General Mayis Bərxudarov vəzifəsindən azad edilib

Mayis Bərxudarov. Foto: arxiv

Onun yerinə Vilayət Quliyevin təyin edildiyi bildirilir

II ordu korpusunun  komandiri general-leytenant Mayis Bərxudarovun vəzifəsindən azad edilərək sərəncama götürüldüyü deyilir.

Oktyabrın 7-də yayılan məlumatı Mayis Bərxudarov özü də “Gununsesi.info”ya təsdiqləyib.

Bərxudarov qərara görə heç bir məyusluğunun olmadığını deyib:

“Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

“Orduda yeni yüksək təyinat gözləyirsinizmi?” sualına gəlincə, general-leytenantın cavabı belə olub:

“Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.

Bildirilir ki, Mayis Bərxudarovun yerinə general-mayor Vilayət Quliyev təyin olunub.

2024-cü ildə Prezidentin sərəncamı ilə general-mayor rütbəsi alan Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 2020-ci ildə II Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

2020-ci ilin dekabrın 25-də Prezidentin sərəncamı ilə Mayis Bərxudarov 3 (Xocavəndin, Füzulinin və Zəngilanın), Hikmət Həsənov isə 2 rayonun azad olunmasına görə medallarıyla təltif olunub.

“Tərtər işi” ilə bağlı məhkəmə proseslərində həm həbs edilənlər, həm də zərərçəkən kimi tanınanlar işgəncə göstərişlərində general-leytenant Mayis Bərxudarovun və I Ordu korpusunun komandiri Hikmət Həsənovun adlarını hallandırıb.

Onlar hətta özləri hərbçilərə işgəncə verməkdə günahlandırılıb.

H.Həsənovun köməkçisi Fuad Həsənov “Tərtər işi”ndə ən çox adı hallandırılanlardan olub və 10 il azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətGeneral Mayis Bərxudarov vəzifəsindən azad edilib