“Mənim paylaşımlarım yayılandan bir neçə saat sonra komissarlıqdan zəng gəldi”
Reportyor Elməddin Şamilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinə çağırılıb.
Bu barədə Elməddin Şamilzadə Meydan TV-yə deyib.
Onun sözlərinə görə, xidmətin İlqar adlı rəsmisi bildirib ki, universitetdə oxuduğu üçün hər il onlara sənəd təqdim etməlidir:
“Dedi ki, bu ayın sonu, yaxud iyulun əvvəlində sənədini gətir”.
E.Şamilzadə Türkiyənin Mula Unvesitetinin Enerji sistemləri mühəndisliyi fakültəsinin II kursunda təhsil aldığını deyir.
Jurnalist bildirib ki, o, xidmətə növbəti kursa keçməsi ilə bağlı sənəd təqdim etməlidir:
“Əgər məsələni mürəkkəbləşdirsələr, vəkilimlə danışacağam”.
Onun qənaətincə, gözləmədiyi halda xidmətə çağırılması iyunun 21-də Gədəbəyin Söyüdlü kəndindən yaydığı reportajla bağlıdır:
“Bir gün əvvəl kənd sakinlərini döyən polislərin sifətlərini çəkib paylaşmışdım. Çox güman ki, bununla bağlıdır. Çünki mənim paylaşımlarım yayılandan bir neçə saat sonra komissarlıqdan zəng gəldi. Halbuki bir ildən çoxdur ki, məndən sənəd tələb etmirlər. Həm də universitetə qəbul olunanda, komissarlığa sənədlərımi təqdim etmişdim ki, 4 il təhsil alacağam. İndi necəsə yadlarına sənəd düşdü”.
Söyüdlüdə nə baş verib?
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.
Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır.
Etiraza səbəb olan süni göl isə kənddə yaradılan ikinci su hövzəsidir.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Sakinlərin keçirdiyi aksiya ilə bağlı həbs olunan və cərimələnənlərin olduğu deyilir.