Gəncədə öldürülən polkovnikinin xanımı cəzalanan şəxsin günahsız olduğunu düşünür

Vəkilin sözlərinə görə, zərərçəkmiş tərəf də Ü.Məmmədovun 10 iyul aksiyasının təşkilində, orada polis polkovnikləri Səməd Abbasov və İlqar Balakişiyevin öldürülməsində günahı olmasına inanmır.

Source: google.az


Leyla Abbasova bu barədə notarial qaydada ərizə yazıb

Ötən il Gəncədə icra başçısı və mühafizəçisinin güllələnməsindən bir həftə sonra, iyulun 10-da keçirilən aksiyada öldürülən polis polkovniklərindən biri – Səməd Abbasovun həyat yoldaşı Leyla Abbasova Gəncə Apelyasiya Məhkəməsinə notarial qaydada təsdiqlənmiş ərizə göndərib. Ərizə onun həyat yoldaşının ölümündə təqsirləndirilərək 18 il həbsə məhkum edilmiş Ürfan Məmmədov haqqındadır. Bu barədə Ü.Məmmədovun vəkili Qanqa İbrahimov dekabrın 20-də məhkəmədə danışıb.

Gəncə hadisələrinə görə həbs olunub, indiyədək haqqında hökm çıxarılanlardan ən ağır cəza Ü.Məmmədovun da daxil olduğu 8 nəfərlik qrupda mühakimə olunanlara verilib. Bu qrupda təqsirləndirilən şəxslərin sayı 8 nəfər olsa da, birinci instansiya məhkəməsində hakim qarşısına çıxarılanların sayı 7 nəfər idi. Qalan bir nəfər – aksiyada polis polkovnikləri İlqar Balakişiyev və Səməd Abbasovu qətlə yetirməkdə ittiham olunan Rəşad Böyükkişiyev hadisədən iki gün sonra əməliyyat zamanı öldürülüb. Bu ilin sentyabrında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 nəfərdən Eşqin Quliyev 20 il, Oqtay Hüseynzadə və Ürfan Məmmədov 18 il, Rauf Bayramov 9 il, Abbas Abbasov və Elşən Məmmədov 7 il, Hüseyn Bayramov isə 2 il azadlıqdan məhrum edilib. Rauf və Hüseyn Bayramovlar ata-oğuldular.

Ağır xəstəlikdən əziyyət çəkən Eşqin Quliyev hökmdən az sonra vəfat edib.

Təqsirləndirilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər. Dekabrın 20-də apelyasiya məhkəməsində Oqtay Hüseynzadənin vəkili hakimlərə iradını bildirib. Deyib ki, təqsirləndirilən şəxslər haqqında hökm hələ qanuni qüvvəyə minməyib, onları “məhkum” adlandırmaq olmaz. Vəkil onların haqqındakı hökmün ədalətsiz olduğunu, məhkəmə prosesinin obyektiv keçirilmədiyini söyləyib. Müdafiəçinin sözlərinə görə, birinci instansiya məhkəməsində 18 vəsatət qaldırıblar, yalnız biri qismən təmin edilib.

Vəkil bildirir ki, O.Hüseynzadənin və digər təqsirləndirilən şəxslərin işgəncəyə məruz qaldığını təsdiqləyən yetərincə sübutlar, hətta ekspertiza rəyi də vardı. Lakin məhkəmə o sübutları araşdırıb, hüquqi qiymət vermədi.

Müdafiəçi təqsirləndirilən şəxslərin birinci instansiya məhkəməsində hakim qarşısına əlləri qandallı çıxarıldıqlarını yada salıb, bunun ədalətli müdafiə hüququna zidd olduğunu vurğulayıb.

O.Hüseynzadə özü də məhkəmə prosesinin də, hökmün də ədalətsiz olduğunu bildirib.

