Frenk Pellonini Bakıda qəhrəmana çevirən Azərbaycan məmurları

Frenk Pelloni. Foto: Şəxsi Facebook səhifəsi

Emil Məmmədli

Prezident İlham Əliyev özünə sual verməlidir…

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin Bakıda keçirilən 29-cu konfransının (COP29) altıncı günü Azərbaycana amerikalı konqresmen Frenk Pelloni (Frank Pallone) səfər etdi.

Əslində tədbir üçün Bakıya gələn 70 minə yaxın müxtəlif statuslu insanın içində bir nəfəri xüsusi qeyd etmək düzgün olmazdı, hətta həmin şəxsin ABŞ konqresmeni olmasına baxmayaraq.

Amma Azərbaycanda qərar qəbuletmə mərkəzində söz sahibi olan insanlar həmin şəxsin COP29-da ən çox diqqət mərkəzinə düşməsi üçün əllərindən gələni etdilər.

Ölkədə nadir insan tapılar ki, Frenk Pelloninin kim olduğunu və Azərbaycan-Ermənistan münaqişəsində mövqeyini bilməsin.

ABŞ-nin erməni lobbisi tərəfindən maliyyələşdirildiyi iddia edilən konqresmen daim Azərbaycan əleyhinə bəyanatları, ölkənin ərazi bütövlüyünü şübhə altına salan çıxışları və hərəkətləri ilə yadda qalıb.

Təbii ki, illərboyu erməni tərəfinin mövqeyini müdafiə edən şəxsin Azərbaycana 2-3 günlük səfəri zamanı mövqeyinin dəyişməsinə ümid etmək sadəlövhlük olardı. Amma “QHT nümayəndələri” adlandırılan şəxslərin etiraz aksiyası vasitəsilə də Frenk Pellonini səhv mövqedə olduğuna inandırmağa ümid etmək lazım deyildi.

Hər şey nəticəyə görə qiymətləndirilir. Etiraz aksiyası adlandırılan hadisələrin nəticəsi isə göstərdi ki, yuxarıda adıçəkilən qərar qəbuletmə mərkəzində sözükeçənlər səhv buraxıblar.

Əslində isə Azərbaycanda nəzarət altında olan medianın yazmaq istəmədiyi nəticə nədən ibarət oldu:

  • Sırf iqlim dəyişikliklərinə həsr edilən COP siyasi arenaya çevrildi;
  • ⁠Frenk Pelloni bu illər ərzində Azərbaycanın əleyhinə olmaqda haqlı olduğunu özü üçün bir daha təsdiq etdi;
  • Bütün baş verənlər bir neqativ olaraq Frenk Pelloni və ona təəssübkeşlik edənlər tərəfindən İlham Əliyevin adına yazıldı.

Prezident İlham Əliyev isə qərar qəbuledənlərin məsləhətlərinə qulaq asıb, bu aksiyalara mümkün razılığını versə də, özü fərqli addım atdı – Amerikan konqresmen və senatorlarını qəbul etdi, Frenk Pellonidən başqa. Azərbaycan cəmiyyəti üçün məhz saymazlıq ən düzgün qərar idi və qərar qəbuletmə mərkəzində sözükeçənlərin də qərarı bu qəbildən olmalı idi.

Frenk Pelloninin Azərbaycana səfəri sükutla qarşılanmalı, mətbuatın onu görməzliyə vurması lazım idi.

Belə olan halda erməni lobbisinə qulluq etdiyi iddia olunan konqresmen Bakıda özünü ulduz kimi hiss etməzdi.

Verilən səhv qərar nəticəsində Frenk Pelloni aeroporta etirazçıların hərəkətləri fonunda özünə qalib görkəmi verərək, avtomobilinə oturdu, COP məkanında həmin an üçün ən populyar şəxsə çevrildi.

Bakıda iki gün qaldıqdan sonra ölkəsinə qayıtdı. Dövlət başçısının nəzərində verdikləri qərarın düzgün olduğunu sübut etmək üçün qərar qəbul edənlərin rəhbəri yerli mətbuata bunu Frenk Pelloninin qorxub qaçması kimi yazmağı tapşırdı.

Bir daha təkrar etmək yerinə düşər ki, bütün baş verənlər bir neqativ kimi Prezident İlham Əliyevin adına yazıldı və nəticədə artıq ABŞ-də olan Frenk Pellonidən belə bir paylaşım gəldi:

“Əliyev mənə mane olmaq üçün ciddi aksiyalar təşkil etsə də, mən Ermənistanın suverenliyi, həbsdə olan ermənilərin azad edilməsi, regiona sakitlik gətirəcək sülh sazişi üçün mübarizəmi davam etdirəcəyəm”.

İndi isə Prezident İlham Əliyev özünə sual verməlidir – əgər Frenk Pelloniyə qarşı Bakıda kəskin addımların atılmasını mənə məsləhət verənlərin təklifinə razılıq verməsəydim, Frenk Pelloni sosial şəbəkələrdə nə yazacaqdı?

P.S. Norveç Azərbaycandakı səfirliyini bağlamaq haqqında bəyanat verərkən, o zaman Xarici İşlər Nazirliyinin mətbuat katibi işləyən, hazırda Azərbaycanın Fransada səfiri olan Leyla Abdullayeva çox konstruktiv bir bəyanatla çıxış edib, rəsmi Bakının buna təəssüf etdiyini, lakin Norveç hökumətinin qərarına hörmətlə yanaşdığını bildirmişdi. Bundan bir gün sonra o zaman Prezident Administrasiyasına yeni təyin edilən Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həddən artıq aqressiv bir bəyanatla çıxış etdi. O zaman bunu ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun təsiri ilə əlaqələndirdilər. Bəs indi belə məsələləri kimin adına yazmaq lazımdır?

Ana səhifəMənim FikrimcəFrenk Pellonini Bakıda qəhrəmana çevirən Azərbaycan məmurları