Gələn ildən dərslər iyunda bitə bilər

Təhsil üzrə ekspert Etibar Əliyev isə dərslərin sentyabrın 1-dən başlanmasını təklif edir

Source:


Təhsil üzrə ekspert Etibar Əliyev isə dərslərin sentyabrın 1-dən başlanmasını təklif edir

Növbəti ildən Azərbaycan məktəblərində dərslər iyun ayında başa çatacaq. Bu barədə məlumatı Trend-ə təhsil nazirinin müavini Ceyhun Bayramov verib. Onun sözlərinə görə, Təhsil Nazirliyi tədris müddətinin artırılması haqqında təklif irəli sürüb: “Bu il tədris müddətinin başa çatmasına az qaldığı üçün təklif növbəti il gerçəkləşə bilər”.

Nazir müavini bildirib ki, dərs müddətinin uzadılması tədris proqramları ilə əlaqədardır və bunu dərs ilinin ortasında etmək düzgün olmaz: “Apardığımız təhlillərin nəticələri göstərdi ki, cəmi 32 tədris həftəsi var və bu, çox aşağı göstəricidir. Başqa ölkələrdə orta dərs müddəti 38, bəzilərində isə 40-42-43 həftəyə qədərdir. Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur”.

Ancaq nazir müavini dərs müddətinin tədris ilinin əvvəlində və ya sonunda artırılması sualına aydınlıq gətirməyib. Səbəb qəti qərarın qəbul olunmamasıdır. O, ehtimal edir ki, dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına artırılacaq. Güman ki, 3 həftə artırılacaq.

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Meydan TV-yə bildirdi ki, problem dərslərin başlanma tarixinin 15 sentyabra keçirilməsindən sonra yarandı. Onun sözlərinə görə, dərslər sentyabrın 1-də başlasaydı, nazir müavininin dediyi 2 həftə aradan qalxardı: “Əslində, dərslərin sentyabrın 15-də başlaması qərarı çox absurd idi. Axı 15 sentyabr nə tarixdir ki, dərslər də o zamandan başlanır? Sabiq nazir qərarını savadsızcasına izah edirdi ki, guya, dünyanın bir çox yerlərində dərslər 15 sentyabrdan başlanır. Ancaq araşdıranda, nazirin dediklərilə rastlaşmadıq. Ona görə dərslərin yenidən sentyabrın 1-də başlaması ilə bağlı düşünmək lazımdır”.

Etibar Əliyev nazir müavininin proqramların ağır olması barədə fikirlərini müəyyən qədər bölüşdü: “Düzdür, Avropa ölkələrində dərs müddəti 43 həftəyə çatır. Ancaq həmin Qərb ölkələrində dərslər 8.30-da başlayıb, 15.30-da bitir. Məsələn, Londonda. Azərbaycanın məktəb şəariti isə buna imkan vermir. Çünki şagird deyilən müddətdə məktəbdə olmalıdırsa, təhsil müəssisəsinin yeməkxanası, əylənmə şəraiti kifayət qədər normal qurulmalıdır. İkinci, bayramların çoxluğu da təhsil nazirinin dediyi problemi yaradır. Konkret olaraq, Novruz bayramında bir həftə qeyri-iş gününə ehtiyac yox idi. Bütün hallarda şagirdlərin 3 ay tətilə göndərilməsi müsbət hal deyil, 2 ay daha əlverişlidir. Çünki şagirdlərin dərslikləri geri alındığından əllərində mateial qalmır və 3 ayda keçdikləri fənlər yaddan çıxır”.

E.Əliyev təklif edir ki, dərslər sentyabrın 1-dən başlamalı və uzadılacaq 3 həftə yay tətilindən götürülməlidir.

Ana səhifəXəbərlərGələn ildən dərslər iyunda bitə bilər