Təqsirləndirilən Ürfan Məmmədovun vəkili Qanqa İbrahimov deyir ki, bu adamlar mütəşəkkil dəstə kimi təqdim olunub. Amma onların mütəşəkkil dəstə olduğunu təsdiqləyən heç bir sübut yoxdur: “Kiminsə kiminləsə tanışlığının, telefon danışığının olması o demək deyil ki, onlar mütəşəkkil dəstədilər”.

Vəkilin sözlərinə görə, zərərçəkmiş tərəf də Ü.Məmmədovun 10 iyul aksiyasının təşkilində, orada polis polkovnikləri Səməd Abbasov və İlqar Balakişiyevin öldürülməsində günahı olmasına inanmır. Ona görə də S.Abbasovun xanımı Leyla Abbasova Gəncə Apelyasiya Məhkəməsinin sədrinə bu barədə ərizə göndərib. Vəkilin sözlərinə görə, L.Abbasova ərizədə göstərib ki, özləri də araşdırma aparıblar, Ü.Məmmədovun bu olaylarda əlinin olmaması qənaətinə gəliblər.

Ü.Məmmədov özü də bildirir ki, ona heç bir dəlil-sübut olmadan 18 il həbs cəzası kəsilib: “Mənim telefonum bu günə qədər qaytarılmayıb. Əgər içində mənim bu cinayətdə iştirakımı, baş verənlərlə bağlılığımı təsdiqləyən bircə sübut varsa, ortaya qoysunlar. Heç nə yoxdur. Gəncədə həmin hadisələr baş verəndə mən Daşkəsəndə olmuşam”.

Təqsirləndirilən R.Bayramov da çıxış edib, həm özünün, həm də oğlu Hüseynin günahsız olduğunu vurğulayıb: “Bizi qondarma ittihamlarla həbs ediblər. Özümüzə də ağlasığmaz işgəncələr veriblər. Elə vəziyyətdə idim ki, məhkəməyə aparanda bədənimdən qan tökülürdü”.

Təqsirləndirilən E.Məmmədovun vəkili də müvəkkilinin günahsız olduğunu deyib: “Elşən Məmmədovun evindən silah-sursat tapıldığı iddia olunur. Evdə axtarış iyulun 26-da keçirilib. Əgər adamın evində silah-sursat olsaydı, iyulun 10-dan 26-na qədər çıxarıb ata bilməzdimi?”

E.Məmmədov özü də baş verən hadisələrlə əlaqəsi olmadığını vurğulayıb. Onun sözlərinə görə, Rəşad Böyükkişiyevi maşın almağa gedəndə görüb, aralarında təxminən on dəqiqəlik söhbət olub: “Aksiya barədə məlumatı internetdən oxumuşam. Məni Goranboy polisinə çağırdılar, heç bir izahat vermədən əllərimi qandallayıb, işgəncə verməyə başladılar. Mən ikinci qrup əliləm, buna görə əsgərlikdə də olmamışam. Mən silah tutmağı bacarmıram, amma evimdən qumbara “çıxarırlar”. Həbsdə olduğum müddətdə atam dünyasını dəyişdi”.

Təqsirləndirilən A.Abbasovun vəkili bildirib ki, onun da müvəkkilinin evindən silah-sursat tapıldığı iddia olunur. Ona görə də istər istintaqda, istərsə də birinci instansiya məhkəməsində evdən tapıldığı iddia olunan silah-sursatın üzərindəki əl izlərilə bağlı ekspertiza keçirilməsini istəyiblər. Amma bu barədə vəsatətləri təmin olunmayıb.

Vəkil 10 iyul aksiyası zamanı çəkilən görüntülərin də apelyasiya məhkəməsində nümayiş etdirilməsini istəyib. Lakin vəkilin bu barədə vəsatəti təmin edilməyib.

Hakim bu cinayət işinin materiallarının həcminin çox olduğunu əsas gətirərək, prosesi yanvarın 24-nə qədər təxirə salıb.

Ana səhifəSiyasətGəncədə öldürülən polkovnikinin xanımı cəzalanan şəxsin günahsız olduğunu düşünür