Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq idarəsinə çağırılıb.
Bu barədə Qəhrəmanlı “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
O bildirir ki, bu gün, İstintaq İdarəsindən zəng edərək onu Ramiz Mehdiyev işi ilə bağlı ifadə üçün idarəyə gəlməsini tələb ediblər.
Qəhrəmanlı bildirib ki, hazırda ölkədə olmadığından sualları telefon vasitəsilə cavablandıra bilər. Həmçinin o qeyd edib ki, Ramiz Mehdiyevin Prezident Adminstrasiyasında rəhbər olduğu dövrdə 4 dəfə siyasi sifarişlə şərlənərək cinayət məsuliyyətinə cəlb edilib.
“Ancaq mən hara, Ramiz Mehdiyev hara… Ramiz Mehdiyevin dövründə 4 dəfə siyasi sifarişlə şərlənərək cinayət məsuliyyətinə cəlb olunmuşam. Özüm ölkədə olmasam da Ramiz Mehdiyevə qarşı yazdığım yazılarda əslində mənə ünvanlanacaq bütün suallara lazım olan bütün cavablar var”.
Bu iş üzrə AXCP sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 2025-ci il dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs edilib.
Onlar noyabrın 29-da saxlanılıb, evlərində axtarış aparılıb. Eyni gündə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov da DTX-ya aparılıb, bir gün sonra, noyabrın 30-da sərbəst buraxılıb.
Milli Şuranın sədri Cəmil Həsənli iki dəfə DTX-yə çağırılıb. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.