''Gənc, kişi ibtidai sinif müəllimi – azərbaycanlı təsəvvürünə uyğun deyil''
Ailəsini dolandırmaq üçün xaricə üz tutan
Cavidin 25 yaşı var, ailəlidir, 1 yaşlı oğul atasıdır. Tez-tez saatına baxır, iş yerində vaxtında olmalıdır. İndi onun öhdəsində saysız ailə qayğıları, valideynlik məsuliyyəti var. Deyir ki, Azərbaycanda gənc ata olmaq çox çətindir:
“Tərtər rayonundanam. Pedoqoji Universitetin Şamaxı filialını bitirmişəm. İxtisasım ibtidai sinif müəllimliyidir. Müəllimliyi sevirəm, amma müəllim ola bilməzdim. Doğrusu, ətrafın qınağından qorxdum. Gənc, kişi ibtidai sinif müəllimi – azərbaycanlı təsəvvürünə uyğun deyil. Həm də maaşı çox azdır. Bir qazancım o oldu ki, həyat yoldaşımla universitetdə tanış oldum. Məndən bir kurs yuxarıda oxuyurdu. 2017-ci il sentyabr ayında evləndik. Əslində daha tez evlənmək istəyirdim, 2015- ci ildən nişanlanmışdıq. Sadəcə maddi problemlər, sosial təminat zəif olduğuna görə bu qədər ləngidi”.
“Polis olmaq üçün 10 min manat istədilər”
Cavid deyir ki, indiyə kimi müxtəlif işlərdə işləsə də, valideynləri onu polis görmək istəyib. Amma xoşbəxtlikdən bu arzuları reallaşmayıb:
“Əsgərlikdən gəldikdən sonra atam hərbiçi olmağımı istədi. Amma mən istəmirdim, oradakı sistemi bilirdim, döyülmə, söyülmə, yaltaqlıq və s. – mənlik deyildi. Bəxtimdən də ola bilmədim. Birinci normativ imtahanlardan keçdim, amma ikinci mərhələdə kəsildim. Sonra atam dedi polis olum. Həmin vaxt Tərtərdə dövlətə xəyanətlə bağlı məsələlər başlamışdı, polisə ehtiyac vardı. Mən də müraciət elədim, yenə normativ imtahanlardan keçdim, ikinci mərhələdə 10 min manat rüşvət istədilər. Gəldim atama dedim, o da fikrindən vaz keçdi. Yaxşı ki belə oldu, mən polis ola bilməzdim”.
Həmin müddətdə o rayonlarında kənd təsərrüfatı ilə məşğul olub:
“1 il yarım müddətində rayonda yaşadım. Təsərrüfatımız var, onunla məşğul oldum. Bağ, heyvandarlıq və s. 2017-nin sentyabr ayında evləndim. Həyat yoldaşım ibtidai sinif müəllimi işləyirdi, mən də ailəyə yardımçı olmağa çalışırdım. Rayonda vəziyyət çox pisdir, görürdüm ki, belə alınmayacaq. Heç bir perspektiv yox idi.
Bir dəfə Bakıya gəlmişdim. Dostlarla görüşəndə təsadüfən söhbət xaricdə işləməkdən düşdü. Dedilər, Polşada yaxşı iş imkanı var, mənim də ağlıma batdı. Başladım sənəd-sünəd işlərin həll etməyə. 2500 manat xərcim çıxdı. O pulu da bankdan kredit götürmüşdüm, hələ də banka borcu bağlaya bilməmişəm.
