Şirvan sakini etmədiyi cinayətə görə polis şöbəsində döyüldüyünü deyir
“Hasardan evimə düşüblər, həyətimdəki itə uyuşdurucu verib yatırdıblar, ailəmlə birlikdə yatdığım yataq otağıma soxulub məni döyə-döyə yuxudan oyadıblar, ailəmin gözü qarşısında döyə-döyə aparıb PPX maşınına mindiriblər, polis şöbəsinə aparıblar, boynuma oğurluq cinayəti qoymaq üçün səhərə qədər döyüblər”.
Bunu Meydan TV-yə Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinin sakini Röyal Qasımov danışır.
Onun sözlərinə görə, hadisə yanvarın 8-də gecə saat 23.30-da baş verib. Onu həyat yoldaşının və azyaşlı övladlarının gözü qarşısında döyə-döyə evindən çıxarıb Şirvan Polis Şöbəsinə aparıblar. Röyal Qasımov polislərin onun üzərinə qəsəbədə baş vermiş bir oğurluq cinayətini yıxmaq istədiklərini deyir:
“Ayaqlarıma, ayaqlarımın altına dəyənəklə vururdular, yumruq, təpik… Əsasən də şöbənin Yasin adlı polis işçisi döyürdü. Əlində bir cihaz vardı, oğurluğu öz üzərimə götürməsəm, məni həmin cihazla toka verəcəyi ilə hədələyirdi. Şöbənin Altun adlı polis işçisi isə məni döyən polislərin əllərindən almağa çalışırdı, deyirdi, neynirsiz, adamı öldürəcəksiz. Onun sayəsində mən tokdan xilas oldum. Səhərə kimi gedib-gəlib döyürdülər, deyirdilər, oğurluğu boynuna almasan, burdan sənə çıxış yoxdur. Bildirirdim ki, burdan meyitim çıxacaq, ancaq törətmədiyim cinayəti üzərimə götürməyəcəm”.
Röyal Qasımovun sözlərinə görə, yanvarın 9-da polis işçiləri onun qarşısına şərt qoyublar:
“Dedilər, səni bir şərtlə burdan buraxırıq ki, gedib ərizəbazlıq etməyəsən. Evinə girdiyimizi, səni yataqdan döyə-döyə durğuzub gətirdiyimizi heç kəsin yanında danışmayasan, ailən də sussun. Mən razılaşmayanda həmin gün də əllərində qaldım, dəyənəklə döydülər. Sonra da sənəd gətirdilər ki, qol çək. Artıq halım qalmamışdı, canımı əllərindən qurtarmaq üçün qol çəkdim. Şöbəyə gətirilərkən mənə hər hansı təzyiqin olmamasıyla bağlı sənəd idi”.
Elə həmin gün Şirvan Şəhər Məhkəməsi Röyal Qasımovu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə 120 manat cərimələyib.
Qərarda qeyd olunub ki, Röyal Qasımov yanvarın 8-də gecə saat 12-də polisin qanuni tələbinə məhəl qoymayıb. Bununla da inzibati xəta törədib.
PPXB-nin polis nəfəri Mixail Lyaquşin izahatında bildirib ki, həmin gün gecə saat 23.15-də Hacıqəhrəmanlı qəsəbəsində xidmətdə olarkən qəsəbə sakini Etibar Nuruzadənin evində oğurluq hadisəsi ilə əlaqədar Röyal Qasımovdan izahat alınması üçün polis şöbəsinə dəvət edərkən şöbəyə getməkdən imtina edib, səs-küy salıb.
Digər polis nəfəri Kamandar Nağızadə də eyni izahat verib.
Məhkəmə qərarında daha sonra qeyd olunub ki, Röyal Qasımov inzibati xəta protokolunda yazılanları təsdiqləyib. İzahat verib ki, evdə olarkən darvaza döyülüb, qapını açıb polis nəfərlərini görüb, polislər onu şöbəyə dəvət edib. O isə ailə üzvlərini evdə tək qoyub şöbəyə getməkdən imtina edib və növbəti gün şöbəyə gələcəyini bildirib. Poliş əməkdaşları onu şöbəyə gətiriblər . Bu, məhkəmə qərarında qeyd olunanlardır. Röyal Qasımovsa deyir ki, qərarda yazılanlar yalandır. O, heç məhkəmə iclası görməyib:
“Məni məhkəməyə gətirdilər, sənədə qol çəkdirdilər, dedilər ki, qol çək, burdan da çıx get evinə. Mən bildirdim ki, hakimə sözüm var, evimə hasardan aşmısınız, itimə uyuşdurucu vermisiniz, həyat yoldaşımla, üç azyaşlı uşağımla yatdığım yataq otağına soxulmusunuz, məni onların gözü qarşısında döyə-döyə aparmısınız. Dedilər, ya qol çəkəcəksən, ağzını yumacaqsan, ya da səni şöbəyə qaytarıb “dubinka”nın altına salacağıq, o oğurluq cinayətini də sənin üstündə bağlayacağıq, hər şey bizim əlimizdədir. Mənə məcburi kağıza qol çəkdirdilər. Ancaq məhkəmə binasından çıxarandan sonra evimə yox, yenə polis şöbəsinə apardılar. Həmin gün də gecə saat 12-yə kimi ac-susuz şöbədə saxlayıb, döydülər, gözümü qorxutdular ki, şöbədən çıxanda heç yerdə şikayət etməyim. Gecə saat 12-də məni şöbədən buraxdılar”.
Şirvan Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Röyal Qasımov polisin qanuni tələbinə qarşı çıxıb, səs-küy salıb. Polislər onu PPX maşınına mindirərək şöbəyə gətiriblər. Növbəti gün məhkəmə onu inzibati qaydada 120 manat cərimələyib. Şöbədən polislərin Röyal Qasımovun evinə daxil olmaları, ona fiziki zor tətbiq etmələri, polis şöbəsində döyülməsi, sənədləri zorla imzalamasıyla bağlı dedikləri təkzib olunub.
Röyal Qasımov deyir, yanvarın 8-də baş vermiş hadisədən sonra həyat yoldaşı və azyaşlı uşaqları evdə yaşamağa qorxur, yaxın qohumlarının evində qalırlar. O, şöbədən buraxılandan sonra Şirvan Şəhər Prokurorluğuna, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət edib.