General-mayor Zaur Məmmədov

Mənbə: Meydan TV

Başlıq: General-mayor Zaur Məmmədov

“General-mayor Zaur Məmmədov ev tikmək üçün yolumuzu zəbt edib”

Məqalə yeniləndi:  16 Fevral 2021

Göygöl sakinləri: “Məmurlar prezidentin general rütbəsi verdiyi adamdan çəkinir”

“Bir tərəfdən Şuşanın işğaldan azad olunmasında iştirak edib, bir tərəfdənsə Göygöldə əkin yerlərimizə, bağlarımıza, tövlələrimizə gedən yolumuzu kəsib. Prezident ona general rütbəsi verəndən sonra əl-qolu bir az da açılıb. Qarşımızı kəsən hasarın hündürlüyünü 5-6 daş da qaldırıb. Xeyli ailə hasarın bu tayında qalmaqla təsərrüfatından uzaq düşüb”.

Bunu Göygölün “Çay bağı” kimi tanınan ərazisində, daha dəqiq desək, Aşıq Şəmşir küçəsində yaşayan sakinlər deyir. Onların şikayəti general-mayor Zaur Məmmədovdandır.

Zaur Məmmədov XTQ komandirlərindən biri olub. İkinci Qarabağ Müharibəsindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, general-mayor ali hərbi rütbəsi ilə təltif edilib, Şuşanın ilk komendantı təyin olunub.

“Əvvəl yolumuzu daşla, torpaqla bağladı, sonra da hasarladı”

Həmin küçədə yaşayan İradə Əmirova deyir, ötən ildən başlayaraq Zaur Məmmədov ərazidə özünə ev tikdirir. Bir neçə aydır ki, tikinti ətrafdakı qonşuların rahatlığını pozub. Səbəbsə Zaur Məmmədovun qonşuların istifadəsində olan yolu hasarlamasıdır:

Sakinlərin müraciəti

Sakinlərin müraciəti

Mənbə: Meydan TV

“Burda yaşayan bir qonşu öz sahəsini ona satıb getdi. O da başladı burda villa tikməyə... Hətta özü də gəlib evin tikilməsində fəhlələrə kömək edirdi. Evlərimiz yola yaxın yerdə yerləşir, elə villa da yol kənarında tikilir. Bir də baxdıq ki, bizim məhəllələrdən yeganə çıxış yolumuz olan yerə daş, torpaq tökülüb. Başladıq nərdivan qoyub, daşın, torpağın üzərindən o tərəf-bu tərəfə keçməyə... Təsəvvür edin ki, səhər nərdivan qoyub o tərəfə keçirdim, o tayda qalan hindəki toyuqları kisələrə doldurub nərdivanla bu tərəfə aşırdım, toyuq-cücəni həyətə buraxırdım, axşam yenə kisəyə doldurub nərdivanla o tərəfə aşıb aparıb hinə buraxırdım... Ahıl qonşularım nərdivanla o tərəfə keçib öz əkin sahələrinə, bağlarına gedib-gəlirdi. Düşündük ki, yəqin bu materiallar tikintiyə istifadə olunacaq, yol təzədən açılacaq, müvəqqəti çətinlikdir. Bir də baxdıq ki, adam həmin daş-torpağı yığışdırıb, yerində hasar tikir”.

“Əvvəl bir neçə dəfə sökdürdük, general olandan sonra təzədən tikdi”

İradə Əmirovanın sözlərinə görə, qonşuların narazılığı nəticəsində hasar bir neçə dəfə sökülüb. Ancaq təqribən 1 ay əvvəl yenə də tikilib, bir neçə gün əvvəlsə hündürlüyü bir qədər də artırılıb:

Müraciəti imzalayanlar

Müraciəti imzalayanlar

Mənbə: Meydan TV

“Əvvəl deyirdi ki, villaya qaraj tikirəm. Biz isə etiraz edirdik ki, bu hasar bizim təsərrüfatlarımıza gedən yolu kəsir, o tərəfə keçməyə başqa yolumuz yoxdur. Polisə, icra hakimiyyətinə şikayət etdik, Göygölə gələn deputatımız Elşad Mirbəşirlə görüşüb dərdimizi ona dedik. Hər dəfə şikayətlərimizdən sonra hasar sökülürdü, sakitlik yaranan kimi səhər oyanıb görürdük yenə tikilib. Sonra müharibə başladı, tikintini Allahverdi adlı bir nəfərə tapşırıb, müharibəyə getdi. Müharibə bitəndən sonra prezident ona general-mayor rütbəsi verdi, Şuşanın komendantı təyin etdi, həmin vaxtdan Zaur Məmmədovun ayağının altı yer götürdü, hasarı təzədən tikdirdi, 2-3 gündür ki, əlavə daşlarla hündürlüyü artırır, pəncərələr də qoyub, tikintini genişləndirib. İndi hara müraciət ediriksə, şikayətimizə baxılmır, çünki prezidentin general rütbəsi verdiyi adamdan məmurlar çəkinir. Tikintini aparan Allahverdi adlı şəxs isə deyir ki, hara istəyirsiz şikayət edin”.

