsuz da bu pulla ailəsini güclə dolandırırmış, indi isə vəziyyəti daha da ağırlaşıb:
“Uşaqlarım qalıb ac. Onları məktəbə göndərə bilmirəm. İş axtarıram, tapa bilmirəm. Ailəmin qarşısında xəcalətli qalmışam”.
Bəhruz İsmayılovun işə ehtiyacı var. Ancaq aylardır heç yerdə iş tapa bilmir:
“Sonra da deyirlər, bölgələrdə yeni iş yerləri açılır, insanlar işlə təmin edilir. Hanı? İşdən çıxarmasınlar, qalsın, yeni iş yeri yaratmaqları. Bizi işdən aldadıb çıxarıblar. Ancaq əmək kitabçamıza yazılıb ki, guya öz xahişimizlə işdən ayrılmışıq. Bu zəmanədə kimsə özxoşuna işdən çıxacaq qədər havalanmayıb”.
Azər İslamov da şikayətçidir. Onun şikayəti digərlərindən fərqlidir. Deyir, o, məzuniyyət haqqını alıb. İş də tapıb, hazırda işsiz deyil. Sadəcə işdən çıxanda məlum olub ki, 7 ilə yaxın olan iş stajı əmək kitabçasına yazılmayıb:
“Bunun səbəbini soruşanda dedilər ki, sən qeyri-leqal işçi olmusan. Əmək kitabçana staj yazsaq, batarıq biz. İllərdir işlə, çalış, vuruş, amma əmək kitabçana heç nə yazılmasın. Bəs mənim bu illər ərzində ödədiyim vergi, DSMF-yə köçürdüyüm o pullar hara gedib? Bunu deyən yoxdur. Bu müəssisə insanların hüququnu bir maddə üzrə pozmayıb. Hərədə bir problem var. Hamısı da müxtəlif. İllər ərzində 3 dəfə adını dəyişib ki, soruşanda desinlər bizlik deyil. Bu, böyük fırıldaqçılıqdır. Dövlət hara baxır?”
Şikayətçilər deyirlər ki, Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinin işi “Jalə” şirələri istehsal edən məssisəni meyvə ilə təchiz etmək olub. “Jalə” şirələri “Gilan” Qəbələ Konserv Zavodunun istehsalıdır. Bu zavod isə “Gilan Holdinq”in tərkibindədir.
Yeni jurnalist
araşdırmaları ilə sübut olunub ki, ölkə başçısı İlham Əliyevin qızları “Gilan Holdinq”də böyük pay sahibidirlər.
“Gilan Holdinq”in mülkiyyət strukturuna dair mövcud yeganə sənəd şirkətin 2005-ci ildə yaradıldığını və onun Heydərovlar ailəsinə məxsus olduğunu göstərir.
Ancaq indi – Əliyevin qızlarının “Gilan Holdinq”də sahib olduğu böyük pay haqqında yeni açıqlamalar veriləndə məlum olur ki, Heydərovlar həm Əliyevlər ailəsinin vasitəçisi kimi fəaliyyət göstərir, həm də şirkətin idarəetməsi dəyişdirilib və ya satılıb.
Şikayətçilər hüquqlarının bərpasına yardım etməsi üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirlər. Xahiş edirlər ki, onların hüquqlarını pozan məmurları, eləcə də “Gilan Holdinq”i cəzalandırsınlar:
“Nolar, bizə kömək edin. Çox pis vəziyyətdəyik. Bizim hüquqlarımız pozulub. Bunu edən məmurların cəzalandırılmasına göstəriş verin”.
Keçmiş Şirvan Meyvəçilik Mərkəzi, hazırda isə “Gilan Orchard” şirkətinin Göyçaydakı direktoru İlham Şükürov işçilərin söylədiklərini yalanlayıb. Bildirib ki, onlar hamısı böhtan atırlar:
“İşlədikləri müddətdə hamısının stajı əmək kitabçasına yazılıb. Hamısı məzuniyyət haqlarını alıblar və heç kim qanunsuz işdən xaric edilməyib”.
Hüquqşünas Fariz Namazlı deyir ki, işçilər əgər rəsmi olaraq vergi və sığorta ödəyiblərsə, onların əmək stajı yazılmalıdır. Ola bilər ki, müəssisə həmin ödənişləri ödəməyib və işçiləri qeyri-rəsmi işlədib:
“Çox güman ki, işçilərdə əmək müqavilələri də yoxdur. Əgər müqavilənin surəti onlarda olsa, o halda, 7 il ərzində orada işlədiklərini təsdiq edə bilərlər. Hər bir halda, onlar Dövlət Əmək Müfəttişliyinə şikayət versinlər, müfəttişlik bu məsələ ilə bağlı araşdırma aparsın”.
Məzuniyyət pullarının verilməməsinə gəlincə, hüquqşünas deyir ki, bununla bağlı işdən çıxdıqları vaxtdan 1 il ərzində məhkəməyə müraciət edə bilərlər.