Mahir Əzizovun anası: “Vəkili uzaqlaşdırıb, dövlətin təyin etdiyi vəkili saxlayıblar”
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Mahir Əzizovun vəkili Asif Allahverdiyevi onun müdafiəsindən kənarlaşdırıblar.
Bu barədə Meydan TV-yə Mahir Əzizovun anası Məhbubə Əzizova bildirib. Deyib ki, uzaqlaşdırmanın səbəbi vəkil Asif Allahverdiyevin müstəntiq işlədiyi dövrdə araşdırdığı işdir. O, əvvəllər Binəqədi Prokurorluğunda işləyib. Ötən il Gəncə hadisələrindən sonra polis tərəfindən öldürülən Ağa Sərxani adlı bir nəfərin işini araşdırıb:
“Sərxani Gəncə sakini olub. Hicab işinə görə həbs edilib, buraxılanlardan imiş. Həbsdən sonra Gəncədən köçüb, Biləcəridə yaşayırmış. Əməliyyatçılar onu xəbərdarlıq üçün evindən aparmağa gəliblər. Həbsdən çıxanlara bunu edirlər adətən. Guya o, bu zaman müqavimət göstərib və onu öldürüblər. Vəkil prokurorluqda işləyəndə bu işi araşdırıb. Ancaq sonra işdən çıxıb. İndi o vaxt bu işi araşdırıb deyə, indi onu mənim oğlumun işindən uzaqlaşdırıblar. Halbuki 2 cinayət işinin bir-birinə aidiyyatı yoxdur”.
Məhbubə Əzizova deyir ki, hazırda çox pis durumda qalıblar:
“İstintaq bitib, yanvarın 7-də məhkəmə başlayır. Elə bu vaxt vəkili uzaqlaşdırıblar. İndi başqa bir vəkil axtarışındayam. Vəkili uzaqlaşdırıb, dövlətin təyin etdiyi vəkili saxlayıblar. Oğlum da onu qəbul etmirdi. Biz vəkil tapa bilmədik, məcbur oldu bəzi işlərdə o vəkil iştirak etdi”.
Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.
Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.
Sonradan apelyasiya məhkəməsində cəzalar 11 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.
Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.
Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.