“Fu Məzi” yazan şəxs barəsində həbs qərarı çıxarılıb

“Çünki Fuad İsmayılov siqaret belə çəkmir, baş verənlər onun seçki saxtakarlığına etiraza bir cavabdır”.

Source: Meydan TV


Qərardan apelyasiya şikayəti veriləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısındakı divara "Fu Məzi” yazan Fuad İsmayılov martın 7-də saxlanılıb və Suraxanı Rayon Məhkəməsi onun haqqında 2 ay inzibati həbs qərarı çıxarıb. Fuad İsmayılova qarşı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə) irəli sürülüb.

Məlumatı Meydan TV-yə KXCP üzvü Fikrət Cəfərli verib.

Fuad İsmayılovun Suraxanı rayonu 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını söyləyən Fikrət Cəfərli əlavə edib ki, vəkil Cavad Cavadov martın 10-da onunla görüşəcək və apelyasiya şikayəti verəcək.

9 fevral növbədənkənar parlament seçkilərində 32 saylı Suraxanı III Seçki Dairəsindən namizəd olan Fikrət Cəfərov bildirib ki, Fuad İsmayılov 8-ci məntəqədə onun məşvərətçi səshüquqlu nümayəndəsi idi:

“Fuad İsmayılov seçki günü saxtakarlığa etiraz etdiyi üçün polislər tərəfindən zorla məntəqədən çıxarılıb və döyülüb. Məsələ ondadır ki, Fuad İsmayılov məntəqədə müşahidəçi yox, məşvərətçi səshüquqlu olub, bu, vəzifəli şəxs deməkdir. Seçki Məcəlləsinin 22-ci maddəsinə görə polis ona toxuna bilməzdi və ümumiyyətlə, polisin məntəqəyə girişi qanunsuzdur. Düzdür, həmin özbaşınalığa görə 8-ci məntəqənin nəticələri ləğv olunub. Baş verən qanunsuzluqla bağlı seçkidən bir gün sonra Respublika Prokurorluğuna müraciət etsək də, hələ bu günə qədər cavab verilməyib. Halbuki, Fuad İsmayılovun döyülməsini əks etdirən video sübut da var. Ona görə də Fuad İsmayılovun həbsini və ona qarşı irəli sürülən ittihamı siyasi sifariş hesab edirəm. Çünki Fuad İsmayılov siqaret belə çəkmir, baş verənlər onun seçki saxtakarlığına etiraza bir cavabdır”.

Ana səhifəSiyasət“Fu Məzi” yazan şəxs barəsində həbs qərarı çıxarılıb