Gələn 3 ildə Qarabağa 15 milyarda yaxın vəsaitin xərclənəcəyi proqnozlaşdırılır

Qarabağ, mənbə: reuters

2024-cü ilin sonuna qədər isə 19 milyard nəzərdə tutulub

2025-2028-ci illər ərzində azad olunmuş ərazilərə 15 milyarda yaxın vəsaitin xərclənəcəyi proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin açıqladığı “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə qeyd olunur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2025-2028-ci illərdə 14,612 milyard manat təşkil edəcək.

Sənədə əsasən, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 28,9 % təşkil edəcək.

“Dövlət büdcəsinin əsaslı xərclərinin ortamüddətli dövrün sonuna 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyard 581,4 milyon manat və yaxud 23,3 % azalma ilə 11 milyard 794,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir”, – nazirliyin məlumatında deyilir.

Oktyabrın 16-da Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, 2024-cü ilin doqquz ayı ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı xərclənib.

Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1 milyard 728,9 milyon manatı istifadə olunub.

Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard manat ayrılacaq.

Bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

İşğaldan azad olunmuş ərazilərin bərpasına bu ilin (2024) sonunadək 19 milyard manatın xərclənməsi nəzərdə tutulub.

Ana səhifəXəbərlərGələn 3 ildə Qarabağa 15 milyarda yaxın vəsaitin xərclənəcəyi proqnozlaşdırılır