Gədəbəy qızıl yatağının işçisi: “Sianidin təsirindən şəkər xəstəsi olmuşam”

Xaliq Şükürovun göstərdiyi zavod Gədəbəydə Söyüdlü etirazlarıyla məşhurlaşan, qızıl yataqlarını istismar edən “Azerbaijan International Mining Company”dir. Arıqdam kəndinin sakini Xaliq Şükürov və Ruslan Ələkbərov bu qiymətli metallar imperiyasında fəhlə olaraq çalışıblar. Qızıl çıxarılması prosesinə şahid olan işçilər deyir ki, yatağın istismarında istifadə olunan sianid tullantıları çaya qarışıb insanların sağlamlığına təhdid yaradır.

10 il bu zavodda çalışan Xaliq Şükürov ötən il işbaşında olan zaman təhlükəsizlik qaydalarına əməl olunmadığından qəza keçirtdiyini, çanaq sümüyünün sındığını deyir.

3 aylıq müalicə dövründən sonra ağrılarıyla işə dönən Şükürov 3 gün müayinə səbəbilə işə gəlmədiyindən şirkətdən qovulduğunu deyir. O, müayinəyə pulu çatmadığından xəstəxanaya getdiyini rəsmi olaraq əsaslandıra bilməyib. Zavoddan xəbərdarlıqsız qovulduğuna görə işə bərpa olunmağını tələb edir.

3 ildir “Azerbaijan International Mining Company”də fəhlə kimi çalışan Ruslan Ələkbərov deyir ki, maaşının artırılması üçün rəhbərliyə müraciət edəndən sonra ondan bunun müqabilində rüşvət istəyiblər. O məsələylə bağlı prokurorluğa məlumat verildiyi üçün işdən çıxarıldığını deyir. 

Keçmiş zavod çalışanları indi Gədəbəydə heç bir iş tapa bilmirlər. Qızıl istismarının ekologiyaya vurduğu zərər kəndlinin torpağını da yararsız hala qoyub.

“Azerbaijan International Mining Company”ə şikayətlərlə bağlı zəng vursaq da şirkət suallarımızı cavablandırmadı. “Azerbaijan International Mining Company” rəsmi sənədlərdə hakim ailəylə biznes şəriki olan Reza Vəziriyə aiddir. Zavod Azərbaycanda yüksək keyfiyyətli hasilat portfelinə malik qızıl, mis və gümüş istehsalçısıdır.

Ana səhifəVideoGədəbəy qızıl yatağının işçisi: “Sianidin təsirindən şəkər xəstəsi olmuşam”