“Hüquqlar naminə idman” koalisiyasına daxil olan beynəlxalq təşkilatlar bəyanatla çıxış edərək bunu Olimpiya Xartiyasının pozulması adlandırıblar
Berlində yerləşən online Meydan TV-nin rəhbəri Emin Milli bildirib ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun hədələrinə məruz qalıb. Buna səbəb onun Avropa Oyunları haqda tənqidi materiallarıdır.
Söhbət Meydan TV-də avtobusun “Atletlər kəndi”ndə üç avstrityalı idmançını vurması, britaniyalı turistin saxta müsahibəsi kimi materialların yayımlanmasından gedir. Azərbaycanda hakim rejimi ifşa etmək üçün bu və ya digər materiallardan beynəlxalq KİV-də geniş istifadə olunub.
E.Milli özü bir neçə xarici KİV-ə müsahibə verib, Avropa Oyunları çərçivəsində hakimiyyətin korrupsiya faktlarının araşdırılmasına dair materiallar dərc etdirib.
Bundan sonra E.Milli gənclər və idman naziri tərəfindən aşağıdakı məzmunlu hədələrə məruz qalıb: “Azərbaycan dövləti sənə nə pislik edib? Harada olursan ol, səni tapacağıq və təşkil etdiyin bu çirkin kampaniyaya görə dövlət səni cəzalandıracaq. Sən buna görə cəzalanacaqsan. Berlində və ya başqa hardasa belə rahat gəzə bilməzsən. Bunu bil”.
Bununla əlaqədar “Hüquqlar naminə idman” koalisiyasına daxil olan beynəlxalq təşkilatlar bəyanatla çıxış edərək E.Millinin ünvanına hədələri pisləyiblər, bunun E.Millinin hüquqlarının və Olimpiya Xartiyasının pozulması adlandırıblar.
Koalisiya Azərbaycan hakimiyyətini tənqidi səsləri susdurmaq cəhdlərinə son qoymağa, siyasi məhbusları azad etməklə ölkədə azadlıqların yaxşılaşdırılması üzrə addımlar atmağa çağırıb.
Həmçinin koalisiya Avropa Olimpiya Komitəsini E.Millinin ünvanına təhdidləri açıq şəkildə pisləməyə çağırıb.
Koalisiya Almaniya hakimiyyətini E.Millinin ünvanına səslənən hədələrlə bağlı onun təhlükəsizliyini tam təmin etməyə çağırır.
Müraciəti 20-yə yaxın təşkilat imzalayıb: ARTICLE 19, Civil Rights Defenders, Committee to Protect Journalists, Freedom Now, Helsinki Foundation for Human Rights, Human Rights House Foundation, Index on Censorship, International Federation for Human Rights (FIDH) və s.
“Turan İA” Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən şərh ala bilməyib.