Həbs olunanlar arasında FHN əməkdaşı da var
Aprelin 3-də paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” adlı gecə klubunda partlayışa görə 3 nəfər həbs olunub.
Bu barədə məlumat yayan Baş Prokurorluq hər üç şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçdiyini qeyd edib.
Bildirilib ki, istintaq zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib:
“Eyni zamanda, ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi İdarəsinin inspektoru Ruslan Məmmədovun vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, o Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub”.
Aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib.
Nəticədə klubun işçisi Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.