“Freedom Now” Aytac Tapdığın anasının zorakılığa məruz qalması ilə bağlı bəyanat yayıb

Aytac Tapdıq və Dilrubə Amanova

“Freedom Now” Beynəlxalq İnsan Haqları Təşkilatı Meydan TV-nin jurnalisti Aytac Tapdığın (Əhmədova) anasının Bakı Ağır Cinayətlər Məhkəməsində zorakılığa məruz qalması ilə bağlı bəyanat yayıb:

Təşkilat bəyanatında siyasi məhbus ailələrinin fiziki zorakılığa məruz qalmasını pisləyib:

“Biz həbsdə olan Meydan TV jurnalisti Aytac Tapdığın anası Dilrubə Amanovanın ötən həftə məhkəmədə fiziki zorakılığa məruz qalması barədə yayılan xəbərlərdən dərin narahatlıq keçiririk. Azərbaycan hakimiyyətini siyasi məhbusların ailə üzvlərinə qarşı təzyiq və hədə-qorxuya son qoymağa çağırırıq”.

İyulun 24-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində Aytac Tapdığın anası Dilrubə Amanova Penitensiar Xidmətin əməkdaşı tərəfindən zorakılığa məruz qalıb. 

Bu barədə Amanova sosial şəbəkədə məlumat yayıb.

Amanova bildirib ki, həmin şəxs onu iclas zalını tərk edənədək itələyib, daha sonra “Rədd ol!” deyərək koridordakı pilləkənləri sürətlə enərək məhkəmə binasını tərk etməsini istəyib.

“Məhkəmə bitdikdən sonra ön sıradan qabağa kecib, hamı kimi qızımla, uşaqlarla sagollaşırdım. Nə baş verdiyini anlamadım. Yanımda iki nəfər, irəlidə isə Penitensiarın işçisi və Meydan TV-nin həbs olunan uşaqları var idi. Bu vaxt mənim qolumun altından nəyinsə yapışdığını hiss etdim. Bir anlıq qorxdum və baxdım ki sol tərəfdən bir əl mənim qolumun altından tutub çəkir. Sonradan həmin şəxsin Penitensiarın işçisi olduğunu anladım”.

Amanova qeyd edib ki, hadisənin niyə baş verdiyini, son anda niyə belə bir zorakılığa məruz qaldığını anlamayıb. O bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edəcək. 

Ana səhifəSiyasət“Freedom Now” Aytac Tapdığın anasının zorakılığa məruz qalması ilə bağlı bəyanat yayıb