“Georgian Airways”lə Gürcüstan Prezidenti üz-üzə

Salome Zurabişvili. Foto: Dmitry Khorov/shutterstock

Prezident şirkətin uçuşlarından istifadə etməyəcəyini, şirkət isə ona xidmət göstərməyəcəyini deyir

Gürcüstan Prezidenti Salome Zurabişvili əsas aviadaşıyıcı olan “Georgian Airways”ın Rusiyaya kommersiya reyslərini bərpa etmək qərarından sonra bu şirkətin xidmətindən istifadə etməyəcəyini bildirib.

Zurabişvili xalqa müraciətində deyib ki, nə qədər ki bu şirkət pul üçün hər şeyi edəcək, o, aviaşirkətin xidmətindən istifadə etməyəcək.

Prezident qeyd edib ki, əslində, reyslə bağlı təklifə “yox” demək şirkət rəhbərliyinin əlindədir, lakin bunu etmir.

Rusiyaya birbaşa uçuşlar həyata keçirən “Georgian Airways” şirkətinin direktoru Tamaz Qayaşvili isə açıqlama verərək deyib ki, onlar da prezidentə xidmət göstərməyəcəklər:

“Xanım Salome milli aviaşirkəti boykot etdi, biz onu “persona non-qrata” elan edirik və o, gürcü xalqından üzr istəməyənə qədər onu təyyarəyə buraxmayacağıq”, – Qayaşvili bildirib.

Prezidentdən və bir neçə müxalifət partiyasından başqa Gürcüstanın digər rəsmi nümayəndələri Rusiya Prezidenti Vladimir Putinin iki ölkə arasında hava nəqliyyatı əlaqələrini bərpa etmək qərarını alqışlayıb.

Baxmayaraq ki, daha öncə ABŞ və Avropa İttifaqı Gürcüstan hökumətini Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Kremlə tətbiq edilən sanksiyalara riayət etməyə çağırmışdı.

Rusiyanın dörd ildən sonra ilk kommersiya reysi mayın 19-da Gürcüstana eniş edib. Bu da ölkədə Rusiya əleyhinə etirazlara təkan verib.

Tbilisi Hava Limanının sözçüsü Nino Tsivtsivadzenin sözlərinə görə, Gürcüstan Hava Yollarına məxsus təyyarə isə mayın 20-də Moskvaya eniş edib.

Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Rusiya və Gürcüstan arasında birbaşa uçuşlara qoyulmuş qadağanı qaldırıb.

Mayın 15-dən Gürcüstan vətəndaşları Rusiyaya vizasız gedə bilir.

Moskva Vnukova hava limanı, Gürcüstan reysi. Foto: fifg/shutterstock

Bir müddət öncə Rusiya Nəqliyyat Nazirliyi açıqlamışdı ki, yerli aviaşirkətlər Rusiya ilə Gürcüstan arasında uçuşların bərpası üçün hazırlığa başlayıb.

Nazirlik Rusiya aviaşirkətlərinin Moskvadan Tbilisiyə həftədə yeddi birbaşa uçuş həyata keçirəcəyini bildirirdi.

Gürcüstan Prezidenti Salome Zurabişvili “Twitter” postunda Moskvanın qərarını “təxribat” adlandırmışdı:

“Birbaşa aviasiya nəqliyyatının bərpası və Gürcüstanla viza rejiminin ləğvi, Rusiyanın Ukraynaya qarşı müharibəsi və bizim torpaqlarımızın işğalı davam etdikcə Gürcüstan üçün qeyri-məqbuldur”.

Rusiya və Gürcüstan arasındakı birbaşa reyslər 2019-cu ildən dayandırılıb.

Gürcüstan hökuməti Rusiyanın uçuşların bərpası ilə bağlı qərarını dəstəkləyib.

Hakim “Gürcü arzusu” Partiyası bəyan edib ki, iki ölkə arasında birbaşa uçuşların olmamasına görə “milyonlarla gürcü” əziyyət çəkir.

“Gürcüstan ölkə iqtisadiyyatına ziyan vurulmaması üçün Rusiyaya qarşı sanksiyalar elan etməyəcək”, – partiyanın açıqlamasında bildirilir.

Hökumətin bu mövqeyinə baxmayaraq, Gürcüstan Prezidenti Salome Zurabişvili, ölkənin üç müxalifət partiyası, habelə Avropa İttifaqı və ABŞ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına etiraz bildiriblər.

Avropa İttifaqı onun üzvü olmaq istəyən Gürcüstana Rusiyaya qarşı aviasiya sanksiyalarını dəstəkləməyə çağırıb.

ABŞ Dövlət Departamenti də bəyanat yayaraq bildirib ki, Gürcüstan Rusiyanın sanksiya siyahısında olan hava şirkətlərinin təyyarələrinə xidmət göstərərsə, Tbilisiyə qarşı ikincili sanksiyalar qoyula bilər:

Qərb icması özünü bu qəddar rejimdən kənarlaşdırıb. İndi Rusiya ilə qarşılıqlı münasibətləri aktivləşdirməyin zamanı deyil”.

Daha öncə, 2023-cü ilin fevralında Avropa İttifaqı Gürcüstana xəbərdarlıq edərək bildirmişdi ki, Rusiya ilə birbaşa uçuşlar bərpa olunarsa, Tbilisiyə sanksiyalar tətbiq ediləcək.

Gürcüstan Rusiya ilə münasibətlərini Moskva 2008-ci ildə Cənubi Osetiya və Abxaziya ərazilərinə hərbi müdaxilə edəndən və bu iki separatçı bölgənin müstəqilliyini tanıyandan sonra kəsib.

Gürcüstan və dünyanın əksər ölkələri bu əraziləri Gürcüstanın tərkib hissəsi saymaqda davam edir.

Ana səhifəDünya“Georgian Airways”lə Gürcüstan Prezidenti üz-üzə