Xəsarət alanlardan TƏBİB-in tabeli müəssisələrində müalicə alan yoxdur
Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” adlı gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan daha biri – Gülbala Abdullayev aprelin 9-da vəfat edib.
Məlumatı TƏBİB təsdiqləyib.
Qurumdan verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.
Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində vəfat edib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi. Onun gecə klubunda çalışdığı deyilir.
Aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisindəki yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Nəticədə klubun işçisi Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib. Aprelin 6-da isə xəsarət alanlardan daha bir nəfər – Fərqanə Eynullayeva həyatını itirib.
Hadisə ilə əlaqədar Baş Prokurorluq cinayət işi açıb. Aprelin 4-də partlayışa görə 3 nəfər həbs olunub.
“İstintaq zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. “Eyni zamanda, ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi İdarəsinin inspektoru Ruslan Məmmədovun vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, o Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub”, – prokurorluğun məlumatında qeyd olunub.