General jurnalistləri təhqir edib

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş üç polkovnikin – şöbə rəisləri Vüsal Ələkbərov və Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərovun məhkəmə prosesi davam edir.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasdan sonra Vüqar Ələkbərova sual vermək istəyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balakanski və “Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədova ona yaxınlaşıblar.
Lakin o barəsindəki ittihamlara cavab verməkdən boyun qaçırıb və uzaqlaşmağa başlayıb. Jurnalistlərin arxasınca gəldiyini görən MTN polkovniki onlar təhqir edib.
V.Ələkbərov 2015-ci ildə MTN-də keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilsə də, Ali Məhkəmə tərəfindən cəzası şərti hesab edilib və V.Ələkbərov 3 ildən sonra azadlığa çıxıb.
O, 2008-2014-cü illərdə MTN-də İstintaq Baş İdarəsində şöbə rəisi olduğu dövrdə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur.
Hazırki cinayət işi üzrə 32 zərərçəkmiş var və bir çoxu Vüsal Ələkbərov tərəfindən qanunsuz həbs edildiyini, külli miqdarda pul qarşılığında azadlığa buraxıldıqlarını iddia edirlər.

Ana səhifəVideoGeneral jurnalistləri təhqir edib