Fransanın Rusiyada gözlənilməz kino ticarəti uğuru

Fransa kinosu. Foto: AlexLMX/shutterstock

Müharibədən sonra Rusiya Fransa kino istehsalı üçün ikinci bazara çevrilib

2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi anti-müharibə sanksiyaları mədəniyyətdən də yan keçməyib.

Rusiya mədəniyyətinin boykot edilməsi bir çox sahələr, xüsusilə də kinoya və kinoteatrlara ağır zərbə vurub.

Amerikanın beş nəhəng kino istehsalçısı – “Disney”, “Universal”, “Sony Pictures”, “Warner Bros.” və “Paramount” Rusiya bazarını tərk edib.

Rusiya Kino Sahibləri Assosiasiyasının 2022-ci ilin martında yaydığı bəyanatda deyilirdi ki, münaqişə fonunda tətbiq edilən sanksiyalar ucbatından ölkə kinoteatrları gəlirlərinin 80 fazini itirə bilər.

Assosiasiyanın məlumatında bildirilirdi ki, Rusiya istehsalı olan filmlərin kəmiyyət və keyfiyyəti kinoteatrların məzmununa uyğun deyil.

Üstəlik, tamaşaçı tələbatını tam ödəməyə imkan vermir.

Qurum böhranın aradan qaldırılması məqsədilə hətta Rusiyanın Mədəniyyət Nazirliyi və Kino Fonduna müraciət edib.

Hər iki qurum ən qısa zamanda ölkə kinoteatrlarında yerli filmlərin nümayişinə dəstək proqramı hazırlayıb həyata keçirməyə borcludur. Bu vəziyyətin nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Ona görə də kinoteatrları işlək vəziyyətdə saxlamaq, film nümayişlərinin dayanmasının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir”, – Assosiasiyanın məlumatında deyilirdi.

Nəticədə 2022-ci ildə Rusiya kino bazarının həcmində 42% azalma olub.

Amerika filmlərinin prokatı dayanandan sonra isə bazara  Fransa filmləri girib.

2023-cü ilin nəticələrinə görə, Rusiyada ən çox vəsait toplamış TOP-20 filmlər arasında cəmi dördü xarici film idi (2021-ci ildə 16-sı).

Bu dördünün arasında ikisi Fransa istehsalı idi. Nəticə etibarilə, 2023-cü ildə Rusiya Fransa kino istehsalı üçün öz ölkəsindən sonra ikinci bazara çevrilib.

“UniFrance” assosiasiyasının məlumatında qeyd edilir ki, 2023-cü il Rusiyada Fransa istehsalı olan filmlərə 7,1 milyon bilet satılıb, kassa gəlirləri 21,7 milyon avroya çatıb.

Bu da o deməkdir ki, fransız filmləri Rusiyada ötən ildə tamaşaçı sayına görə birinci yerə çıxıb.

Rusiyada ən çox gəlir gətirən filmlər “Miraculous” (3,5 milyon tamaşaçı – Rusiyada son 25 ildə Fransa filmi üçün rekorddur, 1877 kinoteatrda nümayiş etdirilir) və “Jeanne DuBarry” (1 milyondan çox tamaşaçı) olub.

Fransa kinosunun Rusiyadakı nəticələri ilk növbədə Amerika mətbuatının diqqətini çəkib.

“Deadline” Fransanın film ixracının 20%-nin Rusiyanın payına düşdüyünü təxmin edir və Avropa ilə münasibətlərin (Ukraynada baş verən müharibə fonunda-red) ən aşağı nöqtədə olduğu bir vaxtda nəticələri “sürpriz” adlandırır.

“Le Figaro” yazır ki, “Miraculus” (dünya üzrə 7,15 milyon bilet) filmi xaricdə Fransanın özündən (1,6 milyon) qat-qat çox tamaşaçı cəlb edib.

Üstəlik, bu rəqəmin yarısı nümayişlərin sayına görə Fransa kinosunun aparıcı ixrac bazarına çevrilmiş Rusiyadan gəlib.

“Les Echos” isə yazır ki, Avropa İttifaqının tətbiq etdiyi ixrac məhdudiyyətlərindən təsirlənməyən fransız filmlərinin Rusiyada yayılması sərfəlidir.

Fransanın “Films du Losange” şirkətinin satış departamentinin rəhbəri Alis Lesort isə jurnalistlərə deyib ki, Fransa və Avropa kinosunun Rusiyaya satılması hökumət təbliğatına alternativdir və mədəni boykotlar nadir hallarda effektivdir.

Ana səhifəMədəniyyətFransanın Rusiyada gözlənilməz kino ticarəti uğuru