Xaricdə hamı elə bilir ki, biz hamımız varlıyıq, çünki neft ölkəsində yaşayırıq
Birtəhər vizanı aldım. Sentyabrda Polşaya çatdım. Mişineç deyilən şəhərcik var, 12 gün orada dülgər işlədim. Saatıma 5 manat alırdım. Çox ağır iş idi, çəkdiyimiz əziyyətə dəymirdi. Polyaklarla mübahisəm düşdü, mənə ağır iş verirdilər, özləri isə işdən yayınırdı. Etiraz edəndə, mənə dedilər ki, bu pul hətta sənə çoxdu, gərək işlədiyinin haqqın verəsən. İlk dəfə onda yad ölkədə olmaq çox pis təsir etdi. Fikirləşdim ki, öz ölkəmdə bu qədər sərvət, neft, qaz, imkan olduğu halda niyə görə hansısa polyak mənə bu sözləri deməlidir. Adama təsir edən odur ki, xaricdə hamı elə bilir ki, biz hamımız varlıyıq, çünki neft ölkəsində yaşayırıq.
Aya 400 manat evə göndərirdim. Bilirdim ki, Bakıda işləsəm, bu pulu göndərə bilmərəm, ən azından neçə yüz manat kirayə haqqı verməli olacam. Varşava, Kielçi, Qdansk şəhərlərində işlədim. Hərəsində az müddət olurdum, 10 gün, 1 ay, 3 həftə və s. Yadıma gəlir, Varşavada bir neçə azərbaycanlının yaratdığı problemə görə bütün azərbaycanlıları qaldığımız hosteldən qovdular. Qış vaxtı, özüm də işsiz idim, güclə qalmağa yer tapdım. 1 ay peçenya və çay ilə dolanmışam. Qdanskda zavodda işləyirdim, mənfi 18 dərəcə temperatur var idi. Qaldığımız hostelin sahibi polyak nənə idi, çox yaxşı qadın idi. Mənə isti paltarlar verdi ki, soyuq olmasın. Oradan çıxmağımız istəmirdi, amma çıxmalı olduq, çünki çox səliqəsiz, natəmiz yer idi.
Kielçidə dönərçi işlədim. Əhməd var idi, türk, işlədiyim yerin sahiblərindən biri idi. Mənimlə prinsip aparırdı. Onun mənə elədiklərini yadıma salanda daha pis oluram. Yenə polyakı başa düşmək olar, ortaq mədəniyyəti, dini, dili bölüşdüyümüz biri niyə belə eləsin ki?”
Onun sözlərinə görə, ruhdan düşdüyü, ümidsizliyə qapıldığı anlar çox olub, amma hər dəfə ailəsinin varlığı ona stimul verib:
“Subay vaxtı boşluqda idim, sanki məqsədsiz yaşayırdım, amma indi oğluma, ailəmə görə yaşayıram. Oğlum hər şeyimdir. Ən çətin anımda da düşünürəm ki, oğlum var, onu böyütməliyəm. Bu ilin mart ayında Bakıya döndüm. Gördüm belə yaşamaq olmur, ailə ayrı, sən ayrı – alınmır. Qərar verdim ki, necə də olsa, ailəmin yanında bir iş tapmalıyam.
Yoldaşımı da götürüb Bakıya gəldim. Hazırda kirayədə qalıram. 1 otaqlı evdir, 300 manat kirayə haqqı veririk. Qənaətlə xərcləsən, 300 manat digər xərclərə çıxır. 600 manata birtəhər dolanmaq olur. Evimiz məktəbə yaxın yerləşir, divarlara ibtidai sinif, ibtidai sinifə qədər uşaqların hazırlığı ilə bağlı elan vurmuşam, yoldaşım hazırlasın. Hələ ki, 1 uşaq hazırlaşdırır. 50 manatdan 10 uşaq hazırlaşdırsa, 500 manat edir. Ailə büdcəmizə çox xeyri olar. Ailə xoşbəxtliyi deyilən şey əsas puldan asılıdır. Pulun olmadısa, xoşbəxtlik də çətin olur.
Amma hər bir halda Azərbaycandan getmək lazımdır. Burada pul həqiqətən daşdan çıxır. Bu dəfə Polşaya getməyəcəm, Amerikanı fikirləşirəm”.