İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlərin qızıl mədənlərinin tullantıxanası kimi istifadə olunacaq ikinci gölün inşasına etirazı zamanı polislərin etirazçılara qarşı sərt davranışı, xüsusən gözyaşardıcı qazdan istifadə olunması kəskin narazılıq yaradıb. Polislər etiraz aksiyasını dağıdarkən qadınlardan birinə bibər qazı sıxıldığını əks etdirən görüntülər sosial mediada gündəmin əsas müzakirə mövzusuna çevrilib. Dinc etirazçılara qarşı zorakılıq göstərən və insanlarla bu cür davranan polislərin cəzalandırılması tələbləri səsləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə bildirilib ki, videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsilə əlaqədar nazirliyin bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub:
“Həmin fakt üzrə xidməti yoxlama aparılır. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Söyüdlüdə sakinlərlə polislər arasında baş verənlərə gəlincə, DİN-in Mətbuat xidməti iddia edir ki, günorta saatlarında bir qrup şəxs kənddə süni gölün tikintisinə qanunsuz müdaxilə edib:
“Həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar. Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar”.
“Polislər camaatı döydülər, bibər qazı sıxdllar…”
Gədəbəyin Söyüdlü kəndinin sakinləri burada qızıl mədənlərinin tullantıxanası kimi istifadə olunacaq ikinci gölün inşasına etiraz edir. Bununla əlaqədar sakinlər iyunun 20-də etiraz aksiyası keçirib. Aksiya iştirakçılarının Meydan TV-yə verdiyi məlumata görə, hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb olunub:
“Polislər camaatı döydülər, bibər qazı sıxdılar…”.
Sakinlərin bildirdiyinə görə, aksiya zamanı saxlanılanlar var.
Söyüdlü ərazisində təxminən 10 ildir ki, qızıl mədənlərinin tullantıxanası hesab olunan bir göl var. Kənd sakinlərinin sözlərinə görə, həmin göl təbiətə ciddi ziyan vurur, Söyüdlüdə əhali kəskin iydən nəfəs ala bilmir:
“Çünki o gölün içi kislotadır. 100 metr radiusda təbiəti yandırıb. Qızıl istehsalını artırmaq üçün indi o gölün ikincisini də tikirlər kənddə. Özü də axar çayın üstündə. O göl daşıb Şəmkir çayına qarışacaq. Təsəvvür edirsiniz, bu, nə deməkdir? Şəmkir, Tovuz, Gəncəyə qədər təbiət məhv olacaq”.
Sakinlərin verdiyi məlumata görə, saxlanılanlar axşam saatlarına qədər buraxılmadığından kəndin qadınları Gədəbəy Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıb
Daxili İşlər Nazirliyindən Meydan TV-yə bildirilib ki, Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
“Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır”, – nazirliyin mətbuat xidmətindən belə deyilib.