“Dolanışıqsız qalmışıq”

84 yaşlı Ağalar Abbasov deyir, təsərrüfata çıxışları olan yol hasarlanandan bağ sahəsinə baş çəkə bilmir:

"Tikintini aparan Allahverdi adlı şəxs isə deyir ki, hara istəyirsiz şikayət edin”

"Tikintini aparan Allahverdi adlı şəxs isə deyir ki, hara istəyirsiz şikayət edin”

Mənbə: Meydan TV

“O tayda bağım var, əziyyətlə su çəkmişəm, ağaclar əkmişəm, indi o taya keçib suvara bilmirəm. Torpağın canlanan vaxtıdır, torpağa qulluq lazımdır, ahıl yaşdayam, o bağla həm başımı qatıram, həm də meyvəsini, tərəvəzini yeyirəm, dolanıram. Burda hamı kasıbdır, adamlar iş tapmır, torpaq əkməklə, toyuq-cücə, heyvan saxlamaqla ayaqda qalır, açsınlar yolumuzu, gedək bağımızı, əkin sahələrimizi suvaraq, əkək, məhsul götürək...”

Hasar həmin ərazidə yaşayan Rasim Məmmədovu, Südabə Əliyeva və daha bir neçə ailəni də təərrüfatlarından ayrı salıb. Qonşular deyir, hazırda tikinti işləri sürətləndirilib, qısa müddətdə yol açılmasa, təsərrüfatlarından həmişəlik əllərini üzməli olacaqlar. Nəticədə onlarla ailə dolanışıqsız qalacaq.

Göygöl Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Şikayətçilərin adını çəkdiyi Allahverdi Cahangirov isə Meydan TV-yə deyib ki, ərazi ona məxsusdur:

“O tayda bağım var, əziyyətlə su çəkmişəm, ağaclar əkmişəm"

“O tayda bağım var, əziyyətlə su çəkmişəm, ağaclar əkmişəm"

Mənbə: Meydan TV

“Lap lazım olsa, yerində də baxa bilərsiz, mən heç kimin yolunu bağlamamışam. Bu, ən azı azərbaycançılığa yaraşmayan bir işdir. Sadəcə olaraq onlar tələb edirlər ki, sən sənədlə olan torpağından çıx, biz zəbt etdiyimiz ərazilərə yol açaq. Onlar yerli sakinlərdir, mənim torpağımdan sonrakı, dövlətə məxsus ərazini zəbt ediblər. Meşə təsərrüfatının qoz bağı, dövlət örüş torpaqları var. Dövlət örüş torpaqları da ümumi istifadədə olan bir yerdir. Oranı zəbt etmək olmaz. Onlar isə həmin ərazini zəbt ediblər. Zaur Məmmədov kimdir, bilmirəm, tanımıram. Bu ərazi mənimdir. Mən heç kimin də qulluqçusu deyiləm ki, tikintiyə nəzarət edim. Ərazi mənimdir, tikilən ev də mənə məxsusdur. Bu adamlar istəyir ki, evi sürüşdürüm qabağa, öz torpağımdan 10 metr yer verim, bunlar da zəbt etdikləri torpaqlara gedə bilsinlər”.

"Bir də baxdıq ki, bizim məhəllələrdən yeganə çıxış yolumuz olan yerə daş, torpaq tökülüb".

"Bir də baxdıq ki, bizim məhəllələrdən yeganə çıxış yolumuz olan yerə daş, torpaq tökülüb".

Mənbə: Meydan TV

Allahverdi Cahangirov Zaur Məmmədov adlı şəxsi tanımadığını desə də, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin möhürü vurulmuş aktda göstərilir ki, Zaur Sabir oğlu Məmmədovun mülkiyyətində olan (21.10.2019-cu il tarixli çıxarış) 0.06 hektar həyətyanı torpaq sahəsində etibarnamə əsasında Allahverdi Cahangirov tərəfindən fərdi yaşayış evinin tikintisinə başlanıb. Elə akt da Allahverdi Cahangirovun şikayəti əsasında tərtib olunub.

Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin müdir müavini Bəxtiyar Cavanşir oğlu Məhərrəmovun, Göygöl Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin məsləhətçisi Ceyhun Qasıımovun, eləcə də Göygöl bələdiyyəsinin sədr müavini Araz Hacıyevin iştirakı ilə Laçın rayonundan məcburi köçkün olan Allahverdi Abdulla oğlu oğlu Cahangirovun şikayəti araşdırılıb, qonşu O.R.Əmirovla da söhbətlər aparılıb. Aktı tərtib edənlər müəyyənləşdiriblər ki, Allahverdi Cahangirov tikintini sənəd üzrə sərhədlərdən kənara çıxarıb və dövlət mülkiyyətində olan torpaq sahələrinə (bağ yerlərinə) gediş-gəliş üçün təqribən 4-5 metrlik yolun başlanğıc hissəsini qanunsuz olaraq zəbt edib.

“Lap lazım olsa, yerində də baxa bilərsiz, mən heç kimin yolunu bağlamamışam"

“Lap lazım olsa, yerində də baxa bilərsiz, mən heç kimin yolunu bağlamamışam"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  16 Fevral 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9g2qnt

Ən çox baxılan